AZ EN RU

Şəfa mənbəyi böyürtkən

    Yayda yetişən, insan sağlamlığı üçün son dərəcə faydalı, mineral və vitamin qaynaqları ilə zəngin olan giləmeyvələrdən biri də böyürtkəndir. Ona daha çox kənd yerlərində çay və yol kənarlarında, bağ hasarlarında rast gəlmək olur. Meyvəsinin toplanması zəhmətli olsa da, ləzzətlə yeyilir və xərçəngdən həzm sistemi xəstəliklərinə qədər bir çox dərdin dərmanı sayılır.  
    May ayında ağımtıl və ya çəhrayı rəngdə çiçək açan bu hündür, çoxillik, tikanlı kol bitkisinin meyvələrinin rəngi yetkinləşdikdə əvvəlcə yaşıl, sonra qırmızı, sonra qaramtıl olur. Qırmızı olanlar turş olur, qara rəng aldıqda yetişir və şirin olur. İlk meyvələri iyul ayında yetişən böyürtkən oktyabrın sonuna qədər bol meyvə verir. Meyvələri yuvarlaq və ya uzunsov, mis, dəmir, həmçinin maqnezium və kaliumla zəngin olur. Yetişmiş meyvənin ömrü çox da uzun olmur. Yığılıb şüşə qaba qoyulan böyürtkənləri dondurucularda saxlamaqla ömrünü uzatmaq olar. 
    Bir çox ailələrin dolanışığı üçün də əsas olan bu giləmeyvəni toplayıb, qışa tədarük görən təsərrüfatçılarımız az deyil. Onlardan biri də Ordubad rayon sakini Sədaqət Babayevadır. Onun dediklərindən: “Böyürtkənin yarpaqları və xüsusilə tumurcuqları, çiçəkləri və kökləri də meyvəsi qədər şəfalıdır. Ona görə də insanlar bu meyvəyə üstünlük verirlər. Boğaz ağrılarına, soyuqdəyməyə, şəkərə, qan təzyiqinə faydalıdır, orqanizmdə qanı təmizləyir və ona güc verir. 
    Müsahibim qeyd edir ki, böyürtkən çiçək açdıqdan, təxminən, bir ay sonra meyvəsi yetişir: – Böyürtkən  xüsusi qulluq tələb etməyən, Allahın insanlara bəxş etdiyi şəfalı nemətdir.  Uzun, iti tikanlarla örtülü olan meyvəni toplamaq səbir və səriştə tələb edir. Tikanları insanı incitsə də, toplamağına dəyər. Son illərdə tikanları olmayan bağ növlərini becərənlər də var. 
    Böyürtkənin, əsasən,  mürəbbəsini, kompotunu  hazırladığını deyən müsahibim onun mürəbbəsinin alıcısının çox olduğunu bildirir: – Böyürtkənə maraq ildən-ilə artır. Milli mətbəxdə müxtəlif şirniyyatların hazırlanmasında, dərman məqsədləri üçün əczaçılıq sənayesində  geniş istifadə edilir. 
    Ölkə başçısının müvafiq Sərəncamı ilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda bölgə üçün spesifik və orqanik kənd təsərrüfatı məhsullarının müəyyənləşdirilməsi, onların brendləşdirilməsi, təbliği, orqanik məhsulların xarici bazarlara ixracının təşviqinin diqqətdə saxlanılması, kənd təsərrüfatı məhsullarının emalı, o cümlədən meyvə qurularının istehsalı sahəsinin dəstəklənməsi və ixrac imkanlarının genişləndirilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib. Füsunkar təbiətə malik, hər neməti min bir dərdin dərmanı olan doğma diyarımızda yetişən, sağlamlığımız üçün faydalı olan bu nemətlər saysız-hesabsızdır. Bir qalır onlardan lazımınca istifadə etmək. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 31.08.2023 20:17