AZ EN RU

Şəffaflıq günümüzün tələbidir

    Naxçıvan Muxtar Respublikasında mikro və kiçik sahibkarlıq subyektlərinin iştirak etdikləri tədbirdə Azərbaycan Respublikasının vergi sistemi, mikro sahibkarlıq subyektlərinə tətbiq edilən vergi güzəştləri və azadolmaları barədə danışılıb. 
    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılov bildirib ki, iqtisadiyyatda şəffaflığın təmin edilməsi prioritet vəzifə olaraq müəyyənləşdirilib və son illərdə “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması istiqamətində ardıcıl və sistemli işlər aparılır. Vurğulanıb ki, ölkə iqtisadiyyatının sürətli inkişafı üçün vergi sistemi qarşısında qoyulan yeni tələblərin qısa zaman ərzində muxtar respublikada tətbiqinə başlanılıb və həyata keçirilən struktur islahatları müsbət nəticələrin əldə olunmasına şərait yaradıb. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində Naxçıvan şəhərində Vergiödəyicilərinə Xidmət Mərkəzi sahibkarların və vətəndaşların istifadəsinə verilib. Muxtar respublikada fəaliyyət göstərən vergiödəyiciləri üçün vergi xidmətlərinin əlçatanlığının artırılması və könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə nail olunması məqsədilə qarşıdakı dövrdə xidmət mərkəzləri şəbəkəsinin daha da genişləndirilməsi nəzərdə tutulur. 
    Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Vergiödəyicilərinə Xidmət İdarəsinin rəisi Zahid Qənbərov mikro və kiçik sahibkarların şəffaf fəaliyyəti üçün nəzərdə tutulmuş vergi güzəştləri və vergi qanunvericiliyinin tələblərinin pozulmasına görə yarana biləcək risklər barədə təqdimat edib. 
    Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.    

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin 
mətbuat xidməti

Nəşr edilib : 06.10.2023 20:27