AZ EN RU

SASMO beynəlxalq riyaziyyat olimpiadasında 65 şagird qalib olub

    İyunun 13-də Sinqapur Olimpiada Mərkəzinin rəhbəri Henry Ong ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qonağı salamlayaraq  medal və sertifikatların təqdimatı üçün muxtar respublikaya səfərinə görə Henry Onga  təşəkkürünü bildirib.
    Təhsil naziri qonağın diqqətinə çatdırıb ki,  bu gün ölkəmizdə dövlətimiz  tərəfindən təhsilə böyük diqqət və qayğı göstərilir. Elə bu diqqət və qayğının nəticəsidir ki, muxtar respublikada fəaliyyət göstərən 212 təhsil müəssisəsinin hamısı yenidən qurularaq maddi-texniki bazası möhkəmləndirilib. Diqqətə çatdırılıb ki, şagirdlər də bu diqqət və qayğıdan yararlanaraq təhsildə uğurlu nəticələr əldə edirlər. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin fənlərə  olan marağının artırılması, sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün məktəblilərin  olimpiadalarda iştirakı diqqətdə saxlanılır. Artıq iki ildir ki, muxtar respublikanın ümumtəhsil məktəblərinin 500-dən artıq şagirdi SASMO beynəlxalq riyaziyyat olimpiadasında da iştirak edərək uğurlu  nəticələr əldə edib. Ötən tədris ilində Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Hafiz Bəylərli Sinqapurda keçirilən olimpiadada iştirak edərək bürünc medal qazanıb. Cari tədris ilində isə 3 şagird həmin olimpiadada iştirak etmək üçün qeydiyyatdan keçib.
    Sinqapur Olimpiada Mərkəzinin rəhbəri Henry Ong şagirdlərin olimpiadada iştirakına göstərilən  dəstəyə görə minnətdarlıq edərək bildirib ki, naxçıvanlı şagirdlərin SASMO beynəlxalq riyaziyyat olimpiadasında uğurlu nəticələr əldə etməsi burada təhsilin yüksək səviyyədə olduğunu deməyə əsas verir. Qonaq təmsil etdiyi mərkəz haqqında geniş məlumat verib, yeni layihələrdən danışıb.
    Görüşdə Sinqapur olimpiadalarının Azərbaycandakı təmsilçisi Ədalət Məmmədqasımov da iştirak edib.
    Naxçıvan Dövlət Texniki Kollecində qalib olan məktəblilərə medal və sertifikatların təqdimetmə mərasimində olimpiadanın qalibləri ilə yanaşı,  şagirdlərin valideynləri də iştirak ediblər.
    Tədbirdə Naxçıvan Muxtar Respublikasının  təhsil naziri Rəhman Məmmədov olimpiada qaliblərini təbrik edib. Bildirib ki, əldə olunan uğurlu nəticə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkədə təhsilə göstərdiyi  dövlət qayğısının, yaradılan müasir tədris şəraitinin nəticəsidir.
    Qeyd olunub ki, təhsildə aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, artıq muxtar respublikada şagirdlər hərtərəfli biliyə yiyələnərək buraxılış və  qəbul imtahanlarında yüksək nəticələr göstərirlər. Məktəblilər arasında keçirilən olimpiadaların əhəmiyyətindən də danışan təhsil naziri bildirib ki, istedadlı şagirdlərin aşkara çıxarılmasında olimpiadaların böyük əhəmiyyəti vardır. 
    Qeyd olunub ki, 2022-2023-ci tədris ilində şagirdlər arasında Amerikan riyaziyyat olimpiadası, respublika fənn olimpiadası, HİPPO Sərhədsiz ingilis dili olimpiadası, Kenquri beynəlxalq riyaziyyat müsabiqəsi, Lütfü Zadə adına  Məntiq Olimpiadası keçirilib. Keçirilən olimpiada və müsabiqələrdə 4800-dən çox  şagird iştirak edib. Onlardan  42-si I, 75-i II, 130-u III yer olmaqla, 230 nəfər qalib olub. 
    Rəhman Məmmədov bildirib ki, muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında  artıq ikinci ildir, SASMO beynəlxalq riyaziyyat olimpiadası da  keçirilir. Bu olimpiadanın keçirilməsində məqsəd şagirdlərin  riyaziyyat fənninə marağını artırmaq olub. Ötən il 73 şagird  bu olimpiadanın qalibi olub. Qeyd olunub ki, cari tədris ilində də  SASMO beynəlxalq riyaziyyat olimpiadasında 273 şagird iştirak edib, onlardan 7-si I, 23-ü II, 35-i isə III yerin qalibidir.           
    Tədbirdə Sinqapur Olimpiada Mərkəzinin rəhbəri Henry Ong SASMO beynəlxalq riyaziyyat olimpiadası haqqında iştirakçılara geniş məlumat verib, şagirdlərin bu olimpiadada uğurlu nəticələr göstərməsinin onların xaricdə  təhsillərinə  böyük imkan yaratdığını bildirib. 
    Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil nazirinə Sinqapur Olimpiada Mərkəzinin xatirə plaketi təqdim olunub.
    Tədbirdə, həmçinin  medal və sertifikatlar şagirdlərə təqdim olunub.
    Qeyd edək ki, SASMO beynəlxalq riyaziyyat olimpiadasında  7 şagird   qızıl, 23 şagird  gümüş, 35 şagird isə  bürünc medala layiq görülüb. 
    Sonda xatirə şəkili çəkdirilib.

Naxçıvan Muxtar Respublikası 
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 13.06.2023 17:03