AZ EN RU

Sədərək rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

    Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” çərçivəsində Sədərək rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. 
    Əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
    Sədərək rayon prokuroru Valid Mustafayev “Ümummilli Lider Heydər Əliyev Azərbaycanda huquqi islahatların banisidir” mövzusunda çıxış edib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən hüquqi islahatlar pilləli məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatların yaradılması ilə yanaşı, mövcud hüquq-mühafizə sisteminin fəaliyyəti təkmilləşdirildi. Eyni zamanda beynəlxalq hüquqi prinsiplərə və hüquqyaratmanın müasir, mütərəqqi tələblərinə uyğun qanunlar və məcəllələr qəbul edildi. Azərbaycanda humanizm prinsiplərinə əsaslanan hüquq islahatlarının aparılması, insan hüquq və azadlıqlarının təmin edilməsi, hüquqi dövlətin yaradılması istiqamətində görülən işlər ölkəmizin beynəlxalq hüquq sisteminə uğurla inteqrasiya olunmasına imkan verdi. 
    Tədbirdə rayon İcra Hakimiyyətinin şöbə müdiri Şərafəddin Şükürov, Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının sədri Arif Qasımov, rayon Təhsil Şöbəsinin müdiri Sirac Qarayev və rayon Mədəniyyət Şöbəsinin müdiri Rəşad İsmayılov müxtəlif mövzularda çıxış ediblər.

Nəşr edilib : 31.08.2023 18:19