AZ EN RU

Səfir Petr Mixalko: “Naxçıvanda çox güclü qeyri-neft sektorunun olması, sənayenin, istehsalın inkişaf etməsi təqdirəlayiq haldır”

    Azərbaycan Respublikasında fəaliyyət göstərən Avropa İttifaqının nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfərə gəlib. Səfər çərçivəsində Naxçıvan Biznes Mərkəzində olan qonaqlara məlumat verilib ki, mərkəzin sərgi salonunda muxtar respublikada fəaliyyət göstərən 55 sahibkarlıq subyektinin, 102 müəssisənin 171 adda 1330 çeşiddə məhsulları nümayiş olunur. Muxtar respublikada sahibkarlığın bütün parametrlər üzrə inkişafı yerli istehsalın həcminin artmasına və xarici ticarət əlaqələrinin genişlənməsinə töhfə verib, ixracyönümlü məhsul istehsalına nail olunub. Nümayəndə heyəti mərkəzdə sərgilənən xarici ölkələrə ixrac olunan müxtəlif yerli məhsullarla əyani tanış olub, tikinti materialları, “Badamlı”, “Sirab”, şirniyyat, geyim, avtomobil, mebel və digər nümunələrin istehsalını, keyfiyyətini yüksək qiymətləndiriblər.

    Naxçıvan Günəş Elektrik Stansiyası, “Badamlı” Mineral Sular Zavodu, “Gəmiqaya Şərab Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq zamanı qonaqlara muxtar respublikada bərpa olunan enerji mənbələrinin yaradılması, “Sənaye ili” olan 2022-ci ildə sənayeləşmənin sürətləndirilməsi istiqamətində görülən işlər, iqtisadi potensialın, ixrac imkanlarının genişləndirilməsi, müəssisələrin fəaliyyəti, obyektlərdə quraşdırılan müasir avadanlıqların işləmə mexanizmi, məhsulların keyfiyyət göstəriciləri barədə ətraflı məlumatlar verilib, əyani tanışlıq zəngin təəssürat yaradıb.

    Avropa İttifaqının Azərbaycandakı   nümayəndə­liyinin rəhbəri səfir Petr Mixalko “Şərq qapısı” qəzetinə müsahibəsində səfərin məqsədi, keçirilən görüşlərin nəticələri barədə danışıb, muxtar respublikanın iqtisadi potensialı, gələcək əməkdaşlıq əlaqələri haqqında fikirlərini bölüşüb:
    – Avropa İttifaqına üzv olan ölkələrin Azərbaycandakı səfirləri, həmçinin ticarət palataları və Avropa İttifaqına üzv olan ölkələrin şirkətlərinin təmsil olunduğu bir nümayəndə heyəti ilə Naxçıvana işgüzar səfər etmişik. Əsas məqsəd Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq əlaqələrini genişləndirməkdir. Yerli işgüzar dairələr, iqtisadi əməkdaşlıq, investisiya qoyuluşu, ticarət baxımından Naxçıvanın potensialını öyrənmək, gələcəkdə inkişaf və əməkdaşlıq baxımından bu potensiala uyğun təkliflər etmək arzusundayıq. Bildiyimiz kimi, Avropa İttifaqı Azərbaycanın əsas iqtisadi, ticarət tərəfdaşıdır və bu il Azərbaycanla ticarət dövriyyəsində yeni bir rekord əldə edilib. Azərbaycan məhsulları, o cümlədən qeyri-neft sektorundan olan məhsullar Avropa İttifaqına üzv olan ölkələrin bazarlarına çıxarılır. Avropa İttifaqı Azərbaycan üçün, həmçinin investisiya qoyuluşu baxımından da ən böyük tərəfdaşdır. Bu əməkdaşlığın daha da inkişaf etdirilməsi, əhaliyə müvafiq faydanın təmin olunması üçün olduqca böyük potensial vardır. Məhz gəlmişik ki, Naxçıvana da bu baxımdan dəstək verək. 
    Görürük ki, Naxçıvanda güclü iqtisadi potensial vardır. Düzü, bu mənim birinci səfərimdir. Ancaq Avropa İttifaqına üzv olan ölkələrin səfirlərinin bir neçəsi əvvəllər Naxçıvanda olub, bu diyarın inkişafına bələddirlər. Burada müxtəlif məhsullar vardır ki, həmin məhsullar Azərbaycanda tanınır, digər ölkələrə, o cümlədən Avropa İttifaqı ölkələrinə ixrac olunur. Əlbəttə, bu artımı daha yüksək səviyyəyə çıxarmaq, Avropa bazarlarına ixrac etmək üçün böyük potensial vardır. Əsas məsələ ondan ibarətdir ki, burada çox güclü qeyri-neft sektoru vardır, sənaye, istehsal inkişaf edir. Bu da çox müsbət perspektivlərdən xəbər verir. Avropa İttifaqı da bu perspektivə dəstək verməyə hazırdır. Ya şirkətlərlə birbaşa əlaqələr qurmaqla, ya da investorları Naxçıvana sövq etməklə bu işə töhfə vermək olar. Bundan əlavə, digər vasitələr, layihələr də vardır. Misal üçün biz bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin alınmasına pul yatıra, rəqəmsal transformasiya sahəsinə, yerli inkişaf məsələlərinə, Naxçıvanda fəaliyyət göstərən bələdiyyə təsisatlarına da inkişaf baxımından müvafiq yardım göstərə bilərik. Bildiyiniz kimi, Avropa İttifaqı iqtisadi və investisiya planını bəyan edib. Azərbaycan üçün bu plan çərçivəsində 2 milyard avro vəsait səfərbər ediləcək və bu da inkişaf üçün çox gözəl bir dəstək vasitəsidir. Bizim əhəmiyyət kəsb edən 5 əsas sahəmiz vardır. Bunlara bərpa olunan enerji mənbələri, rəqəmsal transformasiya, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək, yaşıl iqtisadiyyata keçid, kənd ərazilərinin inkişafını təmin etmək daxildir. 

Nail ƏSGƏROV

Nəşr edilib : 03.11.2022 21:46