AZ EN RU

Səfirlik: ABŞ-da Azərbaycan vətəndaşlarının seçki hüququnun təmin edilməsi məqsədilə tədbirlər görülür

Bu il fevralın 7-nə təyin edilmiş prezident seçkilərində Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan vətəndaşlarımızın seçki hüququnun təmin edilməsi məqsədilə Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən mütəmadi olaraq müvafiq tədbirlər görülür.
Bu barədə “secki-2024.az” saytının sorğusuna cavab olaraq səfirlikdən bildirilib.

Qeyd edilib ki, fevralın 7-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində Amerika Birləşmiş Ştatlarında yaşayan vətəndaşlarımızın seçki hüququnun təmin edilməsi məqsədilə Seçki Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq ABŞ-dakı səfirlikdə seçki məntəqəsi yaradılıb, məntəqə seçki komissiyasının üzvləri, katibləri və sədri seçilib.

Ölkə hüdudlarından kənarda daimi yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan 18 yaşına çatmış vətəndaşlarımızın seçki hüququnun təmin edilməsi məqsədilə onlar qeydiyyata alınaraq səfirlik tərəfindən seçici siyahıları hazırlanıb və Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Qanunvericiliyə uyğun olaraq, ABŞ-da Azərbaycan prezidenti seçkiləri fevralın 7-də yerli vaxtla saat 08:00-19:00-da keçiriləcək.

Azərbaycanın ABŞ-dakı səfirliyi vətəndaşlarımızı prezident seçkilərində fəal şəkildə iştiraka və seçki hüquqlarından istifadə etməyə dəvət edir.

Nəşr edilib : 25.01.2024 13:33