AZ EN RU

Satınalmalarda şəffaflıq necə qorunmalıdır?

    İqtisadiyyatın mühüm istiqamətlərindən biri də dövlət satınalmaları prosesidir. Muxtar respublikada müxtəlif sahələr üzrə tenderlər keçirilir. Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda necə tənzimlənir və necə təşkil olunur? Bu və digər məsələlərlə bağlı sualları Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Satınalmalar şöbəsinin müdiri Seymur Cəfərov cavablandırıb:

     – Hörmətli Seymur müəllim, ilk olaraq sizə bu sualı ünvanlamaq istərdim. Dövlət satınalmalarının iqtisadiyyatda hazırkı rolu və əhəmiyyəti nədən ibarətdir?
    – Ölkə başçısının rəhbərliyi ilə Naxçıvanda yeni iqtisadi şəraitdən irəli gələrək iqtisadi islahatların dərinləşdirilməsinin, dövlətin maliyyə resurslarından qənaətlə istifadə olunmasının, bu sahədə şəffaflığın və səmərəliliyin artırılmasının, o cümlədən müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühitinin yaradılmasının, dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakının genişləndirilməsinin prioritet istiqamətlər olduğunu nəzərə alaraq dövlət qurumları tərəfindən açıq tender və digər müsabiqə əsaslı satınalma metodlarının tətbiqinə üstünlük verilməsi zəruridir.
    Satınalmaların iqtisadiyyatdakı rolu nəzərə alınaraq 2023-cü ilin ötən dövrü ərzində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən muxtar respublikada 250-yə yaxın dövlət müəssisə və təşkilatlarının və sahibkarlıq subyektlərinin iştirakı ilə 2 təlim keçirilmişdir. Təlimdə iştirak edən satınalan təşkilatların və sahibkarların aidiyyəti nümayəndələri dövlət satınalmalarının planlaşdırılması, təşkili metodları, tender təkliflərinin qiymətləndirilməsi, satınalma müqavilələrinin bağlanması üzrə məlumatlandırılmışdır. 
    Satınalma şöbəsi tərəfindən bu tədbirlərin davamı olaraq öz fəaliyyət istiqamətləri üzrə mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir. Bu tədbirlərin məqsədi satınalan təşkilatları dövlət satınalma haqqında qanunu bütün müddəaları ilə tanış etmək, qanuna müvafiq olaraq satınalmaların təşkilini birlikdə müzakirə etmək, eyni zamanda sahibkarları dövlət satınalmaları sahəsində maarifləndirmək, onları öz tender təkliflərini necə hazırlayıb hansı sənədlərlə birlikdə vaxtında satınalan təşkilatlara təqdim etməsi barədə məlumatlandırmaqdır. 
    İqtisadiyyat Nazirliyinə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununu tətbiq etməklə satınalmaları həyata keçirən müəssisə və təşkilatlar tərəfindən cari ilin 5 ayı ərzində təqdim olunmuş müsabiqələrin nəticələri haqqında tender komissiyalarının yekun protokollarına əsasən deyə bilərəm ki, satınalmalar müsabiqələr vasitəsilə həyata keçirilmiş və bunun da nəticəsində 1 milyon 978 min 191 manat dövlət vəsaitinə qənaət edilmişdir. 
    – Bəs satınalan təşkilatlar ən çox nələrə diqqət etməlidirlər?
    – Həmin təşkilatlar, ilk növbədə, qanunvericiliyə uyğun satınalma planını hazırlamalı, təsdiq etməli və vaxtında portalda yerləşdirilməsinə diqqət etməlidirlər. Bunun üçün də il ərzində həyata keçirəcəkləri dövlət layihələri çərçivəsində və ya gündəlik istifadə üçün tələb olunan mallar, işlər və xidmətlərin vaxtında çatdırılması və həyata keçirilməsi məqsədilə satınalma metodundan asılı olaraq prosedurun icra olunma müddətini də nəzərə almaqla işlərini planlamağı tövsiyə edirik.
    Bundan əlavə, tələb olunan satınalma predmeti üzrə tələblərin aidiyyəti mütəxəssislər və ya cəlb olunmuş ekspertlər tərəfindən dəqiqliklə hazırlanmasına və həmin tələblərin qiymətləndirmə meyarlarının və əmsallarının müsabiqənin əsas şərtlər toplusunda düzgün ifadə olunmasına diqqət etmələri məsləhət görülür. 
    Satınalan təşkilatların müsabiqə barədə elanının məzmununu hazırlayarkən satınalma predmeti barədə təsəvvür yaradacaq qədər ətraflı məlumat təqdim etmələri nəticəsində müsabiqənin daha uyğun potensial imkanları olan sahibkarlar arasında keçirilməsinə nail olarlar. Bunun da nəticəsində sahibkarlar fəaliyyət istiqamətinə aid olmayan müsabiqələrdə iştirak üçün iştirak haqqı və ya əlavə vaxt sərf etməmiş olarlar.
    Satınalma predmetinə dair hər hansı özünəməxsus xüsusiyyətlər, tələblər və ya təsvirlər obyektiv texniki və keyfiyyət göstəricilərinə əsaslanmalıdır.
    Sahibkarların satınalma prosedurlarında iştirakına maneçilik törədən və ya onu məhdudlaşdıran, o cümlədən dövlət mənsubiyyətinə görə ayrı-seçkiliyə yol verən hər hansı markalamaya, etiketləməyə, həmçinin şərti işarələr və terminlər müsabiqələrin əsas şərtlər toplusuna daxil edilməməli və onlardan istifadə olunmamalıdır.
    Ümumiyyətlə, müsabiqələrdə bərabər rəqabət mühitinin yaradılması üçün məhdudlaşdırmaya gətirib çıxaran meyarların tətbiq olunması qadağandır.
    – Satınalma prosedurlarına başlayarkən satınalan təşkilatların tender komissiyası tərəfindən diqqət edilən ən vacib amillər barədə də oxucularımıza məlumat vermənizi istərdim. 
    – Bu, doğrudan da çox vacib məsələdir. Əsas amillərdən biri satınalınacaq malların, işlərin və ya xidmətlərin ehtimal olunan qiymətinin düzgün hesablanmasıdır. Bu zaman komissiya tərəfindən ehtilam qiyməti hesablayarkən mümkün qədər dəqiq araşdırmalar aparmalı və qiymətin hesablanması real faktlara əsaslanmalıdır. Bəzən satınalan təşkilatlar tərəfindən ehtimal olunan qiymətin düzgün hesablanması keçirilən müsabiqələrin baş tutmamasına və ya müsabiqələrin nəticələrinin ləğvinə gətirib çıxarır. Bu isə satınalan təşkilatın ona lazım olan malın vaxtında əldə olunmamasına, digər tərəfdən həmin müsabiqə üzrə şərtlər toplusunu əldə etmək üçün iştirakhaqqı ödəmiş sahibkarların vəsait itkisinə gətirib çıxarır.
    – Dövlət satınalmalarında iştirak etmək istəyən sahibkarlar daha çox nələrə diqqət etsinlər?
    – Sahibkarlar hər hansı bir satın­alma müsabiqəsində iştirakına qərar verdikdən və müsabiqənin əsas şərtlər toplusunu əldə etdikdən sonra, ilk növbədə, onu diqqətlə oxuyaraq təhlil etməsini, tələb olunan ixtisas uyğunluğu sənədlərinin vaxtında əldə olunması üçün aidiyyəti üzrə müvafiq dövlət qurumlarına müraciət etmələrini və eyni zamanda satınalma predmeti üzrə tələblərin mütəxəssislər tərəfindən detallı təhlil olunmasını tövsiyə edirik. 
    Əgər bu zaman hər hansı texniki və ya digər sualları yaranarsa, qanunauyğun şəkildə satınalan təşkilata müraciət etsinlər. Nəzərə alınmalıdır ki, satınalan təkilatlarla podratçılar arasında qeyri-rəsmi görüşlərin keçirilməsi qadağandır. 
    Tender təklifinin və təklifin təminatının məbləğinin, qüvvədəolma müddətlərinin düzgün hesablanmasına diqqət etsinlər.
    – Seymur müəllim, istərdim bir vacib məqama da toxunaq. Sahibkarlar satınalma prosedurlarında çətinliklərlə qarşılaşdıqda hansı addımları atmalarını tövsiyə edirsiniz?
    – Dövlət Satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununun VIII fəslinə əsasən sahibkarların qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır.
    Satınalma müqaviləsi qüvvəyə minənə qədər şikayət ilk öncə satınalan təşkilata verilməlidir.
    Satınalan təşkilatın rəhbəri qanunda təsbit olunan müddət ərzində şikayət barədə hər hansı qərar çıxarmazsa, şikayəti vermiş sahibkar İqtisadiyyat Nazirliyinə müraciət edə bilər.
    Əminliklə deyə bilərik ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu, öz növbəsində, iqtisadiyyatın, sahibkarlığın, sağlam rəqabət mühitinin inkişafına, dövlət vəsaitinin səmərəli və qənaətlə istifadə olunmasına, satınalma prosedurlarının həyata keçirilməsində çevikliyin artmasına öz müsbət töhfəsini verir.
    – Müsahibə üçün çox sağ olun.

Çinarə BALAYEVA
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin
 mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

Nəşr edilib : 06.07.2023 19:50