AZ EN RU

Seçki prosesində gənclərin iştirakının təşviqi ilə bağlı beynəlxalq konfrans keçirilib

Bakıda müxtəlif gənclər hərəkatlarının nümayəndələrinin iştirakı ilə “Gənclərin seçki prosesində iştirakının təşviqi” adlı beynəlxalq konfrans keçirilib.

Konfrans İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İƏGF-ARM) və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə reallaşıb.

NAYORA-dan verilən məlumata görə, tədbirə Rusiya Federasiyası Tatarıstan Respublikasının aparıcı “Selet” gənclər hərəkatının rəhbəri Aygül Qabdrrəhmanova, Qazaxıstanın aparıcı hakim “Amanat” partiyasının “Jastar Ruhu” gənclər qolunun direktoru Akerke İsgəndərova, Avropada müsəlman icmaları ilə iş üzrə Rumıniya “Şəhrizad” Gənclər Fondunun prezidenti Vəcihə Haris, Pakistanın “Gənclərin Müdafiəsi üzrə Şəbəkə” təşkilatının sədri Fsahat ul-Həssənin çıxış ediblər. NAYORA Baş katibinin moderatorluğu ilə keçən müzakirələrdə gənclər və gənclər təşkilatlarının iştirakı ilə fəal vətəndaşlığın prinsipləri ətrafında müzakirələr aparılıb, iştirakçılar demokratik proseslərdə gənclərin iştirakının uğurlu təşviqi üzrə beynəlxalq təcrübələrini bölüşüblər.

Konfransda iştirakçılar müxtəlif ölkələrdə gənclərlə iş üzrə innovativ yanaşmaları müzakirə edərək fikir mübadiləsi aparıblar. Həmin müzakirələr ilk növbədə hər regionda nadir çağırış və imkanların olduğu nəzərə alınaraq fərqli mədəni kontekstlərlə uzlaşan strategiyaların müəyyənləşdirilməsi məqsədi daşıyıb.

Tədbirdə, eyni zamanda, fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində gənclərin iştirakı da müzakirə edilib.

Nəşr edilib : 25.01.2024 11:04