AZ EN RU

Səfəvilərin tarixi Şərur döyüşü

    XV əsrin sonlarında Azərbaycanda mövcud olan siyasi dağınıqlıq Səfəvilərə dövləti birləşdirmək uğrunda mübarizə aparmalarına şərait yaradırdı. Səfəvilərin yüksəlişi monqol istilası dövrünə, yəni XIII əsrə təsadüf edir. O dövrdə monqolların işğal etdiyi bölgələrdə sufi təriqəti yaranmışdı. Sufi təriqətini təbliğ edən məktəblərdən biri də Ərdəbildə idi. Bu məktəbin və Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin İshaq əl-Musəvi əl-Ərdəbili idi. Bütün Ərdəbil əhalisi şeyxin müridləri hesab olunur və göstərişlərinə əməl edirdi. Səfəvilərin uğur qazanmasının əsas səbəbi o idi ki, onların təbliğ etdiyi sufilik ölkənin oturaq əhalisinin tələbini ifadə edirdi.

    XV əsrdə Səfəvi təriqətinə Şeyx Cüneyd və Şeyx Heydər başçılıq etmişdir. Onlar uğurlu yürüşlər ilə öz mövqelərini gücləndirmişdilər. Lakin  hər ikisi Azərbaycanın hakim qüvvələri olan Ağqoyunlu və Şirvanşahlar tərəfindən məğlub edilib öldürülmüşdülər. Eyni aqibəti Şeyx Heydərin böyük oğlu Sultanəli də yaşamışdı. Bu hadisələrdən sonra Şeyx Heydərin digər oğlu, gələcəkdə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıracaq 13 yaşlı İsmayıl qızılbaşların başına keçdi. Gənc İsmayılın iki əsas məqsədi var idi. Bunlardan biri düşmənlər tərəfindən xaincəsinə öldürülmüş atasının, qardaşının və babasının qisasını almaq, ikincisi isə Səfəvilərin başında durduğu Ərdəbil şeyxliyini böyüdüb dövlətə çevirmək idi. Bunları həyata keçirmək üçün öncə İsmayıl ətrafına güclü ordu yığmalı idi. Bunun üçün o, 1499-cu ildə Lahicandan Ərdəbilə, burada möhkəmlənə bilməyərək Ərzincana doğru hərəkət etdi. Yol boyunca onun tərəfdarlarının sayı dayanmadan artırdı. 1500-cü ildə Ərzincanda qızılbaşların müşavirəsi  oldu və qərara alındı ki, ilk zərbəni Şirvanşahlara endirsinlər. Bunun səbəbi o idi ki, əgər İsmayıl öncə Ağqoyunlular üzərinə hücum etsə idi, Səfəvilər Əlvənd, Murad və Fərrux Yasarın qüvvələri arasında qalacaqdı. Beləliklə, Səfəvilər öncə Şirvanşahlar üzərinə yürüş etməyi qərara aldı. 1500-cü ilin sonunda, Gülüstan qalası yaxınlığında, Cabanı adlı yerdə İsmayılla Şirvanşah arasında döyüş başlandı. Qızılbaş qoşununun sağ cinahında şamlı, solunda isə ustaclı tayfalarının döyüşçüləri mövqe tutmuşdular. İsmayıl özü isə mərkəzdə idi: təkəli, rumlu və zülqədər tayfaları gözətçi dəstələri (çərxçiyan) təyin edilmişdilər. 
    Bu döyüşdə hələ 14 yaşı tamam olmamış İsmayılın döyüş meydanında göstərdiyi şəxsi igidlik onun gələcəkdə qüdrətli bir hökmdar olacağından xəbər verirdi. Bir müddət sonra Səfəvilər Bakı qalasını mühasirəyə aldı və çətinliklə olsa da, oranı tuta bildilər.  Səfəvilərin sonrakı hədəfi Gülüstan qalası oldu. Onların məhz bu qalanı tutmaq istəməsinin səbəbi o idi ki, orada Səfəvilərə başağrısı ola biləcək xeyli sayda Şirvan qoşunu var idi və Səfəvilər buranı tutmadan başqa istiqamətə yürüş etsə idi, Şirvan yenidən müstəqilliyini bərpa edə bilərdi.  Gülüstan qalası yaxşı müdafiə olunan möhkəm qala idi. Buranı tutmaq Səfəvilər üçün çətin olacaqdı. Onlar qalanı mühasirəyə aldı və gözlənilən kimi mühasirə uzun çəkdi, qalanı tam tuta bilmədilər. Qalanın ələ keçirilməsinin yaxınlaşdığı bir vaxtda Səfəvilər mühasirəni yarımçıq qoyub cənuba doğru irəlilədilər. Buna əsas səbəb kimi, İsmayılın Əlvəndin 30 minlik qoşunla Şirvana yürüşə başlamasından xəbər tutması idi. Əgər İsmayıl Əlvəndi məğlub etsə idi,  o, Azərbaycanı birləşdirmək uğrunda ən böyük rəqibinə qalib gəlmiş olacaqdı.
    İsmayıl təcili qaydada mühasirəni dayandırıb, Əlvənd Mirzənin ordusunu Şirvana buraxmamaq üçün tədbirlər gördü və onun olduğu Naxçıvana doğru hərəkət etdi. Kür çayını keçmək niyyəti baş tutmayan Əlvənd Mirzə İsmayıla məktub göndərib, Şirvana qayıtmağı və həmin vilayəti idarə etməklə kifayətlənməyi tələb etsə də, rədd cavabı aldı. Belə olduqda, o, Naxçıvandan çıxıb şimal-qərbə doğru getdi və Şərur düzündə dayanaraq qəti döyüşə hazırlaşmağa başladı.
    Bu zaman Gülüstandan gələn qızılbaşlar Naxçıvana çatdı, Ağqoyunlu qoşunlarının burada olmadıqlarını görüb onlar da qərbə doğru irəlilədilər. Tez bir zamanda Ağqoyunlu düşərgəsinin yaxınlığına yetişərək orada yerləşdilər.
    Həsən bəy Rumlu səfəvi qüvvələrin 7000-i keçmədiyi məlumatını verirdi. Qızılbaş ordusunun sol cinahında Xadim bəy Xülafə, Məhəmməd bəy Ustaclı və Bayram bəy Qaramanlı, sağ cinahında isə Qaraca İlyas Bayburtlu, Piri bəy Qacar, Əli bəy Rumlu və digərləri mövqe tutmuşdu. Mərkəzə isə İsmayıl özü başçılıq edirdi. Ağqoyunlu ordusunun təqribi sayı isə bəzi mənbələrdə 10 min, bəzilərində isə 30 minə yaxın göstərilmişdir. Ağqoyunlu qüvvələrinin sağ cinahına Məmməd bəy və Qulabu bəy, sol cinahına isə Qaraca Mahmud və Xəlil bəy başçılıq edirdi. Mərkəzdə isə Əlvənd Mirzə özü yer tutmuşdu.
    Lakin Ağqoyunlu qoşununun sayca üstün olmasına baxmayaraq, Əlvənd Mirzənin qələbəyə ümidi az idi. Bu haqda İsgəndər bəy Münşi yazır ki, İsmayılın şücaəti və qorxmazlığı, həmçinin ölümü əbədi həyat bilən qızılbaşların fədakarlığı Ağqoyunluları bərk qorxuya salmışdı.
    Elə bu səbəbdən də Əlvənd Mirzə ordusunun döyüş meydanından qaçmasının qarşısını almaq üçün dəvələri ordu sırasının arxasına düzməyi və zəncirləməyi əmr etmişdi. O, ordusunun çoxluğuna güvənərək hücum əmri verdi. Döyüş 1501-ci ilin avqust ayında başladı. Səfəvi cinahı aypara şəklində açılaraq Ağqoyunluları ox atəşinə tutdu. Ağqoyunlular böyük itkilər verərkən İsmayıl Mirzənin əmri ilə mərkəz cinahda hücuma keçdi.
    Döyüş zamanı İsmayıl Mirzə başda Kərçiqay bəy olmaqla bir çox rəqibini qılıncdan keçirərək öz sərkərdəlik məharətini və şəxsi hünərini göstərdi. Qızılbaşların ardıcıl ümumi hücumu zamanı Ağqoyunlulardan Lətif bəy, Sidi Qazi bəy, Musa bəy, Qaraca Mahmud bəy öldürüldü. Vəziyyətin getdikcə Səfəvilərin xeyrinə dəyişdiyini görən Əlvənd Mirzə ordusuna geri çəkilmə əmri verdi. Bir tərəfdən zəncirlənmiş dəvələr, digər tərəfdən isə Səfəvi qüvvələri arasında qalan Ağqoyunlu ordusu darmadağın edildi.
    Döyüş Səfəvilərin qalibiyyəti ilə nəticələndi. Əlvənd Mirzə canını qurtararaq Ərzincana (bəzi mənbələrdə Diyarbəkirə) qaçdı. İsmayıl bu döyüşdən sonra Təbrizə daxil oldu və hakimiyyətini elan etdi.
    Səfəvilərin bu döyüşdə qələbə çalmasının əsas səbəblərindən biri yerli əhalinin Ağqoyunlulara rəğbət bəsləməməsi, əksinə, qızılbaşlara heç bir müqavimət göstərməyərək açıqcasına onların tərəfinə keçməsi idi. Deməli, Səfəvilərin burada uğur qazanmasında Naxçıvan əhalisinin də rolu olmuşdur. Digər tərəfdən isə yerli əhali hələ ilk vaxtlardan qızılbaşların hakimiyyətinə üstünlük vermişdir. Tarixçi-alim Rauf Məmmədov mənbələrə istinadən göstərmişdir ki, Naxçıvan bölgəsinin Səfəvi idarəçiliyinə daxil edilməsi qızılbaşların qüvvəsini müəyyən qədər möhkəmləndirmişdir. Bu qələbə gənc İsmayıla Naxçıvan və Qarabağ bölgələri ilə birlikdə bütün Cənubi Azərbaycanı və indiki Ermənistan Respublikasının şimalını qazandırdı. Yəni həmin vaxt Ağqoyunlu dövlətinin Əlvənd Mirzənin hakimiyyəti altında olan əraziləri tutuldu.
    Bəs bu döyüşün Naxçıvan ərazisində olmasını kim seçmişdi? Və yaxud döyüş Naxçıvan Muxtar Respublikasının hansı ərazisində baş vermişdi?
    Tarixçi-alim Mehman Süleymanovun apardığı tədqiqatlara əsasən Şərur düzünün döyüş meydanı seçilməsi Əlvənd Mirzənin təşəbbüsü idi. Buna görə də Əlvənd öz qoşunu ilə Təbrizdən Naxçıvana gəlmiş və elə döyüşü burada keçirtmək istəmişdi. Lakin sonradan fikrini dəyişmişdi. Çünki Naxçıvan və ətrafı böyük qoşunun fəaliyyəti üçün yararlı deyildi. Bir tərəfdən Araz çayı, digər tərəfdən dağlıq ərazi 30 minlik qoşunun hərəkətinə mane ola bilərdi. Buna görə də Əlvənd  qərbə, yəni  Çuxursədə doğru hərəkət etdi. O, Şərur düzünə çatanda buranın döyüş üçün əlverişli olduğunu görüb məhz burada düşərgə salmağı qərara aldı. 
    Şərur düzünün hansı ərazidə yerləşməsinə gəldikdə isə bu düzənlik Vəlidağ-Dəhnə yüksəkliyindən Qarabağlar-Qıvraq tirəsinədək uzanaraq Arazboyu düzənliyin böyük bir hissəsini tutur. Dəniz səviyyəsindən 780-850 metr mütləq yüksəklikdə yerləşməklə Araz çayı boyunca 14 kilometr enində və 30 kilometr uzunluqda olan bir ərazidə uzanır. Dağətəyi maili düzənlik olan Şərur düzənliyi cənub-şərqə doğru Qaraçoban, Tənənəm və Qarabağlar-Qıvraq kimi daha kiçik maili düzənliklərə bölünür. 
    Döyüş üçün məhz Naxçıvanın seçilməsi ilə bağlı digər məşhur bir iddiaya görə, İsmayıl Mirzə Gülüstan qalasının mühasirəsində olarkən ona xəbər gəldi ki, Əlvənd böyük bir qoşunla Kür çayı tərəfə gəlir. Bunu öyrənən İsmayıl Mirzə əmr etdi ki, Səfəvi qoşunu tez bir zamanda Kürün cənubuna keçərək Əlvəndin üzərinə hücum etsin. Lakin Səfəvilərin kəşfiyyatçısı Məhəmməd Xəlilin yolladığı çapar xəbər verdi ki, Əlvənd Naxçıvanda düşərgə salıb. Bunu eşidən İsmayıl Naxçıvana doğru irəliləməyə başladı. Yolüstü Əlvəndin göndərdiyi Osman bəy Mosullunu məğlub edərək özünü Ağqoyunluların düşərgəsinə çatdırdı.

    Beləliklə, Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edən Azərbaycan Səfəvilər dövlətinin qurulmasına aparan yol məhz qədim Azərbaycan torpağı olan Naxçıvandan keçmişdir. Fikrimizcə, bu hər zaman olduğu kimi, bəhs edilən dövrdə də Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində mühüm mövqeyə sahib olduğundan xəbər verir.

Məhəmməd Allahverdiyev,
Elnar Əhmədli
Naxçıvan şəhər A.Cəlilov adına 12 nömrəli tam orta məktəbin X sinif 
şagirdləri, “Sabahın tədqiqatçıları  – 2022” layihəsinin iştirakçıları
Elmi rəhbər: İlhami Əliyev 
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun 
Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri 

Nəşr edilib : 18.05.2022 20:12