AZ EN RU

Sədərəkdə sahələrdən bol kartof yığılır

    Sədərək rayonunda aqrar sahənin inkişafına göstərilən diqqət və qayğı sakinlərdə bir sıra kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə marağı xeyli artırıb. Kartofçuluq da son illərdə inkişaf edən əkinçilik sahələrindən biridir. Ötən il rayonun ailə təsərrüfatçıları 118 hektarda məhsul yetişdirib, 1400 ton kartof əldə ediblər. Ailə təsərrüfatçıları bu ilin bol məhsulu üçün də lazımi hazırlıq işləri görüb, mart ayından etibarən sahələrdə kartof əkinlərinə başlayıblar. Belə ki, 119 hektar sahədə kartof əkilib. Vegetasiya becərmələri aqrotexniki qaydalar əsasında həyata keçirildiyindən sahələrdə bol məhsul yetişib. 
    Məlumat üçün bildirək ki, rayonda 32 ailə təsərrüfatı fəaliyyət göstərir. Onlar əkinçiliyin müxtəlif sahələri ilə məşğul olur, yerli kənd təsərrüfatı məhsullarının istehsalına töhfələr verir. Qaraağac kənd sakini, təcrübəli təsərrüfatçı Vəzir İmamverdiyev də onlardan biridir. Bu il kartof əkini sahələrini 11 hektara çatdıran təsərrüfatçı hələ ötən ilin payızında sahələri üzvü və mineral gübrələrlə münbitləşdirib, keyfiyyətli şum aparıb. Həm əkin, həm də vegetasiya becərmələri müasir texnikaların qüvvəsilə həyata keçirilib, nəticədə, kartof əkini sahələrində bol məhsul hasilə gətirilib. İndiyə kimi 400 tondan artıq kartof yığılaraq bazar və yarmarkalara çıxarılıb. Təsərrüfatçının əkin sahələrindən toplanan kartofdan milli ordumuzun əsgərlərinə sovqat da göndərilib. 
    Qeyd edək ki, rayonun iri yaşayış məntəqələri olan Dəmirçi və Sədərək kəndlərində də kartof yığımı mütəşəkkil həyata keçirilir. Ailə təsərrüfatçıları məhsul yığımı ilə yanaşı, sahələrdə yay şumu qaldırılmasına və təkrar əkinlər keçirilməsinə də diqqət yetirirlər. İndiyədək 150 hektara yaxın sahədə şum qaldırılıb payızlıq tərəvəz bitkilərinin əkininə başlanılıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 30.08.2022 18:20