AZ EN RU

Sanitar-gigiyenik vəziyyət ilə bağlı maarifləndirici seminar keçirilib

2023-cü il 20 sentyabr  tarixində Ordubad  rayonu üzrə fəaliyyət göstərən uşaq müəssisələrinin, o cümlədən ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər şəxslərinin iştirakı ilə sanitar-gigiyenik vəziyyət ilə bağlı maarifləndirici seminar keçirilib. 
Tədbir Erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində, həmçinin lokal antiterror əməliyyatı zamanı həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Əli Heydərov tədbirin mahiyyəti və əhəmiyyəti barədə seminar iştirakçılarına ətraflı məlumat verib.
Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev tədbirin keçirilməsinin zəruriliyi və mahiyyətindən bəhs edərək bildirib ki, bu gün ölkəmizdə eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda çoxşaxəli dayanıqlı inkişafa hesablanmış uğurlu dövlət siyasəti həyata keçirilir. Qeyd olunub ki, aparılan dövlət siyasətinin mərkəzində insan və vətəndaş amilinin dayanması ali məqsədlərdən biridir. Muxtar Respublikamızda müvafiq sahənin inkişaf göstəricilərini məktəbəqədər müəssisələr, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdən, eləcə də onların maddi-texniki təminatından, müasirtipli infrastrukturlarından real şəkildə müşahidə edə bilərik. Həmçinin bildirib ki, müvafiq sahənin inkişafını təmin edən qanunvericilik bazası da möhkəmləndirilib. Bu mənada müvafiq sahədə sanitar-gigiyenik vəziyyətə məsul olan şəxslər öz işlərinə biganə yanaşmamalı, üzərlərinə düşən vəzifələrin icrasını layiqincə həyata keçirməlidirlər. O da vurğulanmışdır ki, uşaq sağlamlığının qorunması dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz bu baxımdan cəmiyyətin gələcəyi olan uşaqların sağlam, layiqli vətəndaş kimi yetişməsində, cəmiyyətdə sağlam mövqe tutmasında dövlətin qarşısında böyük bir missiya dayanır. Bununla yanaşı Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinin pozulmasına görə məsul olan şəxslər hüquqi məsuliyyət daşıdıqları seminar iştirakçılarının diqqətinə çatdırılıb.
Daha sonra Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov  qeyd edibdir ki, bütün təhsil müəssisələrində təhsilalanlar Səhiyyə Nazirliyi tərəfindən tibb xidməti ilə təmin ediliblər. Bir sıra ümumtəhsil məktəblərində isə ayrıca tibb işçiləri fəaliyyət göstərirlər. Müvafiq müəssisələrdə tibb xidməti müəssisənin iş rejiminə uyğun şəkildə təşkil edilir. Təhsilalanların profilaktik müayinəsi, profilaktik peyvəndlərin aparılması müəssisə rəhbərliyi ilə əvvəlcədən razılaşdırılmış qrafik əsasında həyata keçirilir. 
Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı Təranə Fərzəndova qeyd etmişdir ki, dərs ilinin əvvəlində və hər tətildən sonra tibb bacısı tərbiyəçilərlə birlikdə 2-3 gün ərzində bütün uşaqları profilaktik baxışdan keçirməlidirlər. Bütün uşaqların sağlamlığına aid olan tədbirlərə tibb işçiləri və müəllimlər daim nəzarət edib, yüksək məsuliyyətlə yerinə yetirməlidirlər. Gələcək nəslin sağlamlığını qorumaq və yaxşılaşdırmaq üçün öz vəzifə borcları tam yerinə yetirilməli və bütün imkanlardan istifadə edilməlidir. Uşaqların müqaviməti yüksəldilməlidir, çünki II sağlamlıq qrupuna aid olanlar da “risk” qrupuna aiddir, onlar tez-tez xəstələnir və immuniteti zəif olan uşaqlardır. Bu uşaqların xroniki xəstəliklərə düçar olmamaları üçün onlar daim diqqətdə saxlanılmalıdırlar. III, IV, V sağlamlıq qruplara aid olanlar müxtəlif ixtisaslı həkimlərin nəzarətində müalicə olunmalı və qoruyucu rejimdə yaşamalıdırlar. Belə ki, uşaq müəssisələrində uşaqların sağlamlıqlarının qorunması, möhkəmləndirilməsi və yoluxucu xəstəliklərin profilaktikası məqsədilə sanitar-gigiyena tələblərinə əməl edilməli, uşaqlara şəxsi gigiyena vərdişləri (əllərin sabunla yuyulması, dişlərin fırçalanması, dırnaqların və paltarların təmizliyi) aşılanmalı, infeksion xəstəliyə yoluxmuş uşaqların həmin xəstəliyə məxsus karantin müddəti bitməmiş müəssisəyə buraxılmaması (məsələn: qripdə 5 gün, su çiçəyi, qızılcada 20-21 gün) təmin edilməlidir. Həmçinin müəssisənin ümumi sanitar vəziyyətinin yaxşılaşdırılması üçün, ayda bir dəfə “sanitariya günü” keçirməlidir. Eyni zamanda müəssisələrdə aparılan təmizlik və dezinfeksiya işlərinə, sanitary qovşaqların hər gün 1%-li xlor məhlulu ilə silinməsinə, dərs otaqlarının döşəmə və divarlarının, soyunub-geyinmə otaqlarınfın, bufetin döşəməsinin, tibb məntəqəsinin, dəhlizlərin həftədə 1 dəfə 0,5 %-li xlor məhlulu ilə silinməsinə nəzarət edilməlidir. Dezifeksiyaedici maddələr (xlorlu əhəng və s.) vaxtlı-vaxtında ərazi Gigiyena Epidemiologiya mərkəzlərindən tələbnamə ilə götürülməli, pedikulyozun aşkarlanması məqsədilə hər ay seçmə yolu ilə 4-5 qrupda tibb işçiləri tərəfindən şagirdlərə baxış keçirilməlidir.
Müəsissədə epidemioloji vəziyyət yaranarsa, bufetdə işlədilən qab-qacağın (stəkan, nəlbəki və s.) 2%-li çay sodası məhlulunda qaynadılma yolu ilə dezinfeksiyasına və müəssisənin bufetlərinə daxil olan ərzaqların təhlükəsizliyinə diqqət edilməlidir. Həmçinin bildirib ki, yeməkxanası olan müəsissələrdə gündəlik menyunun tərtibində iştirak edilməli, hər gün hazırlanan yeməyin gündəlik nümunəsi götürülüb qapalı şüşə qabda 48 saat 2-6 dərəcədə soyuducuda saxlanılmalıdır. Bütün uşaq müəssisələrinin işçiləri, o cümlədən qida blokunda və ya bufetdə çalışan işçilər vaxtlı-vaxtında tibbi müayinələrdən keçməlidirlər. 
Sonda tədbir iştirakçılarına müvafiq sahə ilə əlaqədar hazırlanmış bukletlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası

 Ailə, Qadın və Uşaq Problemləri

üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 21.09.2023 14:53