AZ EN RU

Şanlı Zəfər yolumuzda Tarixi Qələbənin aspektləri - FOTOLAR

    Tarixin bütün çətin, məşəqqətli, eyni zamanda taleyüklü sınaqlarından üzüağ çıxan Azərbaycan xalqı 44 günlük müharibə ilə yazılan zəfər salnaməsinin ikinci ildönümünü böyük qürur və iftixarla qeyd edir. Bu sevinc həm də öz yurdlarında yuvasız qalanların arzularını, tarixi ədalətin bərpasını, 30 illik həsrətin vüsalını, eləcə də üçrəngli şanlı bayrağımızın bütöv Azərbaycanda dalğalanması amalını ehtiva etməkdədir. Müasir hərb tarixinə qızıl hərflərlə yazılan bu parlaq Qələbə isə bu gün bir sıra yönləri ilə diqqəti, xüsusilə cəlb edir.

XXI əsrin ən böyük sərkərdəsinin siyasi iradəsi və
 düzgün döyüş strategiyası

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, həmçinin milli həmrəylik və Azərbaycançılıq ideologiyasının banisi ulu öndər Heydər Əliyevin güclü və modern ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi yol bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməkdədir. 
    Azərbaycan Respublikası Prezidentinin milli və dövlətçilik maraqlarımızı hər zaman rəhbər tutmaqla nümayiş etdirdiyi qətiyyətli mövqe, siyasi iradə, o cümlədən Qarabağla bağlı müəyyənləşdirdiyi düzgün strategiya və yol xəritəsi Aprel Zəfərini, Günnüt Qələbəsini təkrarlamağa hər an hazır olduğumuzun, işğalla, işğalçıyla əsla barışmayacağımızın əyani təzahürü idi. Bunu 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun düşmənin davamlı təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başlaması, nəticə etibarilə, qısa zaman ərzində tarixi ədaləti bərpa və Vətənimizi işğalçılardan xilas etməyə müvəffəq olması bir daha sübut etdi. Hərbi analitiklər etiraf edirlər ki, Azərbaycan Ordusunun mahiyyətcə “az itki, daha böyük uğur” strategiyası ilə apardığı müharibə dünya hərb sahəsində yeni reallıqlar yaratmaqla hazırda çox ciddi təhlil olunur.
    İkinci Qarabağ savaşında düzgün və düşünülmüş döyüş strategiyasının ən bariz nümunələrindən biri də, şübhəsiz ki, “Qarabağın döyünən ürəyi” və “Sən tarixin özüsən, Azərbaycanın gözüsən!” deyə bəhs edilən Şuşa şəhərinin işğaldan azad olunmasıdır. Qədim və bənzərsiz mədəniyyət nümunələri ilə zəngin olan bu tarixi şəhərin mürəkkəb dağlıq relyefdə yerləşməsinə baxmayaraq, xüsusi həssaslıqla, ağır texnikadan, pilotsuz uçuş aparatlarından istifadə etmədən, Azərbaycan əsgərinin misligörünməmiş qəhrəmanlığı, peşəkarlığı və eyni zamanda dəqiq döyüş planına uyğun olaraq azad edilməsi isə hələ də nəinki erməniləri, hətta dünyanın  hərbi ekspertlərini belə heyrətləndirir. NATO generallarının “Şuşa əməliyyatı hərb tarixində tamamilə yeni bir dönəmdir. Ermənilərin əsas hərbi qüvvəsi Şuşada idi və Azərbaycan Ordusu kiçik bir qüvvə ilə 6-7 min erməni hərbçisini tərksilah edib hərb tarixinə düşəsi hadisə yaratdılar” fikirləri də bu faktı bir daha təsdiq edir.
    2020-ci ildə Rusiyanın məşhur “Vedomosti” nəşrinin altı nominasiya üzrə illik xüsusi layihəsinin nəticələrinə əsasən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nəşrin oxucuları arasındakı səsvermədə “İlin siyasətçisi” seçilməsi də bu baxımdan təsadüfi xarakter daşımır.

Vətən keşiyində sərvaxt dayanan,
 qürur mənbəyimiz Azərbaycan Ordusu

İlk növbədə, qeyd edilməlidir ki, ölkəmizdə ordu quruculuğu prosesi sistemli və məqsədyönlü şəkildə həyata keçirilir. Sirr deyil ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ordu quruculuğunun formalaşması və maddi-texniki bazasının təkmilləşdirilməsi dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir. Bu gün ölkəmizin dinamik inkişafına uyğun olaraq keyfiyyətcə yeni mərhələyə qədəm qoyan modern və güclü Azərbaycan Ordusu ən müasir silahlara, yüksək texnologiyalara, habelə qabaqcıl hərbi-texniki vasitələrə malikdir. Təkcə bir fakta diqqət etmək kifayətdir ki, son illər ərzində Azərbaycanın hərbi sahəyə ayırdığı vəsaitlər Ermənistanın ümumi dövlət büdcəsinə bərabərdir. 
    Ölkəmizdə ordu quruculuğu sahəsində reallaşdırılan ardıcıl tədbirlərin məntiqi nəticəsidir ki, qürur və güvənc yerimiz olan Azərbaycan Ordusu hazırda dünyanın ən güclü 50 ordusundan biridir. Yenilməzliyini, məğrurluğunu dosta da, düşmənə də açıq bəyan edən müzəffər Ordumuz illərdir, ermənilərin yaratdığı “keçilməz, məğlubedilməz” mifi cəmi 44 günə puça çevirdi. 
    Ordumuzun qanı, canı bahasına əldə etdiyi Tarixi Qələbənin mühüm şərtlərindən biri də şəxsi heyətin döyüş və mənəvi-psixoloji cəhətdən yüksək səviyyədə hazırlığı, eyni zamanda genişmiqyaslı əməliyyat-taktiki təlimlərdə topladığı təcrübədir. Avropa və dünya hərb sənətində müstəsna xidmətləri olan rus sərkərdəsi Aleksandr Suvorov təlimlərin əhəmiyyətini ön plana çəkərək demişdir: “Təlim əsgərin akademiyasıdır”. 
    Ötən dövr ərzində dünyanın bir sıra qabaqcıl ölkələri ilə birgə “təlimdə tər, meydanda zəfər!” prinsipinə uyğun olaraq müxtəlif miqyaslı hərbi təlimlər uğurla reallaşdırılıb. Xüsusilə qeyd edilməlidir ki, Naxçıvan Muxtar Respublikasında da düşməni vahiməyə salan “Sarsılmaz qardaşlıq-2019”, 2020-ci ildə Azərbaycan-Türkiyə və “Sarsılmaz qardaşlıq-2021” birgə növbəti hərbi təlimlər döyüş əməliyyatları planlarının hazırlanması, peşəkarlıq səviyyəsinin daha da artırılması, o cümlədən birgə tapşırıqları icra etmək vərdişlərinin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir. 

Hərbi potensialımızın qüdrətlənməsində 
Əlahiddə Ümumqoşun Ordunun rolu və əhəmiyyəti xüsusidir

Sevindirici haldır ki, bu gün dövlətimizin hərtərəfli diqqət və qayğısı, eləcə də dövlət başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin düzgün idarəçilik, qətiyyət, əzm və siyasi iradəsi nəticəsində muxtar respublikamızda digər sahələrlə paralel ordu quruculuğu prosesi də davamlı xarakter almış, Əlahiddə Ümumqoşun Ordunun müdafiə potensialı xeyli gücləndirilmişdir. Ötən müddət ərzində Ali Məclisin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə hərbi qulluqçuların xidməti və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində yeni komplekslər tikilərək istifadəyə verilmiş, həmçinin hərbi hissələrin maddi-texniki təminatı daha da möhkəmləndirilmişdir. Belə ki, Əlahiddə Ümumqoşun Ordunun döyüş və ictimai-siyasi hazırlıqda əldə olunmuş nailiyyətlərə görə 2017-ci və 2018-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yerə layiq görülməsi də, bu qayğının real bəhrəsidir.
    Bununla yanaşı, Ali Məclis Sədrinin davamlı olaraq müxtəlif hərbi hissələrə getməsi, Əlahiddə Ümumqoşun Ordunun dağ şəraitində və hakim yüksəkliklərdə yerləşən hissə və bölmələrində xidmət şəraiti ilə şəxsən tanış olması hərbi qulluqçulara mənəvi-psixoloji dəstək verməklə bərabər, vətənpərvərlik hisslərini daha da gücləndirir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun 2018-ci ilin may ayında keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı 11 min hektar ərazinin düşməndən azad edilməsi də bunun əyani təzahürüdür. Ordumuzun Günnüt Zəfərindən sonra dövlət sərhədi boyunca əlverişli mövqelərə, eləcə də strateji yüksəkliklərə yiyələnməsi, şübhəsiz ki, Tarixi Qələbəyə gedən çətin, lakin şərəfli yolda çox mühüm əhəmiyyət kəsb edib.
    İftixar hissi ilə deyə bilərik ki, rəşadətli Ordumuzun 44 günlük Zəfər Salnaməsində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da öz vəzifə borclarını peşəkarcasına, o cümlədən şərəf və ləyaqətlə icra edərək, haqq-ədalətin və ərazi bütövlüyümüzün bərpasında müstəsna rol oynayıblar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev deyib: “Naxçıvanlılar da İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. İndi müharibə başa çatır, bu günə qədər açıqlanmayan bəzi məsələlər də üzə çıxacaq və hər kəs biləcək ki, başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər, naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”.
    Məlum olduğu kimi, 2021-ci il 10 may tarixində – ümummilli liderin doğum günündə ölkə Prezidentinin Naxçıvan Muxtar Respublikasına tarixi səfəri bir sıra əlamətdar hadisələrlə xarakterizə olunmaqdadır. Belə ki, dövlət başçısı səfər çərçivəsində Mərkəzi Hospitalın və aerodromun açılışında iştirak edib, habelə ordu quruculuğu istiqamətində həyata keçirilən işlərlə yaxından tanış olub, mahiyyət etibarilə muxtar respublikanın ümumi inkişafını yüksək qiymətləndirib.

İnformasiya müharibəsində qalib gələn 
dövlətin cəbhədə də uğur qazanması labüddür

Ölkəmiz bu gün müasir dövrün yeni çağırış və tələblərinə adekvat cavab verir, eyni zamanda bütün istiqamətlər üzrə məlumatlılıq səviyyəsinin artırılması, informasiyanın ictimaiyyətə  dəqiq və dolğun çatdırılması sahəsində fəal dövlət siyasəti yürüdür. Etiraf etmək lazımdır ki, bir sıra yönləri ilə diqqətçəkən informasiya savaşı çağdaş dövrümüzdə cəbhə xəttindən heç də geridə qalmır. Azərbaycan dövləti 44 gün ərzində Vətən müharibəsini nəinki döyüş meydanında, həmçinin informasiya məkanında aparırdı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu dövr ərzində Azərbaycanın haqlı mövqeyinin sistemli şəkildə daha geniş auditoriyaya çatdırılması, düzgün, obyektiv işıqlandırılması məqsədilə 30-a yaxın xarici kütləvi informasiya vasitələrinə müsahibə verib. Çoxsaylı televiziya kanallarının müsahibə üçün məhz ilk olaraq Azərbaycan Respublikasının Prezidentinə müraciət etməsi də, şübhəsiz ki, güclü liderin nüfuzundan irəli gəlir.
    Xüsusilə qeyd olunmalıdır ki, 44 günlük Vətən müharibəsi dövründə Naxçıvan mətbuatının da üzərinə böyük məsuliyyət yükü düşüb. Belə ki, qələmi ilə xalqına xidmət edən muxtar respublika jurnalistləri ictimaiyyətə tam, dolğun, eləcə də operativ məlumatlar çatdıraraq, müxtəlif mövzuları peşəkarlıqla işıqlandıraraq, cəmiyyətin informasiya tələbatını tam və dolğun ödəyərək informasiya savaşının yenilməz əsgərinə çevrildilər. Bəli, media sahəsində aparılan sistemli və düzgün siyasət bir daha təsdiq etdi ki, muxtar respublika jurnalistləri uğurlu informasiya savaşının mühüm bir parçasıdır və bu gün öz vəzifə borclarını vicdanla, sədaqətlə yerinə yetirməkdədirlər.

Birlikdən doğan güc və ya milli 
həmrəyliyin bəhrəsi

Şübhəsiz ki, BÖYÜK QƏLƏBƏni şərtləndirən əsas amillərdən biri də sarsılmaz xalq-lider-ordu birliyi, həmçinin xalqın öz liderinə sonsuz etimadı, güvənc yeri olan orduya isə mənəvi dəstəyi idi. Kiçikdən-böyüyə, qadın-kişi bilmədən bütöv Azərbaycan xalqı hər zaman olduğu kimi, bu həssas dönəmdə də dövlətinin, ordusunun yanında olmaqla vətəndaşlıq missiyasını layiqincə yerinə yetirdi. Bununla yanaşı, haqq savaşımız ərəfəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bütün sahələr üzrə tam komplektləşdirildiyi və ordunun heç nəyə ehtiyacı olmadığı halda aylıq təqaüdünü könüllü olaraq Silahlı Qüvvələrin yardım fonduna ödəyənlər də az deyildi, evinin məişət əşyalarını göndərənlər də. Bu addım, həqiqətən də, nümunəsi çox az görülmüş dövlət-xalq-ordu vəhdətinin ən gözəl örnəyidir.
    Bu gün beynəlxalq aləmdə nüfuz sahibi olan Azərbaycan sürətli və davamlı inkişaf mərhələsinə qədəm qoyub. Təbii ki, bu yeni inkişaf mərhələsi uzun illər tarixi-mədəni irsimizin məhvindən, habelə döyüş meydanından quruculuq meydanına keçidi ilə şərtlənir. Xalqımızın ümummilli lideri Heydər Əliyev deyirdi: “Şuşa əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”. Artıq günümüzdə Şuşa da daxil, əzəli və əbədi Qarabağ öz doğma sahiblərinə qovuşmanın, 28 illik hicranın vüsalını yaşayır, çoxsaylı mədəni-siyasi tədbirlərə uğurla ev sahibliyi edir.
    P.S. Məşhur deyimdə də vurğulandığı kimi: “Tarixi qaliblər yazır və yalnız onların adı əbədiyyətə həkk olunur”. 44 günlük savaşında məntiqi yekunu kimi 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bütün hərbi əməliyyatların tam dayandırılmasını ehtiva edən üçtərəfli Bəyanat imzalandı. Bu, Azərbaycanın döyüş meydanı ilə yanaşı, həm də siyasi arenada parlaq qələbəsi, düşmən ölkənin isə güc və qüdrətimiz qarşısında dözüm göstərə bilməyərək rüsvayçı məğlubiyyəti, kapitulyasiyası idi. O kapitulyasiya aktı ki regionda Azərbaycanın maraqlarına uyğun olan yeni siyasi reallıqlar yaradıb, o cümlədən Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasını şərtləndirib!

Arif BAYRAMOV 
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
 mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

Nəşr edilib : 02.11.2022 20:44