AZ EN RU

Səfalı təbiəti, zəhmətkeş insanları, turizm üçün əlverişli məkanları ilə seçilir Unus kəndi...

    Əsrarəngiz, səfalı təbiəti, dörd bir tərəfi başıqarlı, vüqarlı, uca dağları, üzərində qartallar uçan sıldırımlı şiş qayaları, gözoxşayan yamyaşıl çəmənləri, dağlarının qoynundan coşub-daşan gur şəlalələri, dumduru bulaqları, qayalar arasından axan gursulu çayları, bir sözlə, bütün bu gözəllikləri özündə birləşdirib Ordubad rayonunun Unus kəndi... Azərbaycanda ən böyük şəlalələrdən biri sayılan Pəzməri, Qaplançay, Çimənək şəlalələri, dəniz səviyyəsindən 2000-2500 metr yüksəklikdə yerləşən Xəlilyurdu, Ağyurd, Alçalıq, Cərbas yaylaqları ilə dağ, kənd, yaşıl turizmin məkanıdır bu yaşayış məntəqəsi. Unus və Pəzmərini birləşdirən yoldan yuxarıda duruşu ilə ismətin, qadın ləyaqətinin daşlaşan rəmzinə çevrilən Gəlinqaya, XIX əsrin yadigarı olan kənd məscidi, Çimənək piri ilə qədimlik və tarixilik məskənidir. Dağlarında bitən nanəsi, kəklikotusu, yemişanı, baldırğanı, çaşırı, sumağı, yarpızı, bağlarının  gilası, cəvizi, tutu, qızılgülü, kartofu, lobyası, kələmi cana məlhəm, dərmandır. Gəzdikcə görürsən ki, hər obasında, hər dağ cığırında sehrli bir aləm var Unusun. Zəhmətkeş, ziyalı, qonaqpərvər, mehriban, islami dəyərlərə bağlı insanlarının bağçaları barlı-bəhərli, süfrələri zəngindir. Vənəndçayın üzərində yerləşən bu kənd elə Cənnətin özüdür...

    Kənd ağsaqqalı Əsədulla Həsənov deyir ki, Ordubad rayonunun mərkəzindən şimal-qərbdə, Zəngəzur silsiləsinin ətəyində yerləşir Unus kəndi: –  Deyilənə görə, bu yaşayış məntəqəsi keçmişdə Piçənis  kəndindən (Laçın rayonunda kənd) çıxmış bir qrup ailənin “Unusalı” adlı yerdə məskunlaşması nəticəsində yaranıb. Unus sözünün mənası türk dilində əniz/eniz – çuxur yer, tarla, əkin yeri, örüş mənasını ifadə edir. Keçmişdə mövcud olmuş XIII-XVIII əsrlərə aid tarixi abidələr, qəbirlər burada qədim türk mənşəli tayfaların – albanların yaşadığından xəbər verir. XIX əsrə aid kənd məscidi çiy kərpicdən tikilmişdi, bir qapısı var idi, sovet hökumətinin vaxtında anbara çevrilmişdi, lakin dövlətimizin qayğısı ilə bu gün kənd camaatı burada dini ibadətini rahat yerinə yetirir. “Dəyirman ding” deyilən yerdə su dəyirmanı var idi. Arxdan su axır, çarxı fırladır, taxılı üyüdür, un əldə edilir, beləliklə də, kənd sakinləri çörəyə olan ehtiyaclarını ödəyə bilirdilər. 1997-ci ildə baş verən təbii fəlakət nəticəsində bir sıra qədim abidələr kimi, su dəyirmanı da dağıldı. İctimai təsərrüfatlar ləğv edildikdən sonra  torpaqlar ki camaata paylandı, kəndli öz torpağının sahibinə çevrildi.  Unusda da bu proses uğurla həyata keçirildi. Kəndimiz böyüdü, evlər tikildi, hərə öz torpağını əkib-becərdi. Müstəqilliyimiz dövründə ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da böyük inkişaf, tərəqqi başladı, məktəblər tikildi, yollar çəkildi, ticarət obyektləri istifadəyə verildi. Bütün bunlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yorulmaz fəaliyyətinin, naxçıvanlılara göstərdiyi böyük diqqət və qayğının sayəsində mümkün oldu. 

    Müsahibim deyir ki, Unusun qışı sərt keçir, yollar da ki dar idi və palçıq olurdu. Çox vaxt qar, buz səbəbi ilə kəndə avtobus qalxmırdı. Bu gün isə qurulan müasir körpülər, yollar hesabına Unusdan Ordubada uzağı 20 dəqiqəyə çatırsan, qonşu Pəzməriyə isə 5 dəqiqəyə. Biz təsərrüfat adamlarıyıq. Dağlıq ərazilərdə kartof əkirik, ot biçirik, mal-qara saxlayırıq, yaylaqda qalırıq. İstənilən yerə gedib-gəlməyimiz indi asan və rahatdır. 

    Söhbətimiz zamanı öyrənirik ki, müsahibim 45 il Unus kənd məktəbində müəllim kimi çalışıb. 2014-2021-ci illər ərzində məktəb direktoru kimi fəaliyyət göstərib. Kənd məktəbinin əvvəlki və indiki vəziyyətini müqayisə edən Əsədulla müəllim söhbətinə davam edir: – Bir müəllim kimi həmişə çalışmışam ki, dərs dediyim uşaqlar, savadlı olsun, səsləri yüksəklərdən gəlsin. Əvvəllər məktəbdə istilik yox idi, soyuq siniflərdə otura bilmirdik. Bu gün ikimərtəbəli məktəbimizdə hər cür şərait yaradılıb, internetə çıxışı olan kompüter və elektron lövhə quraşdırılıb, STEAM kabinəsi yaradılıb. Burada istifadəyə verilənlər uşaqların savadlı, müasir dövrün bacarıqlarını mənimsəmiş gənclər kimi formalaşmasında mühüm rol oynayacaq. Bu gün də kəndimizin istedadlı, bacarıqlı hüquqşünasları, müəllimləri, iqtisadçıları, həkimləri vardır. Ali məktəblərə keçənilki qəbul imatahanlarında uğurlu nəticələr əldə edilib. Bütün bunlar böyük dövlət qayğısı hesabına mümkün olub. Yaşayış məntəqəsinin kənd və xidmət mərkəzlərində yaradılan hərtərəfli şərait hesabına hər bir ehtiyacımızı rahatlıqla ödəyə bilirik. İnternetə çıxış imkanları işimizi daha da asanlaşdırıb, sakinlər hərtərəfli tibbi xidmətlə təmin olunub. Həmçinin Unusda turizm üçün əlverişli şərait vardır. Qaplançay, Çimənək şəlalələri, ziyarətgah yerləri yaz-qış öz qonaqlarını qəbul edir. Qonaqların xoş əhvali-ruhiyyə ilə kəndimizdən ayrılmasının isə bizim üçün əhəmiyyəti böyükdür. Bütün işlərdə olan birlik, bərabərlik bizim kəndin də əsas rəmzidir.  Unus əhalisinin  ən yaxşı xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, qurulub-yaradılanlara hörmətlə yanaşır və yaşadıqları yerin abadlığına, firavanlığına öz töhfələrini verirlər.  
    Unus kəndində yaşayan şəhid atası Nizami Yusifovla söhbət etdik. Onun dediklərindən: – Oğlum Vüsal Yusifov Ordubadın Soyuqdağ mövqeyində hərbi vəzifəsini yerinə yetirərkən şəhid olub. Bu gün muxtar respublikamızda hər bir şəhid ailəsi diqqətdə saxlanılır, xatirələri yaşadılır. Biz də bir şəhid ailəsi kimi daim bu qayğını öz üzərimizdə hiss edirik. Bu il iyunun 9-da övladımın ailəsinə Ordubad şəhərindəki yeni yaşayış binasından mənzil verilib. Bu gün Unusda yaradılan əlverişli şərait hamımızı sevindirir, gənclərimizi qurub-yaratmağa ruhlandırır. Mən bir şəhid ailəsi kimi kəndimizdə yaradılan müasir şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm. 
    Unus kənd tam orta məktəbinə yollanırıq. Bu məktəbdə müasir tədris şəraiti yaradılıb. Burada məktəbin fizika müəllimi Şölə Cəfərova ilə həmsöhbət oluruq. Onun dediklərindən: – Ali təhsilimi 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin Fizika fakültəsinin Fizika-astronomiya ixtisası üzrə almışam və artıq 12 ildir, bu məktəbdə fizikanı tədris edirəm. Müasir tədrisin tələbləri səviyyəsində qurulan məktəbimizdə şagirdlər üçün şahmat otağı, fizika, kimya, biologiya laboratoriyaları, kompüter otağı vardır. Məktəbdə STEAM otağı da yaradılıb.  Cəmiyyətin gələcək inkişafında müəllimin rolu danılmazdır. Bu mənada, mən deyərdim ki, müəllim peşəsi dünyada ən müqəddəs, ən məsuliyyətli peşədir. İndi müasir məktəbimiz müəllimlərimizi daha səylə çalışmağa, şagirdlərimizi isə daha yaxşı oxumağa həvəsləndirir. Çalışacağıq ki, bilikli, bacarıqlı, vətənpərvər, milli-mənəvi dəyərlərə sahib, müasir gənclər yetişdirək.
    Məktəbin müəllimi Aytac Qocalı ilə söhbətimiz zamanı öyrənirik ki, Naxçıvan Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisasını bitirib. Hazırda VI-VII siniflər üzrə STEAM dərsini, VIII, X, XI siniflər üzrə Riyaziyyat fənnini tədris edir. Bildirir ki, STEAM təhsil forması şagirdlərin gündəlik istifadə etdiyi məişət avadanlıqlarının mexanizmini öyrənməyə və bir çox elm sahələrinin bir-biri ilə inteqrasiyasını yaxından dərk etməyə imkan verir. Həmçinin şagirdlər elmi məlumatlardan çox praktik məlumatlara əsaslanırlar. STEAM dərslərimizə yeni başladığımıza görə şagirdlər kiçik layihələr üzərində işləyirlər. Gələcəkdə müsbət nəticələr əldə edəcəyimizə, STEAM təhsili ilə məşğul olan gənclərin xüsusi bacarıqlara malik olacaqlarına əminəm. Hazırda “İnteqral elmləri” adlı bir kitabın yazılması ilə də məşğulam. Bu ilin noyabr ayında “İlin fəal müəllimi” sertifikatı ilə təltif olunmuşam. Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının üzvüyəm. İlk hədəfim gələcəyimiz olan şagirdlərə tədris etdiyim fənni dərindən mənimsətmək, sonra üzərində çalışdığım kitabı tamamlamaq və dövlətimizə xeyir verəcək yeni bir layihə yaratmaqdır.
    Kənddə yeni feldşer-mama məntəqəsinə də baş çəkirik. Burada 18 ildir  ki, çox nəcib və məsuliyyətli həkim peşəsi ilə məşğul olan feldşer-mama məntəqəsinin müdiri Fəxrənsə Həsənova ilə həmsöhbət oluruq. O deyir ki, muxtar respublikada yeni səhiyyə ocaqlarının inşası insanların sağlamlığının qorunması üçün geniş imkanlar açıb. Unus kənd mərkəzində yerləşən feldşer-mama məntəqəsi insan amilinə verilən dəyərin daha bir ifadəsidir. Əvvəlki şəraitimizlə müqayisə belə oluna bilməz. Burada məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır və onlar tibbi ləvazimatlarla təchiz edilib, eyni zamanda istilik sistemi quraşdırılıb.  
     Muxtar respublikamızın hər bir yaşayış məntəqəsində yaradılan xidmət mərkəzləri həm məşğulluğun təmin olunmasında, həm də ailə təsərrüfatları üçün geniş imkanlar açır. Unusda yaradılan xidmət mərkəzi də onlardan biridir. Mağaza sahibi Bəhlul Yunisov deyir ki, xidmət mərkəzi kənd sakinlərinin gündəlik ehtiyaclarının ödənilməsini təmin edir:  – Mağazamızda, əsasən, ailə təsərrüfatları tərəfindən istehsal olunmuş məhsulların satışına üstünlük veririk. Burada digər xidmət sahələrinin fəaliyyəti üçün də nümunəvi şərait yaradılıb, kəndin 5 sakini işlə təmin olunub. Bütün bunlar kənd əhalisinin rahatlığına, yaşayışının təmin olunmasına əlverişli imkanlar açıb. Yaradılan şəraitdən istifadə edərək kəndin inkişafına töhfə vermək isə  hər birimizin mənəvi borcudur. 

    Unus kəndində zəhmətkeş təsərrüfatçılar çoxdur. Ailə təsərrüfatçısı Hüseyn Tağıyev də onlardan biridir. Müsahibim 1992-ci ildən bəri arıçılıqla məşğuldur: – Unusun əlverişli iqlimi, zəngin bitki örtüyü bizə arıçılığı inkişaf etdirməyə çox əlverişlidir. Mən də uzun illərdən bəri dədə-babamızdan qalan bu yolu davam etdirirəm. Hazırda 30  arı ailəsinə qulluq edirəm. 2012-ci ildə bu məqsədlə dövlətdən güzəştli kredit götürmüşdüm. Arı ailələrinə düzgün qulluq əldə etdiyimiz  məhsulun keyfiyyətli olmasının əsas səbəbidir. Bal sağlamlığımızın qorunmasında ən yaxşı vasitə olmaqla, həm də yaşayışımızın təmin edilməsində mühüm rol oynayır. Naxçıvan şəhərində təşkil edilən “Arıçılıq məhsulları-bal festivalı”nda mütəmadi olaraq iştirak edirəm və burada məhsullarımızı  əlverişli qiymətə sata bilirik. Dövlətimizin dəstəyi arıçılığı inkişaf etdirməkdə, genişləndirməkdə böyük  rol oynayır. 

    Söhbət zamanı öyrənirik ki, Hüseyn müəllim həm də limonçuluqla məşğuldur. O deyir ki, Unusda həyətində limon ağacları olmayan az adam tapılar. Bilirsiniz ki, Ordubad limonu görünüşü, rəngi, dadı-tamı və xoş ətri ilə seçilir. Havanın, suyun saf və təmiz, torpağın isə faydalı elementlərlə zənginliyi limonu da  qiymətli edib. Hazırda 50 limon ağacım var. Limonun dilini onu əkib-becərənlər daha yaxşı bilir. Yaxşı qulluq göstərilən limon ağacları yaxşı da bar verir. Bir kənd sakini  kimi yaradılan şəraitdən səmərəli istifadə edərək, bundan sonra da var-gücümüzlə çalışacağıq.
    Gözəl bir payız günündə Unusdan müsbət təəssüratlarla ayrılırıq. Dövlətimizin qayğısı ilə Ordubad rayonunun daha bir kəndinə yenilik, abadlıq bəxş edildiyinin şahidi oluruq. Elə yazımı da Unusun ziyalı gənci Saleh Sabiroğlunun bu kəndin gözəlliyinə həsr etdiyi bir şeirlə bitirmək istəyirəm:

    Nə deyim dağına daşına sənin
    Onsuz da gözəlsən təməldən, UNUS.
    Buludlar dolanır başına sənin
    Mehriban olmusan əzəldən, UNUS.

        Xoş keçən günləri yadıma salsam,
        Xəyallar içində dolaşıb azsam,
        Adına lap belə qəzəl də yazsam,
        Gözəlsən yüz belə qəzəldən, UNUS.

  

 Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 22.11.2022 19:41