AZ EN RU

Şəffaf vergi siyasəti günün tələbidir

Muxtar respublikada bu sahədə müsbət dinamika müşahidə olunur

Sosialyönümlü bazar iqtisadiyyatının formalaşdırılmasında, qlobal dünya iqtisadiyyatına inteqrasiyada çevik vergi prinsipləri mühüm rol oynayır. Təsadüfi deyil ki, şəffaf vergi siyasətinin tətbiqi ölkədə əlverişli biznes mühitinin yaradılması ilə yanaşı, vergi ödəyiciləri üçün vergi xidmətlərinin əlçatanlığının artırılması və könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə də öz müsbət təsirini göstərir. Son dövrlərdə Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir. Xüsusilə ardıcıl xarakter daşıyan islahatlar nəticəsində şəffaf vergi sisteminin qurulması, cəlbedici vergi mühitinin formalaşdırılması ümumi iqtisadi inkişafda əsas məqsədlərdən biri kimi qarşıya qoyulur. Görülən işlərin nəticəsidir ki, son bir il ərzində Naxçıvan, Ordubad və Şərur şəhərlərində Vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib. Əsas məqsədi vətəndaş məmnunluğunun təmin olunmasına xidmət etmək olan bu mərkəzlərdə demək olar ki, bütün vergi xidmətləri göstərilir. Həmçinin, aparılmış struktur islahatlarında Vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin ən yüksək səviyyədə təşkili üçün bu sahədə fəaliyyət göstərən əməkdaşların sayı iki dəfədən çox artırılıb. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada vergi xidmətlərindən istifadə səviyyəsi də artıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən aldığımız məlumata görə, bu ilin yanvar-mart aylarında xidmət strukturlarında, ümumilikdə 7 986 şəxs qəbul edilib. Xidmət strukturları tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və sair məsələlərlə bağlı 10 130 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə çoxdur. Həmçinin cari ilin bu dövründə vergi ödəyiciləri ilə 25 görüş keçirilib, 166 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 1 300 müraciət üzrə 2 355 Asan İmza sertifikatı verilib.

Görülən işlərin nəticəsidir ki, 2024-cü ilin 1 aprel tarixinə aktiv vergi ödəyicilərinin sayı da ilin əvvəli ilə müqayisədə 9,2 faiz artaraq 16 936 olub, aktiv ƏDV ödəyicilərinin sayı isə 12,4 faiz artaraq 481 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 4,8 faiz artaraq 5 579-a çatıb.

Vergi ödəyicilərinin sayında da əvvəlki illə müqayisədə müsbət dinamika müşahidə olunur. Belə ki, 2024-cü ilin yanvar - mart aylarında Naxçıvan Muxtar Respublikasında 1 559 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 1467-si fiziki, 92-si isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 8,2 faiz artıb. Bunu da əlavə edək ki, cari ilin birinci rübündə kommersiya qurumlarının 60 faizi elektron qaydada, 40 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

Təbii ki, əldə olunan müsbət dinamika vergi daxilolmalarında da özünü göstərir. Belə ki, 2024-cü ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 1 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrünə nisbətən 28,9 faiz artıb və 7,3 milyon manatdan çox təşkil edib. Ümumilikdə isə 2024-cü ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 45,8 milyon manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 24,8 faiz və ya 9,1 milyon manat çoxdur. Proqnoz hesabı ilə baxsaq, daxilolmalar 116,1 faiz icra edilib. Bundan əlavə, nağdsız ödənişlərin təşviqi də diqqət mərkəzində saxlanılıb. Xidmətin məlumatına görə, 2024-cü il aprelin 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil nəzarət kassa aparatlarının sayı 3 222 ədəd olub. Bəhs edilən dövrdə belə nəzarət kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 91,4 milyon manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 64 milyon manat və ya 3,3 dəfə çoxdur.

Eyni zamanda cari ilin aprelin 1-nə “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,2 milyon manat ƏDV məbləği geri qaytarılıb ki, bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur və  319,2 min manat təşkil edib.

Beləliklə, iqtisadiyyatın dayanıqlılığını təmin edən şəffaflıq prinsipləri çevik vergi siyasətinin tətbiqində də mühüm rol oynayır. Statistikadan da göründüyü kimi, bu cür prinsiplərin tətbiqi müsbət dinamikanın əldə edilməsi ilə yanaşı, vergi orqanlarının fəaliyyətinə etimadı da yüksəldir.  

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 29.04.2024 11:49