AZ EN RU

Sədərək voleybolçuları muxtar respublika turnirinin qalibi olub

“Heydər Əliyev İli” çərçivəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə kişilər arasında voleybol üzrə muxtar respublika turniri başa çatıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Voleybol Federasiyası tərəfindən birgə təşkil olunan yarışın son oyun günündə keçirilən üçüncülük və final matçlarından sonra mükafatçılar bəlli olub.

Üçüncü yer uğrunda görüşdə “Şərur”u 3:0 hesabı ilə üstələyən “Naxçıvan” bürünc medallara sahib çıxıb.

Günün ikinci yarısı turnirin bədii hissəsi çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının ifaçı və rəqqasları konsert proqramı ilə çıxış edib. Ümummilli Liderimizə və Vətənimizə həsr olunmuş mahnılar səsləndirilib. 

Sonra həlledici görüş – final matçı reallaşıb. Gərgin və maraqlı mübarizəyə səhnə olan “Sədərək” – “Culfa”  qarşılaşmasında sədərəklilər 3:1 hesablı nəticə ilə turnirin qalibi olub. “Culfa” gümüş medallara yiyələnib.

İlk üç yerin sahiblərinə diplom, medal, kubok və hədiyyələr, fərqlənən voleybolçulara Fəxri fərman təqdim olunub. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov, Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev və federasiyanın Baş katibi Rahil Tahirli təqdim ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.12.2023 10:22