AZ EN RU

Şanlı Naxçıvanın fədakar salnaməçiləri

Jurnalistika, - söhbət əslindən gedir, - qəlbin peşəsidir, könül işidir. Çətindir, məşəqqətlidir, yorucudur, amma sevirsənsə, ondan ayrıla bilmirsən...

Yaradıcılıqda əsas missiya da elə məhz yaradıcı olmaqdır. Kiçik bir xəbərlə mükəmməl publisistik yazının, xırda açıqlama ilə müfəssəl təhlilin arasında olan fərq, əslində peşəkarlıq baxımından o qədər də əhəmiyyət kəsb etmir. Nə mövzuda, nə həcmdə, nə janrda yazırsansa yaz, ərsəyə gətirdiyin məhsul - mətn keyfiyyətli, lazımlı, oxunaqlı, obyektiv olmalıdır, onun cəmiyyətə faydası gərəklidir.

Başqa sözlə, ürəkdən gəlməlidir...

Həm də jurnalist ən obyektiv salnaməçidir, dünənlə bugünün və sabahın arasında etibarlı məlumat körpüsüdür, daim istinad ediləcək mənbədir...

 147-ci ildönümün düşüncələri

 Ustadlarımız belə deyib, indi “nəsli kəsilməkdə olan zümrə”yə çevrilən əsl jurnalistlər də belə düşünür...

Təəssüf ki, milli jurnalistikamızda “əsl və saxta”, “peşəkar və naşı” ayrımı heç vaxt olmadığı qədər bu gün aktualdır. Keçid dövrünün onilliklərdir bitmədiyi jurnalistikada indi çox cavabsız sualların (onların çoxu bəlkə də ritorikdir, cavabları bəllidir) qarşısında aciz qalırıq...

“Yolumuz haradır?”, “medianın sosial şəbəkələrə qurban verilməsi nə qədər davam edəcək?”, “məsuliyyətsiz hay-küyün sədası peşəkar sözdən niyə daha çox eşidilir?”, “onilliklərdir aparılan media islahat-eksperimentləri nə vaxt bitəcək və nə zaman uğurla nəticələnəcək?”, “dünyada qəzetə marağın qayıtdığı dönəmdə bizdə yazılı medianın çıxdaş edilməsi düzgündürmü?”, “yeni nəsil jurnalist hazırlığı və formalaşdırılması prosesi niyə tənəzzüldədir?”... kimi çoxsaylı sualların ağır məngənəsində mili mətbuatın 147-ci ildönümünə hazırlaşırıq...

Cəmiyyətin səsləndirdiyi suallara obyektiv və real cavablar verməyə borclu olan jurnalistlərin özlərinin bu sualları cavabsız qalır...

Qələm sevdası elə budur... Sualların cavabsızdır, peşən ağırdır, amma sıxıntılar, çətinliklər içində yenə də öz qələminlə şam timsalı yaradırsan, zülmətləri yarmağa çalışırsan, cəmiyyətin azalan nurunu öləziməyə qoymursan...

Həqiqət ardınca qaçırsan, bəzən hədəfə çevrilirsən, bəzən güzəştə gedirsən, yaxud da qələminin kimlərinsə qırmasına macal vermədən onu özün qırıb bir kənara çəkilirsən... Amma əsla peşənə xəyanət etmirsən... Əsl jurnalist həyatı əsrlərdir ki, belə yaşanır...

Lakin bir yazının uğuru, doğurduğu müsbət əks-səda elə bir sevincdir, duyğudur ki, onun təəssüratı bütün çətinlikləri unutdurur...

Və qələminə yenə də bərk-bərk sarılırsan, öz mənəvi ağrılarını özün sağaldıb, motivasiya edirsən...

Jurnalist həyatının sıxıntılarını ən çox yaşayanlar isə bölgələrdəki həmkarlarımızdır. Əyalət mediası özünün indi heç vaxt olmadığı qədər ağır durğunluq, ciddi böhran, peşəkar kadr çatışmazlığı dövrünü yaşayır. Bölgə jurnalistikası sanki sonuncu nəfəsini verir və tükənir...

Ümumilikdə isə mətbuatımız itirir, jurnalistikamızın üzləşdiyi fəsadlar gündən-günə ağırlaşır...

Regional inkişafın dünyada ən mükəmməl nümunələrindən birini yaradan, məmləkətdə bölgələrdəki bu tərəqqini, intibahı ölkə ictimaiyyətinə ətraflı çatdıracaq, sabahkı nəsillərə salnamə kimi ötürəcək yaradıcı sistem - bölgə mətbuatı məhvə doğru gedir...

Nə yaxşı ki, bu acı mənzərədə bir istisna var...

 Naxçıvanın peşəkar sədası

 ...Naxçıvanda qaldığımız hotelin üst qatından ətrafa nəzər salarkən bələdçimizdən qarşıda yerləşən binaların təyinatını soruşurduq. Üçmərtəbəli yaraşıqlı binanın bir qəzetə məxsus olduğunu eşidəndə, sözün düzü, təəccübləndik. Muxtar respublikanın inzibati mərkəzinin əsas küçələrindən birində belə böyük binaya sahib olan qəzet 101 yaşlı “Şərq qapısı”dır!

“Hər bir ənənə yaşamalıdır” - yanaşması tamamilə səhvdir. Özündə mükəmməl təcrübəni əks etdirən, müasir dövrdə də aktuallığını qoruyan, faydalı və ibrətli olan, ən əsası isə, dəyərə çevrilən ənənələr yaşadılmalı, öyrənilməli, istifadə olunmalıdır, xüsusən də mətbuatda. Belə ənənələr yeni dövrün çağırışları, tələbləri, prosesləri ilə birləşəndə isə nəticə uğurlu olur. “Şərq qapısı”nda olduğu kimi...

Ölkənin yeganə rəsmi dövlət qəzeti olan “Azərbaycan” üçün Naxçıvan Muxtar Respublikasının rəsmi nəşri “Şərq qapısı” hər zaman bir köynək yaxın olub, onu əsl dost, qardaş qəzet saymışıq. İki KİV arasında onilliklər boyu səmimi və etibarlı əməkdaşlıq formalaşıb. Belə möhtəşəm binada yerləşən qardaş qəzeti ziyarət etmək isə mənəvi borcumuz idi.

Çox qəzetin tarixdə izi qalır, 101 yaşlı “Şərq qapısı” isə elə müasir dövr tarixinin özüdür. Heç də mübaliğəyə varmadıq, şişirtmədik. Bu gün Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, Ulu Öndər Heydər Əliyevin adını daşıyan hər bir mərkəzdə, muzeydə “Şərq qapısı” qəzetinin hansısa səhifəsinin fotonüsxəsini görə bilərik. Yaxud Ümummilli Liderin irsini araşdıranlar, Azərbaycanın Qurtuluş missiyasının başlanğıc mərhələsi olan Naxçıvan dövrünü öyrənənlər məhz əsas istinad mənbəyi kimi “Şərq qapısı”nın qapısını döyür...

Necə ki, 1918-1920-ci illərin “Azərbaycan” qəzeti araşdırmaçılar üçün Xalq Cümhuriyyətinin ən mükəmməl fəaliyyət salnaməsi, o dövrdəki prosesləri dəqiq və vicdanla işıqlandıran mənbədir, eləcə də “Şərq qapısı”nın 1990-1993-cü illərdəki nömrələri tariximizin möhtəşəm dönüş mərhələsini obyektiv və əhatəli təqdim edən əsas vasitədir...

Bu gün isə Naxçıvanın inkişaf, quruculuq salnaməsinin obyektiv sədasıdır...

     Heydər Əliyevin redaktə etdiyi qəzet

 Ulu Öndər üçün “Şərq qapısı” hələ uşaqlığından etibarən hər zaman sevimli, doğma qəzet olub: “Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”.

Ən əsası, bu qəzetə verdiyi yüksək dəyəri başqa heç bir KİV barədə söyləməyib: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm”...

Ötən əsrin 70-80-ci illərində o zaman başqa adlarla çıxan bu qəzeti və onun əməkdaşlarını yüksək dövlət mükafatları ilə təltif edən Ümummilli Lider Naxçıvana dönən kimi də ilk müsahibəsini məhz bu qəzetə verdi. “Şərq qapısı”nın 26 iyul 1990-cı il tarixli nömrəsində dərc olunan müsahibə həm də Ulu Öndərin Vətənə qayıtdıqdan sonra Azərbaycan mətbuatında dərc olunan ilk açıqlaması idi. Bir məqamı da xatırladaq ki, 80-ci illərin sonlarında Azərbaycan mətbuatında Heydər Əliyevə qarşı total qarayaxma kampaniyası aparılarkən, Ulu Öndərin Moskvada “Teatr” jurnalına verdiyi müsahibə tərcümə edilərək “Şərq qapısı”nda dərc olunmuşdu.

“Şərq qapısı” ötən əsrin 90-cı illərinin əvvəllərində Heydər Əliyevin əsas, daha doğrusu, yeganə tribunası idi. Yalnız Ulu Öndərin Naxçıvandakı fəaliyyəti, gördüyü işlər, imzaladığı tarixi sənədlər burada əks olunmurdu, həm də Xilaskarın Azərbaycan cəmiyyətinə ünvanladığı mesajlar, müstəqilliklə bağlı strateji yanaşmaları bu qəzet vasitəsilə xalqa çatdırılırdı. Muxtar respublikanın və şəxsən Heydər Əliyevin ətrafında yaradılmış informasiya blokadasının yarılmasında əsas fəallığı göstərən “Şərq qapısı”nın fədakar jurnalistləri həm də Ulu Öndərin cəfakeş təbliğatçıları idilər.

Şahidlər danışır ki, qəzetdə dərc olunacaq sənədləri, qərarları, özünün müsahibələrini, açıqlamalarını Ümummilli Lider redaktə edir, yaradıcı prosesə bənzərsiz töhfəsini verərmiş. Onun əsas istədiyi isə jurnalistlərin proseslərlə bağlı azad mövqeyini ifadə etmələri, mətbuatın tam müstəqilliyinin təmini idi. Heydər Əliyev “Şərq qapısı”nın fəaliyyətini daim himayəsində saxlayır, o çətin günlərdə nəşrini dayandırmasına imkan vermirdi. Bunlar isə Ulu Öndərin sonradan daha geniş miqyas alaraq Azərbaycan mətbuatının inkişafına, söz və mətbuat azadlığının təmininə yönələn fəaliyyətinin ilk qığılcımları idi.

1996-cı ildə yubileyi ilə bağlı qəzetə Heydər Əliyev təbrik məktubu da göndərib: “75 illik şərəfli yaradıcılıq yolu keçmiş “Şərq qapısı” qəzeti öz səhifələrində muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatını, əhalisinin qayğı, istək və arzularını dolğun əks etdirməklə oxucularının rəğbətini qazanmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra “Şərq qapısı” qəzetinin kollektivi öz fəaliyyətində əsaslı dönüş yaratmış, ölkəmizdə gedən yeni cəmiyyət quruculuğu və demokratik dəyişikliklərin həyata keçirilməsi prosesinə fəal qoşulmuşdur”...

Azərbaycanda ən böyük binası olan qəzet

 Beləliklə, “Şərq qapısı”ndayıq. Qəzetin baş redaktoru Mehriban Sultan tanınmış qələm sahibidir, peşəkar jurnalistdir, həm də tədqiqatçı-alimdir. Onunla bu möhtəşəm binanı gəzirik. “Bilirsiniz ki, Azərbaycanda ən böyük bina sizin qəzetə məxsusdur?” sualımıza gülümsünür və “Bu, böyük etimaddır. Etimada da məsuliyyətli işimizlə, yüksək yaradıcı keyfiyyətlə cavab verməyə çalışırıq” deyir.

2010-cı ildə mətbuat günündə Ali Məclis Sədri Vasif Talıbov tərəfindən açılan bu binanı, əslində, 4 mərtəbəli saymaq olar. Özlərinin zirzəmi dedikləri alt mərtəbədə dünya standartlarına uyğun avadanlıqlarla təchiz edilən, poliqrafiyanın ən müasir trendlərini əxz edən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi və mətbəəsi yerləşir.

Gündəlik nəşrin iş qrafikinin gərgin olduğunu burada da görürük. Müxbirlər kompüter arxasında məqalələrini hazırlayır, korrektorlar mətnlər üzərində düzəlişlər edir, yığıcılar və dizaynerlər tərtibatla məşğuldurlar, redaktor heyəti isə ilkin qəzet səhifələri üzərində çalışırlar. Bütün otaqlar çox işıqlıdır, mebellə, müasir avadanlıqlarla, kompüterlərlə tam təmin olunublar. Yəni binanın çölü də gözəl, içi də...

Həmkarlarımızla söhbətləşirik. 20 ildən artıqdır ki, “Şərq qapısı”nda yaradıcılıq fəaliyyəti ilə məşğul olan məsul katib Muxtar Məmmədovun muxtar respublikada jurnalist kadrların formalaşması baxımından da müstəsna əməyi var. Onun müavini Məhəbbət Mirzəyeva 25 illik jurnalist təcrübəsinə malik qələm sahibidir. Səbuhi Həsənovun muxtar respublikanın tarixi, turizm potensialı, iqtisadiyyatı, həyata keçirilən sosial  siyasəti ilə bağlı məqalələri mükəmməl araşdırmalardır. İqtisad elmləri namizədi  Əli Cabbarov səmərəli jurnalist fəaliyyəti ilə oxucu rəğbəti qazanıb.

Və “Şərq qapısı”nda gənclik ruhunu, gənclərin iştirakını yaradıcılığın hər mərhələsində aydın müşahidə edirik...

Qəzetdə 10-dan çox jurnalistin çalışdığını deyən Mehriban Sultan qeyd edir ki, yaradılan dövlət qayğısı sayəsində son illərdə gənc kadrlara yüksək etimad göstərilir, onlar qocaman, təcrübəli jurnalistlərlə çiyin-çiyinə çalışırlar ki, bu da jurnalistikada nəsillərarası əlaqə yaratmaqla təcrübə mübadiləsinə, jurnalist potensialının gəncləşməsinə xidmət edir.

Hazırda ölkə üzrə jurnalistkanın ən ağrılı problemlərindən biri olan bu məsələ “Şərq qapısı”nda, həqiqətən də, uğurlu həllini tapıb. Bunu eşitdiklərimiz yox, gördüklərimiz təsdiqlədi. Ali Məclis Sədrinin təşəbbüsü ilə NDU-nun Jurnalistika fakültəsində təhsil alan tələbələr qəzetdə davamlı təcrübə keçir, peşənin incəliklərini öyrənirlər. Muxtar respublikada jurnalistika sahəsində kadr potensialının formalaşdırılmasına göstərilən bu diqqətin nəticəsidir ki, qəzetdə təcrübəli jurnalistlərlə yanaşı, xeyli gənc əməkdaş da çalışır. Burada hətta tələbə də işə götürülür, əlbəttə ki, bacırığı, istedadı qaneedici olanda... “Şərq qapısı” hami təşkilat kimi Naxçıvan Dövlət Universitetinin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrası ilə birgə muxtar respublikada ali təhsilli mütəxəssis hazırlığı, tələbə-jurnalistlərin mətbuatda çıxışlarının təşkili ilə bağlı davamlı tədbirlər həyata keçirir. Ən əsası isə, gənc jurnalistlərin bütün təşəbbüslərinə açıqdırlar.

Nədən yazmalı?

 Ötən il qəzetin 100 illik yubileyi muxtar respublikada silsilə tədbirlərlə geniş qeyd edilib. Ali Məclis Sədrinin sərəncamları ilə redaksiya əməkdaşlarının maaşları artırılıb, fəxri adlar, mükafatlarla təltif olunublar.

Oxucular tərəfindən rəğbətlə qarşılandıqlarını, məqalələrin müsbət əks-səda doğurduğunu söyləyən həmkarlarımıza “bəs təsisçinin sizdən tələbi nədir?” sualını ünvanlayırıq. Məlum olur ki, tələb yoxdur, çünki burada qəzetin fəaliyyətinə müdaxilə yolverilməzdir. Sadəcə “Şərq qapısı”na Ali Məclisin tövsiyəsi var: dövrün tələbinə uyğun, insanları düşündürən yazıların hazırlanması, çevik informasiya siyasəti aparılması, milli dəyərlərimizin, adət-ənənələrimizin təbliği, vətəndaşımızda, gənclərimizdə vətənpərvərlik, yurd sevgisi hissləri və milli duyğuların güclənməsinə töhfə, Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişaf, quruculuq salnaməsini yaratmaq və tarixləşdirmək, bütün yaşayış məntəqələrinin, eyni zamanda ucqar dağ və sərhəd kəndlərinin həyatının qəzet səhifələrində obyektiv əksini tapması...

Hələ üstəlik tənqidi materialların artırılması da xüsusi istənilir...

Redaksiyada olarkən dəyərli publisistik yazıların müəllifi Gülcamal Tahirova bizdən müsahibə aldı və geniş material “Şərq qapısı”nda dərc olundu. Həmçinin Naxçıvan Televiziyasının əməkdaşı Adilə Səfərovanın telereportajı da muxtar respublikanın mərkəzi telekanalının xəbərlərində yayımlandı.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi və onun mətbəəsi ilə tanış oluruq. Buradakı cild, çap sexlərində olan avadanlıqların əksəriyyəti alman texnologiyasıdır ki, yüksək texnologiyanın tətbiqi işləri keyfiyyətli, yüksək poliqrafik göstəricilərlə, sərfəli qiymətlərlə həyata keçirməyə imkan verir.

Mətbəədə kadr hazırlığına da diqqət yetirilir. Müasir avadanlıqların düzgün idarə olunması, texniki qulluğun göstərilməsi, fəaliyyətin günün tələbləri səviyyəsində qurulması üçün işçilər Türkiyə və Bakıda müxtəlif kurslarda olmuş, biliklərini təkmilləşdirmiş, avadanlıqların tam funksional olaraq idarə olunmasını öyrənmişlər. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi 10 qəzetdən əlavə kitab, miniatür kitab, məktəbli ləvazimatı, jurnal və digər çap materiallarının hazırlanmasını həyata keçirir.

 Naxçıvanda gur yanan maarifçilik məşəli

 Səfər müddətində bizə yardımını əsirgəməyən, yol yoldaşımız olan Ali Məclis Aparatının baş məsləhətçisi Rəmzi İbrahimovdan muxtar respublikada KİV-in ümumi fəaliyyətini öyrənirik. Hazırda muxtar respublikada “Şərq qapısı” ilə yanaşı, 8 şəhər və rayon qəzeti, 3 televiziya, 3 radio və 6 nəşriyyat fəaliyyət göstərir, kütləvi informasiya orqanlarında 400-dən artıq əməkdaş çalışır. Sürətli internetə çıxış imkanlarının yaradılması və rəqəmsal yayıma keçid Naxçıvanın informasiya blokadasının yarılmasına, qədim diyar haqqında məlumatların daha operativ çatdırılmasına imkan verir.

Media sahəsində inkişafın keyfiyyətcə yeni mərhələyə yüksəldiyini söyləyən Rəmzi İbrahimov əlavə edir ki, mətbuat sahəsində çalışanların əməkhaqları artırılıb, fərqlənən jurnalistlər fəxri adlara layiq görülüb: “Hərtərəfli qayğı KİV-də keyfiyyət dəyişikliyi yaradıb. Bunun nəticəsidir ki, qəzetlərin maddi-texniki bazası mərhələli şəkildə möhkəmləndirilib, yaradıcılıq imkanları artırılıb. 2018-ci ildə “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manata yaxın olan müxtəlif avadanlıqlar alınıb. Dövlət teleradiosuna yeni çəkiliş və efir avadanlıqları alınıb. Bu gün Naxçıvan Televiziyası, o cümlədən “Naxçıvanın səsi” radiosu və “Kanal 35” Televiziyası ən müasir rəqəmsal bazaya malikdir. “Nuhçıxan” İnformasiya Agentliyi muxtar respublika ilə bağlı ən mühüm informasiya, təhlil və analitik məqalələri, foto və videoinformasiyaları dünyaya çatdırır. Naxçıvan Mətbuat Şurasının 2019-cu ildən etibarən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv olması isə Naxçıvan mediasının beynəlxalq müstəviyə çıxarılma səviyyəsini təsdiqləyir, eyni zamanda bu sahədə əlaqələrin genişlənməsinə də zəmin yaradır. Elə ötən il ərzində muxtar respublikada Medianın İnkişafı Agentliyi yaradılıb, dövlət teleradiosunun fəaliyyəti yenidən təşkil olunub, Naxçıvan Dövlət Universiteti Televiziyasının bölgə miqyasında yayımı təmin edilib”.

Naxçıvan səfərimizdə müşahidə etdiyimiz bir maraqlı məqama da toxunaq. Hərbi hissələrdə, məktəblərdə, universitetlərdə, dövlət müəssisələrində, bir sözlə, bu diyarın hansı məkanında olduqsa, “Oxunması zəruri olan kitablar” stendini və orada \xeyli kitabı gördük. Öyrəndik ki, muxtar respublika Ali Məclisinin Sədri Vasif Talıbovun təşəbbüsü ilə 2017-ci ildə Naxçıvanda maarifçiliyə əhəmiyyətli töhfə olan bir proses başlanılıb, xüsusən də gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən kitablar müəyyənləşdirilib.

Bu kitabların çapına, müvafiq mərkəzlərdə, guşələrdə yerləşdirilməsi işinə dərhal başlanılıb və qısa müddətdə Naxçıvanın dörd bir yanında 33 kitabın timsalında yeni maarifçilik məşəli alovlanıb.

Kitabların siyahısına nəzər salırıq, mükəmməl ədəbi zövq, əsl milli hisslər, yüksək bəşəri duyğular əsasında hazırlandığı dərhal diqqəti cəlb edir. Ümummilli Lider Heydər Əliyevin “Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciət”i ilə başlayan silsilədə “Kitabi-Dədə Qorqud” dastanı, “Nizaminin hikmət və nəsihətləri”, Nəsrəddin Tusinin “Əxlaqi-Nasiri”, Cəlil Məmmədquluzadənin “Hekayələr”, Qurban Səidin “Əli və Nino”, Məmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam”, Seyid Əzim Şirvaninin “Seçilmiş əsərləri”, Sədi Şirazinin “Gülüstan” və digər belə mili ruhlu əsərlərlə yanaşı, həm də dünya ədəbiyyatının inciləri - Teodor Drayzerin “Dahi”, Cek Londonun  “Həyat eşqi”, Ernest Heminqueyin “Qoca və dəniz”, Nikolo Makiavellinin “Hökmdar”, Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” kimi şedevrlər əks olunub. Gənclərə tövsiyə edilən kitablar içində ingilis casusunun etirafları əsasında radikal dini təriqətləri ifşa edən “Mister Hemferin xatirələri” əsəri ilə yanaşı, “İslamda müdrik kəlamlar”ın da olması, ABŞ-ın 16-cı Prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu ilə bərabər, Rəşidəddin Fəzlullahın “Oğuznamə” əsərinin də əks edilməsi, həqiqətən də, alqışlanası, ibrət götürüləsi hadisədir.

Bu əsərləri oxuyan, onların təsiri ilə formalaşan yeniyetmələr, gənclər həm məmləkətə layiqli vətənpərvər övladlar tək yetişəcək, həm də dünyaya özlərini modern təfəkkürlü, humanizm ənənələrinə sadiq vətəndaş kimi təqdim edə biləcəklər. Belə təşəbbüslərin geniş miqyasda davamı və gerçəkləşməsi isə maarifçiliklə bərabər, dövlət maraqlarına da birbaşa xidmət edir.

Naxçıvanda mətbuatın təməli 101 il öncə “Cavanlar həyatı” qəzeti ilə qoyuldu. Bu şanlı bayrağı indi peşəsinə məsuliyyətlə, qələminə sədaqətlə daşıyan “Şərq qapısı”, “Nuh Yurdu”, “Yeni Fikir”, “Şərurun səsi”, “Şərqin səhəri”, “El həyatı”, “Arazın səsi”, “Oğuz səsi”, “Yeni həyat”, “Oğuz yurdu” qəzetləri, informasiya portalları, telekanallar, radiolar elə əsl cavanlıq şövqü ilə Yeni Naxçıvanın nailiyyət, yüksəliş, quruculuq salnaməsini yaradırlar...

Salnaməçilərin yazdıqları gələcəyə ünvanlanan tarixdir. Onun obyektiv, dürüst olması isə gələcək nəsillərin düzgün nəticə çıxardıb, ədalətli rəy verməsinin əsas zəminidir. Bu dilbər diyardakı həmkarlarımız bu şərəfli işi də yüksək vətəndaş məsuliyyəti, peşəkar jurnalist bacarığı ilə layiqincə həyata keçirirlər...

Yeni Naxçıvanın salnaməsi yalnız yazılı mətnlərə əks olunmur. Muxtar respublikanın dağ kəndindən inzibati mərkəzinədək hər bir yerdə real quruculuq ünvanları ilə gələcək nəsillərə inkişafın izləri kimi ötürülür...

“Səndən ötrü can verməyə cümlə hazırız!” hayqırtısının ucaldığı ən yüksək sərhəd postundan “Üç rəngli bayrağınla məsud yaşa!” sədalarının kəsilmədiyi uşaq bağçasınadək hər məkanda vətənə əbədi  məhəbbət duyğularına çevrilir...

Heydər Əliyevin yaratdığı, Prezident İlham Əliyevin zirvələrə ucaltdığı Yeni Naxçıvanın həm də muxtar respublika rəhbərliyinin fədakarlığı ilə gündən-günə miqyası genişlənən inkişafı, firavanlığı, rifahı gələcək nəsillərə ərməğan edilən əmanətdir...

Qüdrətli Azərbaycanın, onun ayrılmaz diyarı Yeni Naxçıvanın ən möhtəşəm salnaməsini isə Zəngəzur dəhlizi ilə bölgəyə gələcək Müzəffər Komandanını sərhəddə qarşılayacaq zəhmətkeş, sədaqətli, əzmkar naxçıvanlılar yazacaq...

           

İxtiyar HÜSEYNLİ,

“Azərbaycan”

Bakı-Naxçıvan-Bakı

Nəşr edilib : 25.02.2022 10:40