AZ EN RU

Səfərin ikinci günü maraqlı və yaddaqalan olub

    Xəbər verdiyimiz kimi, avqustun 10-da Çin Xalq Respublikasının Çunçin şəhərinin Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədr müavini Çuy Çyanın başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.
    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsi Fuad Nəcəfli ilə görüşdə Azərbaycanın həm siyasi, həm də iqtisadi baxımdan ən strateji bölgələrindən olan Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikasının ən iri sənaye bölgəsi olan Çunçin şəhəri arasında dostluq və əməkdaşlıq əlaqələrinin gələcək inkişafı baxımından yaddaqalan olub. Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən görüş də əməkdaşlığımız yeni mərhələyə qədəm qoyacağını bir daha təsdiq edir. 
    Maraqlı və yaddaqalan ikigünlük səfərin ikinci günündə qonaqlar Naxçıvan Şəhər İcra Hakimiyyəti rəsmilərinin müşayiəti ilə əvvəlcə Duzdağ Fizioterapiya Mərkəzində olublar. Mərkəz barədə onlara ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Duzdağ mağaraları 1173 metr hündürlükdə və komfortlu, rahat hoteldən cəmi iki kilometr məsafədə yerləşir. Tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün yaradılmış və hər bir şəraitlə təchiz olunmuş Fizioterapiya Mərkəzi yeraltı və yerüstü hissələrdən ibarətdir. Bildirilib ki, mərkəzin yerüstü hissəsi Duzdağın bilavasitə özündə, “Duzdağ” hotelin ərazisində yerləşir. Yeraltı hissə isə dağda 300 metrdən artıq dərinlikdə yerləşir. Kompleks, ümumilikdə, 150-yə yaxın qonaq qəbul etmək imkanına malikdir.
    Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıqdan sonra qonaqlar muxtar respublikada fəaliyyət göstərən Naxçıvan Avtomobil Zavoduna ekskursiya ediblər. “Cahan Holdinq”in prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasovun da iştirakı ilə baş tutan tanışlıq qonaqlarda böyük maraq doğurub. Zavod haqqında onlara ətraflı məlumat verilib. Qeyd olunub ki, 2010-cu ildən fəaliyyət göstərən zavodda Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə “NAZ-Lifan” markası ilə istehsal olunan avtomobillər ilk vaxtlar baqaj hissəsi salonda olan (xetçbek) “320” və baqaj bölməsi salondan kənarda yerləşən (sedan) “620” modellərindən ibarət olub. 2014-cü ildən isə “NAZ-Lifan” markalı avtomobillərin “330”, “630” və “720” modellərinin kütləvi istehsalına başlanılıb. Sonradan isə  istər texniki göstəriciləri, istərsə də keyfiyyət baxımından daha komfortlu “NAZ-Lifan” markalı avtomobillərin “NAZ-Lifan X-50”, “NAZ-Lifan-820” modellərinin istehsalına başlanılıb. Həmçinin qeyd edilib ki, illik istehsal gücü beş min olan zavodda yeni “Maple X3 PRO” avtomobilləri də artıq alıcılara təqdim edilib. Ekskursiyanın sonunda “Cahan Holdinq”in prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov tərəfindən Çunçin şəhərinin Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədr müavini Çuy Çyana milli atributlarla işlənmiş miniatür xalça hədiyyə edilib. Sədr müavini Çuy Çyan tərəfindən Çunçin şəhərinin qida sektorunda önəmli yerə malik olan məşhur qırmızı qızıl çayı Vüqar Abbasova təqdim olunub. Qonaqlar gələcəkdə Naxçıvan Muxtar Respublikası ilə qurulacaq geniş biznes əlaqələrindən danışıblar. 
    Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq zamanı bildirilib ki, 2013-cü ildən istifadəyə verilən mərkəzin əsas iş istiqamətləri biznesin inkişafı məqsədilə sahibkarların maarifləndirilməsi, onlar arasında işgüzar əlaqələrin gücləndirilməsi, beynəlxalq və yerli əhəmiyyətli tədbirlərin, o cümlədən konfransların, forum və seminarların keçirilməsi, yerli istehsal məhsullarının, əl işlərinin sərgi və satışının təşkilindən ibarətdir. Ümumi sahəsi 2000 kvadratmetr olan mərkəzdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Sərgi ilə tanışlıq məqsədilə gələn ziyarətçilərə ixtisaslı kadrlar tərəfindən xidmət göstərilir. Həmçinin mərkəzin sərgi salonunda muxtar respublika iqtisadiyyatının dinamik inkişafını əks etdirən əsas sosial-iqtisadi göstəricilərin və son illər ərzində istifadəyə verilmiş mühüm infrastruktur obyektləri haqqında məlumatların əks olunduğu tablolar, eləcə də muxtar respublikada fəaliyyət göstərən 78 emal və xidmət müəssisəsi tərəfindən istehsal olunan məhsulların nümayişi həyata keçirilir. Həmçinin mərkəzdə sərgilənən muxtar respublika rəssamlarının rəsm əsərləri və yerli sənətkarların dekorativ-tətbiqi sənət, dulusçuluq, ağac üzərində oyma işləri ziyarətçilərin zövqünü oxşayır. Qeyd edək ki, mərkəzdə müxtəlif sərgilər də təşkil olunur.
    Səfərin sonunda qonaqlar “Cahan” Sənaye Kompleksi ilə yaxından tanış olublar, burada gedən iş prosesi, istehsalat təcrübəsi, o cümlədən kompleksin istehsal gücü ilə maraqlanıblar. 
    Qeyd edək ki, iki gün davam edən səfər bü gün başa çatıb. 

 Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 11.08.2023 16:21