AZ EN RU

Seçicilərin rahat səs verməsi üçün hər cür şərait yaradılıb

Bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri böyük Zəfərimizdən sonra yaranan yeni reallığın tələbi idi. Zəfər seçkisi kimi tarixə düşəcək növbədənkənar prezident seçkiləri suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycanın qürur tarixinə növbəti səhifə kimi yazılacaq.

Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin doğma Vətəni olan Naxçıvan Muxtar Respublikasında da seçkilərə hazırlıq işləri ən yüksək səviyyədə aparılır.

6 saylı Ordubad-Culfa seçki dairəsinin sədri Həsən Həsənov “Şərq qapısı”qəzetinə müsahibəsində bildirdi ki, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün lazım olan hər şərait yaradılıb. Belə ki, məntəqələr avadanlıqlarla, seçki materialları ilə təmin olunub. Katib, üzv və müşahidəçilər üçün yerlər ayrılıb. Eyni zamanda məntəqə seçki komissiyasının üzvləri üçün seçki günü seçkinin keçirilməsi və protokolların doldurulması ilə əlaqədar gündəlik treninqlər keçirilib.

Seçki Dairəsinin sədri məlumat verdi ki, 6 saylı Ordubad-Culfa seçki dairəsi üzrə 63 seçki məntəqəsi yaradılıb. Bu seçki məntəqələri üzrə 46 min 138 nəfər seçici qeydə alınıb. İlk dəfə səs verəcək seçicilər dairə seçki komissiyası üzrə 80 nəfərdir. Ən yaşlı seçici 1923-cü il təvəllüdlü Səfərov Abdulla Qasım oğlu 46 saylı (Yaycı) məntəqədə qeydə alınıb. Dairə seçki komissiyası üzrə 7 məntəqədə veb-kamera quraşdırılıb. Onlardan 5-i Ordubad, 2-si Culfa rayonu ərazisində yerləşir. Sağlamlıq imkanı məhdud şəxslər üçün də daşınan qutu vasitəsilə səsvermə imkanı yaradılacaq.

6 saylı Ordubad-Culfa seçki dairəsinin 6-2 saylı seçki məntəqəsi Ordubad Şəhər Musiqi məktəbində yerləşir. Məntəqə seçki komissiyasının sədri Nicat Rzayev bildirdi ki, bu seçki məntəqəsi üzrə 1473 seçici qeydə alınıb. Burada da seçicilərin rahat səs verməsi üçün hər cür şərait yaradılıb.  

Qeyd edək ki, sözügedən seçki dairəsi üzrə seçicilərin ən çox səs verəcəyi yer Ordubad rayonunun Dəstə kəndində yerləşən 6-18 saylı seçki məntəqəsidir. Bu seçki məntəqəsi üzrə 1491 nəfər qeydə alınıb.

Güntac ŞAHMƏMMƏDLİ

 

Nəşr edilib : 23.01.2024 15:41