AZ EN RU

Seçki hüququ konstitusion hüquqdur

Müasir dünyada vətəndaşın çox mühüm konstitusion hüquqlarından biri kimi məhz seçki hüququ qəbul edilir.
Azərbaycan Respublikasının ali qanunu olan Konstitusiyamıza əsasən öz müqəddəratını sərbəst və müstəqil həll etmək və öz idarəetmə formasını müəyyənləşdirmək Azərbaycan xalqının suveren hüququdur. Bu hüquq bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirilir.
Konstitusiyamızın 56-cı maddəsində qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər.
Ümumiyyətlə, seçki hüququ dedikdə seçmək və seçilmək hüququ, o cümlədən namizədlərin irəli sürülməsində, seçkiqabağı (referendumqabağı) təşviqatda, seçki (referendum) komissiyalarının işində, seçkilərin (referendumun) keçirilməsinin müşahidəsində, səsvermədə, digər seçki (referendum) hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququ nəzərdə tutulur.
Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla seçki və ya referendumun keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış hər bir Azərbaycan Respublikası vətəndaşının seçmək, referendumda səs vermək, seçkilərin (referendumun) gedişini müşahidə etmək, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etmək, Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək hüququ vardır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ hər bir vətəndaşın konstitusion hüququdur. Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq isə qanunvericilik, icra və məhkəmə hakimiyyətinin vəzifəsidir. İnsan və vətəndaş hüquqları və azadlıqlarının həyata keçirilməsini Konstitusiyada və qanunlarda nəzərdə tutulmuş hallardan başqa heç kəs poza və məhdudlaşdıra bilməz. Bu kimi hərəkətlərə yol verilməsi, o cümlədən vətəndaşların seçkilərdə, referendumda iştirak etmək hüquqlarının pozulması və məhdudlaşdırılması, Azərbaycan Respublikası Konstitusiyasının və qanunların pozulması, Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
Vurğulamaq lazımdır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək prezident seçkilərində evlərindən didərgin salınan sakinlərimiz artıq müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında – Zəngilanda, Laçında, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verəcəklər.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin

(Ombudsmanın) mətbuat xidməti

Nəşr edilib : 02.02.2024 14:52