AZ EN RU

"Şəffaflıq günümüzün tələbidir" mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasında mikro və kiçik sahibkarlıq subyektlərinin iştirakı ilə Azərbaycan Respublikasının vergi sistemi, mikro sahibkarlıq subyektlərinə tətbiq edilən vergi güzəştləri və azadolmaları mövzusunda tədbir keçirilib. 
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılov bildirib ki, iqtisadiyyatda şəffaflığın təmin edilməsi prioritet vəzifə olaraq müəyyən edilib və son illərdə “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması istiqamətində ardıcıl və sistemli işlər aparılır. Vurğulanıb ki, ölkə iqtisadiyyatının sürətli inkişafı üçün vergi sistemi qarşısında qoyulan yeni tələblərin qısa zaman ərzində muxtar respublikada tətbiqinə başlanılıb və həyata keçirilən struktur islahatları müsbət nəticələrin əldə olunmasına şərait yaradıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində Naxçıvan şəhərində Vergi ödəyicilərinə xidmət mərkəzi sahibkarların və vətəndaşların istifadəsinə verilib. Muxtar respublikada fəaliyyət göstərən vergi ödəyiciləri üçün vergi xidmətlərinin əlçatanlığının artırılması və könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə nail olunması məqsədilə qarşıdakı dövrdə xidmət mərkəzləri şəbəkəsinin daha da genişləndirilməsi nəzərdə tutulur. Diqqətə çatdırılıb ki, muxtar respublika iqtisadiyyatında şəffaflaşma üçün 2023-cü ilin ötən dövründə yumşaq keçid tətbiq edilib, daha çox maarifləndirmə, məlumatlandırma xidmətlərinin əlçatanlığının təmin edilməsi, vergi nəzarəti tədbirlərinin minimuma endirilməsinə üstünlük verilib. 
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Zahid Qənbərov mikro və kiçik sahibkarların şəffaf fəaliyyəti üçün nəzərdə tutulmuş vergi güzəştləri və vergi qanunvericiliyinin tələblərinin pozulmasına görə yarana biləcək risklər barədə təqdimat edib.
Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, o cümlədən vergi ödəyicilərinə vergi uçotunun dürüst aparılması və şəffaflaşmanın təmin olunması üçün çağırış edilib.

Nəşr edilib : 05.10.2023 20:31