AZ EN RU

Şəfqət və mərhəmət duyğularının təntənəsi RAMAZAN ayı

Artıq bir neçə gündür ki, müqəddəs Ramazan ayının nuru ilə ruhumuz, qəlbimiz, evimiz, elimiz, yolumuz aydınlanır. Bu mübarək ay oruc tutmaqla ruhən paklaşan müsəlmanlar bununla həm İslam dininin əsas qaydalarından birini yerinə yetirir, həm də bir ay nəfsinə qarşı öz iradələrini sınayırlar. Bu bir növ Allaha sevginin, bağlılığın ifadəsidir, Uca Yaradanın qarşısında itaətkarlıq və bəndəliyi izhar etməkdir. Şəhri ramazanda oruc tutanlara sonsuz fərəh və iman sevgisi bəxş edilir. İnsanları Allahın lütfünə daha da yaxınlaşdıran bu müqəddəs ay onlara yüksək mənəvi dəyərlər, ali bəşəri hisslər təlqin edir. Uca Allah ramazanda insanlara, belə demək mümkündürsə, daha çox savab qazanmaq, günahlarının bağışlanması üçün fürsət yaradır, qəlblərində xoş əməllərə meyli artırır, nəfsə və şərə qalib gəlməyin və ədalətsizliyi islah etməyin yollarını göstərir. 
Mərhəmətli qəlblərin, duyğulu könüllərin, Ulu Tanrının dərgahına səmimi hisslərlə, sonsuz arzularla əl açıb dua edənlərin əziz ayıdır, Ramazan. Bu ay sanki göy üzündən yer üzünə rəhmət, bərəkət, sevgi yağır. İnsanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, ilahi hikmətə bağlılığın təntənəsi daha çox bu ayda təcəssüm olunur.  İnsan Allaha qəlbən sevgi və bağlılıq hissini bu ayda daha dərindən duya bilir.  Bu hisslərin sərhədsiz, hüdudsuz olduğunu bütün varlığı ilə dərk edir. Əgər tutduğumuz orucda səmimiyyət ətri, Yaradana pak sevgi hissi duyulursa bu hisslər insanı saflaşdırır, onu xoş əməllərə səsləyir. 
Ramazan ayında diqqət edəcəyimiz bir çox məqamlar var. Bu ayda əlimizə, gözümüzə, dilimizə hakim olmaq, nəfsimizi qorumaq kimi öhdəliklərimizdən ziyadə, diqqət edəcəyimiz əsas məqamlardan biri də düzgün qidalanmaqdır. Mütəxəssislər hesab edirlər ki, oruc tutanların özlərini daha gümrah hiss etmələri üçün iftar süfrələrinin dəyərli qidalarla zəngin olması vacibdir. Ramazan ayında keyfiyyətli qidalanmaq zəruridir. Belə ki, suya və qidaya olan tələbatı ödəmək üçün imsakda mütləq yemək lazımdır. Çünki imsakda qida qəbul etməmək, bütün günü ac qalmaq, ya da axşama kimi yatmaq, axşam iftar zamanı isə normadan artıq və fasiləsiz qida qəbul etmək həm dini nöqteyi-nəzərdən, həm də tibbi baxımdan düzgün deyil. İmsakda insanlar ona enerji verəcək qidalar yeməlidir. Oruc tutanlar, ilk növbədə, duzlu qidaları siyahıdan çıxarmalıdır. Mütəxəssislər deyirlər ki, səhər yataqdan duran kimi iki stəkan su içmək insanı gün ərzində xoş əhvali-ruhiyyədə saxlayır. Əgər səhər düzgün qida qəbul etsək, gün boyu həm su, həm qidalanma, həm də enerji balansımızı iftara qədər qorumuş olarıq.
İftar zamanı isə, ilk növbədə, süfrə mədəniyyətinə əməl etmək lazımdır. İftar açmağın da öz qaydaları var. Oruc bir stəkan su ilə açılır. Həkimlər deyirlər ki, iftardan öncə bir stəkan su mədəni rahatladır. Bir neçə dəqiqə sonra isə hazırlanan yeməkləri yemək olar. Menyuda sulu yeməklərin olması vacibdir. Əlbəttə, biz təkcə imsak və iftar qaydalarına əməl etməklə oruc sayılmırıq. Əgər bir ay sonra nəfsimizə sahib çıxa bilmədiyimiz həyatımıza davam ediriksə, deməli, ramazanda ac qalmaqdan savayı heç bir savab iş görməmişik. 
Ramazan Allahı dərk etmək, ruhən təmizlənmə və Uca Yaradana yaxınlaşma ayıdır. İnsanlara doğru yol göstərən, haqqı batildən ayıran müqəddəs kitabımız “Qurani-Kərim”in Ramazan ayının gecələrinin birində nazil olması ürəyimizdəki Tanrı sevgisini daha da artırır. Həmin gecə Qədr və ya Əhya gecəsi adlanır. “Qurani-Kərim”də bu gecə ilə bağlı “Min aydan daha xeyirlidir”, – deyilir. Min ayı ilə çevirdikdə isə 83 ilə bərabər olur. Yəni bir insan ömrü qədər savabı bir gecədə qazanmaq imkanı verir bizə bu ay. Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin  gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarətə gedir, ruhlarına dualar oxuyurlar. Bir ay boyunca oruc tutmaq hər bir müsəlman üçün fərz olunduğu kimi, Ramazan bayramında da fitrə vermək vacibdir. Peyğəmbərimizin hədislərindən birində deyilir ki, Allah bəndəsindən tələb olunan sədəqə verilməyənədək Ramazan ayında tutulmuş oruc yerlə göy arasında qalır.
Ramazan bütün müsəlmanlar üçün əzizdir, müqəddəsdir. Bu ayı İslam dininə qəlbən bağlı olan xalqımız neçə əsrlərdir ki, yüksək iman, inam və ruh yüksəkliyi ilə qarşılayır. Təəssüflər olsun ki, sovet hakimiyyəti dövründə başqa ibadətlər kimi oruc tutmaq da qadağan idi. Amma xalqımız buna baxmayaraq, ramazan ayında uzun illər gizli oruc tutub. Elə ki müstəqilliyimiz bərpa edilib, insanların vicdan azadlığı da bərqərar olunub, ibadətlərə münasibət  dəyişilib. Ramazan bayramı ölkəmizdə dövlət səviyyəsində keçirilməyə başlanılıb. Tarixboyu öz mənəvi dəyərlərini uca tutmuş Azərbaycan xalqı artıq uzun illərdir ki, dünya müsəlmanlarının mübarək Ramazan ayını könül xoşluğu ilə qarşılayır, böyük əhvali-ruhiyyə ilə yola salır.  
Arzu edirik ki, bu Ramazan da xalqımız üçün arzulara qanad açdıran, ürəkləri riqqətə gətirən, qəlblərə sevinc bəxş edən ay olsun. Minarələrdəki işıqlardan məscidlərdəki çilçıraqlara, insanların ruhundakı paklıqdan könüllərdəki aydınlıqlara qədər hər yeri öz işığı ilə sonsuz nura qərq edən, qəlbimizi xoş bir meh ilə oxşayan Ramazanda səmimi duyğularla oruc tutan bütün müsəlmanların duaları qəbul olsun, Uca Yaradan dövlətimizə güc-qüdrət, ölkəmizə əmin-amanlıq, xalqımıza xeyir-bərəkət və bolluq bəxş etsin!  

Gülcamal TAHİROVA

Nəşr edilib : 16.03.2024 19:15