AZ EN RU

Şanlı tariximizin dik duruşu, sınmayan mübarizə ruhu və dirçəliş carçısı 20 Yanvar

Azərbaycan xalqının Ümummilli Lideri Heydər ƏLİYEV:  "20 Yanvar gününü xatırlayarkən hər birimiz, eyni zamanda böyük iftixar hissi keçiririk. Çünki xalqımız həmin təcavüz qarşısında özünün əyilməzliyini, sarsılmazlığını bütün dünyaya sübut etdi. Şəhidi olan xalq qəhrəman xalqdır. Biz şəhidlərimizin qəm-qüssəsini çəkirik, ancaq onların şəhidliyə getməsi ilə fəxr edirik. Çünki onlar Vətən, ana torpaq, millət, Azərbaycan yolunda həlak olublar".

    Üstündən 34 il keçməsinə baxmayaraq, xalq azadlığımızın ilk qaranquşları olan 20 Yanvar şəhidlərini ehtiramla yad edir, müstəqilliyimizin ilk carçılarını fəxrlə anır, bütün yarım qalan həyat hekayələrinə, arzulara baxmayaraq, şəhidlərimizin ruhu şaddır deyə düşünürəm. Çünki onların müdhiş cəsarəti, gücü və milli birliyindən yaranmış istiqlaliyyət eşqi sanki gələcək nəsillərin üzərinə üfürülmüşdü və bütün proseslərin mərkəzində onların sələfləri – yeni bir tarix yazan qəhrəman şəhidlərimiz, eyni zamanda xalqımız və onun güclü lideri dayanır. İndi Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etmiş, müstəqilliyini yeni sütunlarla bərkitmiş, güclənərək qüdrətini birə-beş artırmış dövlət kimi ən yüksək inkişaf dövrünü yaşayır. Şuşa, Xankəndi, Ağdam, Xocalı, Laçın, Kəlbəcər, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və ən nəhayət, adını çəkəndə ürəyimizi dağlayan Xocalı kimi neçə yurd-yuvamız vüsalına qovuşub. Kütləvi qırğın görmüş, ağır faciə yaşamış və dağıdılmış bütün ərazilərimiz dirçəldilir, əvvəlki gözəlliyinə qovuşmaqla bərabər həm də müasir libasa bürünür. Buna görə də biz azərbaycanlılar haqlı olaraq ədalət təntənəsində, zəfər ucalığında bir mövqedəyik və buradan göy üzünə baxarkən daha əvvəlkitək mələklərin ahını eşitmirik, şəhid ruhunun nikbinliyini duyuruq. Daha qara buludlara məna vermirik, yurdumuza gümrahlıq verən günəşin şəfəqləri ilə isinib, firavan, təhlükəsiz bir mühitdə yaşayır, güclü dövlət və güclü ordu ilə mühafizə olunuruq.
    Bütün bunlarla yanaşı, biz heç vaxt tariximizi, tarixin əsas qəhrəmanlarını unutmuruq və unutmayacağıq da. Bizim xalq olaraq formalaşmağımızda, bugünkü və gələcək taleyimizin kökündə tariximiz yaşayır. Yanvar hadisələrinin dəyəri, faciə qurbanlarının xatirəsi və mirası qəlbimizdəki, zehnimizdəki yeri ilə əbədiyyən bizimlədir. 1990-cı ilin 20 yanvarında baş verənlər azərbaycanlıların milli mənliyinə, milli azadlıq ruhuna təcavüz cəhdi idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Biz 20 Yanvar tarixini milli matəm, hüzn günü kimi yox, milli iftixar hissi ilə yad edirik. SSRİ rəhbərliyinin azərbaycanlılara qarşı törətdiyi bu qanlı cinayət Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə, xalq daha sıx birləşdi, onun mübarizliyi daha da artdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. 

    Həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz Vətən övladlarının qanı bahasına uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.
    O ağır günlərdə Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirilməsi ilə bağlı ilk reaksiya Ulu Öndər Heydər Əliyevin simasında cəsarətlə bütün dünyaya bəyan edildi. Siyasi fəaliyyəti baxımından riskli olmasına baxmayaraq, Ulu Öndər vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən irəli gələn cəsarətli bəyanatı ilə dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi. Hadisələrin ertəsi günü həyatını təhlükəyə ataraq Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gedən dahi azərbaycanlı bu terrora, hərbi təcavüzə qarşı öz etiraz səsini ucaltdı. 
    Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra gördüyü ilk işlərdən biri də məhz faciənin hüquqi qiymətləndirilməsi və günahkarların cəzalandırılması istiqamətində olub. Ümummilli Lider Heydər Əliyevin faciənin dördüncü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı 1994-cü il 5 yanvar tarixli Fərman, Milli Məclisdəki tövsiyə və tələb xarakterli çıxışları faciəyə tam siyasi-hüquqi qiymət verilməsi yolundakı əzmkar mübarizəsini göstərirdi. 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. 
    Ölkəmizin hər bir guşəsində, eləcə də onun Naxçıvan Muxtar Respublikasında hər il 20 Yanvar hadisələrinin ildönümü dərin ehtiramla qeyd edilir, igid övladlarımızın fədakarlığı bir daha xatırlanır, onların əziz xatirəsi yad olunur. Naxçıvan şəhərində və muxtar respublikanın rayon mərkəzlərində Vətən şəhidlərinə xatirə kompleksləri ucaldılıb, küçələrə, təhsil ocaqlarına onların adları verilib. Doğma diyarımızda müharibə veteranlarının, şəhid ailələrinin və əlillərin problemlərinin dövlət səviyyəsində həlli mühüm vəzifələrdən biridir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da yaxşılaşdırılır. Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatı da 20 Yanvar hadisələrinin və zaman-zaman xalqımıza qarşı törədilən cinayətlərin gənc nəslə çatdırılması, onlarda milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi ilə bağlı tədbirlər təşkil edir, milli qəhrəmanlarımız və şəhidlərimiz gənclər arasında geniş təbliğ olunur. 
    20 Yanvar, eləcə də Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının ailələri tam dövlət qayğısı ilə əhatə olunub. 
    Bu gün müasir tariximizin ən unudulmaz və şərəfli dövrünü yaşayırıq. Azərbaycan son 200 ildə ilk dəfə itirilən torpaqlarını geri qaytarıb, suverenliyini tam bərpa edib. 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən bir müddət sonra – ötən ilin sentyabrında cəmi bir gün ərzində uğurla icra olunan uğurlu antiterror əməliyyatları nəticəsində düşmən separatizminə tamamilə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Müharibə cinayətkarlarının ədalət qarşısına çıxarılmasını və mühakiməsini məhz Azərbaycan dövləti həyata keçirdi, Xankəndidə böyük hərbi parad təşkil olundu. Bütün bunlar ölkəmizin azad, müstəqil və güclü dövlət olduğunun, xalqımızın birliyinin, qüdrətinin dünyaya açıq formada bəyanıdır. 
    1990-cı il 20 Yanvar hadisəsini, həmin gün şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, tərəqqimizin bünövrəsinin qoyulduğunu gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqlar. Çünki bir millət kimi sınmadığımızın, əyilmədiyimizin, məğlub olmadığımızın, ümummilli mənafelər uğrunda birləşə bildiyimizin, azadlığımızı və müstəqilliyimizi qanımızla və canımızla əldə etdiyimizin sübutu olan 20 Yanvar qan yaddaşımıza yazılmış tariximiz, eyni zamanda qəhrəmanlıq salnaməmizdir. Bu tarixi yazanların və bu tarixin hüquqi, siyasi və tarixi qiymətini verənlərin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir.
    Biz Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqıq. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Öz canları, qanları bahasına döyüşərək böyük qələbələrə nail olan əsgər və zabitlərimiz həm də 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş oğul və qızlarımızın qanını yerdə qoymadı. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər.

Mirməcid SEYİDOV
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar 
Respublikası Təşkilatının sədri

Nəşr edilib : 20.01.2024 00:05