AZ EN RU

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 10-cu ildönümü qeyd olunub

    Fevralın 19-da Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 10-cu ildönümünə həsr olunmuş tədbirdə əvvəlcə xidmətin və qurumun aparatının, eləcə də yerli idarə və şöbələrinin hərbi qulluqçuları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi qarşısına gül dəstələri qoyaraq ümummilli liderə ehtiramlarını bildirib, sonra dahi öndərin xatirəsini yaşadan muzey ilə yaxından tanış olublar.  

    Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində keçirilən tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
    Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mirzə Cəlilov açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmış, 20 fevral 2012-ci il tarixdə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətə başlamışdır. Xidmət bu gün yaranmasının 10-cu ildönümünü qeyd edir. Vurğulanıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin davam etdirdiyi ordu quruculuğu siyasəti uğurla həyata keçirilir. Ölkəmizdə ordu quruculuğu  islahatlarının  tərkib hissəsi olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətinin icrasına başladığı gündən etibarən istər idarəetmə mexanizminin təkmilləşdirilməsi, istər qanunvericilik, istərsə də çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması istiqamətində zəruri tədbirlər görüb. 
    Diqqətə çatdırılıb ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması ölkə rəhbərliyinin Naxçıvan Muxtar Respublikasına göstərdiyi diqqətin nümunəsidir. Ötən dövr ərzində xidmət qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gəlib. Qurum tərəfindən gənclərin hərbi xidmətə hazırlanması, səfərbərlik işinin qurulması, çağırışçıların ordu sıralarına çağırılması, təntənəli yolasalma mərasimləri, hərbi təhsilə marağın artırılması istiqamətində güclü təbliğat və maarifləndirmə işləri aparılır. Bununla belə, yeniyetmə və gənclərdə Vətənə məhəbbət hissinin yüksəldilməsi, milli-mənəvi dəyərlərin aşılanması, onların Azərbaycanın müstəqilliyi və  ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi istiqamətində  birgə fəaliyyətin həyata keçirilməsi, orta məktəblərdə müxtəlif tədbirlər təşkil edərək gənc­lərdə hərbi sahəyə diqqətin artırılması, hərbi-vətənpərvərlik təbliğatı sahəsində də böyük işlər görülür.
    Qeyd edilib ki, bu gün Silahlı Qüvvələrlə cəmiyyət arasında münasibətlərin tənzimlənməsində, ordu bölmələri üçün müxtəlif ixtisaslar üzrə çağırışçıların hazırlanmasında xidmətin mühüm rolu var. Xidmətin əsas vəzifələrindən biri də müəyyənləşdirilmiş vaxtda və qaydada hərbi vəzifəlilərin təlimlərə cəlb olunmasını təmin etməkdir. Dinc və müharibə dövründə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yüksək peşəkarlıq nümayiş etdirərək hərbi vəzifəlilərin toplanışa cəlb edilməsi üçün qarşısına qoyulmuş vəzifələri uğurla həyata keçirdi. Dövlətimizin hərtərəfli diqqət və qayğısını öz üzərində daim hiss edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti bundan sonra da Müzəffər Ali Baş  Komandan cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dövlətçiliyimizə bağlılıq prinsiplərinə sadiq qalaraq bu istiqamətdə bundan sonrakı fəaliyyətini daha da uğurla həyata keçirəcəkdir.
    Sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimovun imzaladığı əmrə əsasən 22 hərbi qulluqçu, 8 mülki işçi “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikası yubiley medalı ilə təltif olunub, o cümlədən 9 hərbi qulluqçu,   4 mülki işçi Fəxri fərmana layiq görülüb, 3 hərbi qulluqçuya,  4 mülki işçiyə təşəkkür elan edilib. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mirzə Cəlilovun əmrinə əsasən isə 7 əməkdaş Fəxri fərmana layiq görülüb, 37mülki işçiyə pul mükafatları təqdim edilib, 7 əməkdaşa təşəkkür elan edilib, bir qrup hərbi qulluqçuya növbəti hərbi rütbələr verilib.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 21.02.2022 19:50