AZ EN RU

Sanki övladından ayrılacağını bilirdi...

Cavid Əhliman oğlu Bayramlı

10.06.1994-30.11.2021

Cavid hərbçi olmağı özü seçmişdi. Dərslərini yaxşı oxuyurdu. İmtahanlarda 500-dən yuxarı bal toplayırdı. Dedim, başqa bir ixtisas seç. Amma Cavid buna razı olmadı. Atasının və mənim qarşı çıxmağımıza baxmayaraq, özü gedib sənədlərini topladı. 

Elə ifallı uşaq idi ki. Naxçıvanda hərbi liseydə oxuyanda hər həftə sonu evə gəlirdi. Bir dəfə gəlmədi. Mən onun yanına getməli oldum. Dedi, ana, bir də yanıma gəlsən, mən buradan qaçacağam. İstəmirdi, uşaqlar görsünlər ki, biz onun yanına getmişik.
Ali hərbi məktəbdə də çox yaxşı oxuyurdu. Baş leytenant kimi bitirəcəkdi məktəbi. Amma təlimlərdə paraşütdən atılan zaman ayağı sınmışdı. Sonra qaçışı zəif olduğu üçün məktəbi leytenant rütbəsində bitirdi.
Evləndiyi xanımla dörd il bir-birlərini istədilər. 2016-cı ilin 31 dekabrında toyları oldu. Cavidimin bir qızı var. O bizə balamızın əmanətidir. 
Cavid çox işgüzar, hər kəsin yerini bilən uşaq idi. Özü öz ayaqları üstündə dururdu. Qardaşı xəstə olduğu üçün onun qayğısına çox qala bilmirdik. Hətta öz toyunu özü etdi. Qardaşının yanında qalmalı olduğumuz üçün ancaq toy günü Bakıya çata bildik. Toyuna hazırlaşanda hər şeyi telefonda mənimlə məsləhətləşirdi. 
Ailəyə o qədər bağlı idi ki, ifadə etmək olmur. Qızını qucağına alırdı. Onu o qədər öpürdü ki, İlahi. Sanki bilirdi ki, ayrılacaqlar. Atası deyirdi ki, Cavid elə eləmə. Allaha xoş getməz. Deyirdi, ata, özümdən asılı deyil, doymuram. İndi uşaq da “onsuz” ayrı qala bilmir. Bir həftə məzarını ziyarət etmədikdə xəstələnir. Məzarının yanında atası ilə pıçıltıyla danışır.
Cavid 30 noyabr 2022-ci ildə şəhid olub. Vətəninə, millətinə, xalqına o qədər bağlı idi ki... II Qarabağ döyüşlərində də aktiv iştirak etmişdi. Cavid bizi yaralı qoyub getdi. Düzdür, qürurluyuq, mətinik. Amma balamı itirdim. Çox ağırdır. Yenə də Vətən sağ olsun!

Nəşr edilib : 10.06.2024 11:50