AZ EN RU

Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirə

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikasının Ali Məhkəməsi və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində regionlarda seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirələr start götürüb.

Yanvarın 10-da Naxçıvanda seçki hüquqlarının pozulmasına dair mübahisələrin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əli Allahverdiyev, Mərkəzi Seçki Komissiyasının Katibliyinin Hüquq şöbəsinin müdiri Rafiq Abbasov, Ali Məhkəmənin hakimi Səxavət Bəylərli Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları, seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat barədə təqdimatlarla çıxış ediblər.

Vurğulanıb ki, bu layihənin reallaşdırılmasında əsas məqsəd fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi yönündə görülən işlərlə yanaşı, seçki mübahisələrinin həlli ilə bağlı dairə seçki komissiyalarının bilik, bacarıq və məlumatlılıq səviyyəsinin yüksəldilməsi, bu istiqamətdə atılan addımların səmərəliliyinin artırılması, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasıdır.

Sonda seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, seminarda muxtar respublika üzrə 6 dairə seçki komissiyasının sədr, katib və ekspert qrupunun 30 üzvü iştirak edib.

Yanvar ayının 8-dən başlayan layihə bu gündən respublikanın dörd şəhərində – Gəncə, Naxçıvan, Şəki və Şirvanda həyata keçirilir. Seminar-müşavirələrin məqsədi seçki mübahisələrinin məhkəmə qaydasında həlli məsələləri üzrə maarifləndirmə işini təmin etməkdir.   

          Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 10.01.2024 14:44