AZ EN RU

Sədərək rayon məktəblərinin qəbul nəticələri müzakirə edilib

    2021-2022-ci tədris ilində buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə görə Sədərək Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 52-si tələbə adını qazanmışdır. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. 
    Tədbiri giriş sözü ilə açan Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva qeyd edib ki, muxtar respublikamızda digər sahələrdə olduğu kimi, təhsilə də xüsusi diqqət və qayğı ilə yanaşılır. Bu sahədə görülən işlər öz nəticəsini hər il keçirilən müxtəlif olimpiada, buraxılış və qəbul imtahanlarında göstərir. Bu günün təhsil sistemi və onun keyfiyyəti ölkə­nin gələcəyinə xidmət edir. Buna görə də hər bir məktəbin rəhbəri məqsədyönlü şəkildə məktəblilərin, хüsusən məktəbi bitirməkdə оlаn gələcək məzunlаrın təhsilinin kеyfiyyəti ilə məşğul оlmаğı özünün və məktəbin əsаs vəzifəsi hеsаb еtməlidir.
   Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov təhsilə göstərilən dövlət qayğısının verdiyi töhfələrdən danışıb.
   Bildirilib ki, Sədərək Rayon Təhsil Şöbəsinin tabeliyində                5 tam orta, 3 məktəbdənkənar və 2 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda ümumtəhsil məktəblərində 121 sinifdə 1844 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 166 müəllim məşğul olur. Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, rayonda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində müasir tədris şəraiti yaradılmışdır. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə son 4 ildə Sədərək rayonunun ümumtəhsil məktəblərinə təyin olunan gənc kadrlardan 36-sı müəllim kimi fəaliyyətə başlamış, 6-sı isə müxtəlif vəzifələrə təyin olunmuşdur. 
    Diqqətə çatdırılıb ki, 2021-2022-ci tədris ili üzrə də Sədərək rayon ümumtəhsil məktəblərinin məzunlarının 79 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmişdir. Onlardan 52-si, yaxud 78 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş, 5-i 500-700 arası nəticə göstərmişdir. 1 məzun fərqlənmə attestatına layiq görülmüş, 8 şagird isə 2021-2022-ci tədris ilində keçirilən olimpiada və müsabiqələrin qalibi olmuşdur.
    Təhsil naziri qazandıqları uğurlu nəticəyə görə Sədərək Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinə təşəkkürünü bildirmişdir.
    Sonra Sədərək Rayon Təhsil Şöbəsinin müdiri Sirac Qarayev çıxış edərək təhsil müəssisələrində yaradılan şəraitin təhsilin yüksəlməsinə və uğurlu nəticələrin qazanılmasına birbaşa təsir etdiyini vurğulayıb. 
    Sonda ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə Sədərək rayon Heydərabad qəsəbə, Sədərək kənd 1 nömrəli, Qaraağac və Dəmirçi kənd tam orta məktəblərinə diplomlar təqdim olunub. 

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.11.2022 20:46