AZ EN RU

Saltaq kəndində gözəl bir gün...

    İsti yayın bir günü, mavi səmanı nurlandıran Günəşi özümüzə yoldaş edib, düşürük yollara. Bu dəfə yolumuzu rayonun Saltaq kəndinə salırıq. Haçadağın ətəyində yerləşən bu kənddə 450 təsərrüfatda 1032 sakin yaşayır. Bu yaşayış məntəqəsi də muxtar diyarımızın müasirliyə qovuşan kənd­ləri sırasında öz yerini tutub.  
    İlk olaraq, bizi qarşılayan Saltağın yaşıl örpəyə bürünən təbiəti, göylərə baş qaldıran ağacların ətrafa verdiyi əsrarəngiz ətri və görüntüsüdür. Kəndi dolaşıb buranın ecazkar gözəlliyi ilə bir az baş-başa qaldıqdan sonra kənd sakini Mahir Əsgərovla salamlaşıb, həmsöhbət oluruq. İnkişaf dövrünü yaşayan Saltaq kəndi haqqında müsahibimizdən geniş məlumat alırıq:

    – Əlincə çayının sağ sahilində, dağlar qoynunda yerləşən kəndimiz rayonumuzun inkişaf etmiş, gözəl guşələrindən biridir. Bu kəndin etimologiyasında qeyd edilir ki, kəndin adı iki sözün – “sal” və “tağ” ifadələrinin birləşməsindən əmələ gəlibdir ki, bu da sal – sıldırım, tağ isə dağ mənasını verir. Kəndin sakinləri qədim zamanlardan, əsasən, heyvandarlıqla, üzümçülük və meyvəçiliklə məşğul olub. O dövrlərdə bu kəndə “bala İstanbul” adı qoyulmuşdu. Bunun da səbəbi kənddə sıx əkilən ağaclardan evlərin belə görünməməsi idi. Kənardan baxılanda burada yaşayış məntəqəsi deyil, qalın meşəni görmək olardı. Lakin çox təəssüflə xatırlayıram ki, 90-cı illərin çətinliyi bu kəndə də öz ağır zərbələrini vurdu. İstilik yaratmaq üçün kəndin insanları məcburən bağlardakı ağacları kəsməli oldu. Amma onu da qeyd edim ki, nəhayət, müstəqillik qazanıldıqdan sonra bir sıra problemlər öz həllini tapdığı kimi, təbiətə bu amansızcasına ziyan vurmanın da qarşısı alındı. Təbii qaz və elektrik enerjisi ilə təmin olunan kəndin insanları rahat həyata qovuşdu. İndi hər kəsilən ağacın yerində yeni tinglər əkərək, el dili ilə desək, “bala İstanbul”u kəndimizdə yaratmağa çalışırıq. İnanırıq ki, kəndimizi əvvəlki görkəminə qaytaracağıq. Bu kəndin bir özəlliyi də onda idi ki, sakinlər evini salarkən yerini əkinəyararsız olan torpaqlar seçirlər. Əkinəyararlı torpaqlar isə ailənin ruzisi üçün istifadə olunur. Belə ki, ötən əsrin 30-cu illərində kənddə salınan bütün evlər qayalıq deyilən yerdə yerləşir.

    Qeyd edək ki, bu kənd vətənpərvər, igid oğulların yurdudur. Kənd icra nümayəndəsi Kərim Bağırovla söhbət zamanı öyrəndik ki, 44 günlük Vətən müharibəsində vuruşan oğullardan biri şəhid Amin Gülmməmədov idi. Digər igidimiz isə Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Bağırlıdır. Məlumat alırıq ki, Qəzənfər Bağırlı hazırda Vətənə xidmətini davam etdirir.
    Biz də ilk olaraq şəhid məzarını və ailəsini ziyarət etməyi özümüzə borc bildik. Ailə ilə tanış olub, söhbətləşdik. Şəhidin atası Mais Gülməmmədov bildirdi ki, oğlu ilə fəxr edir, bu gün o bizimlə olmasa da, nə dövlətimiz, nə də xalqımız bizdən qayğısını əsirgəyir. Kəndə hər gələn qonaq özünə borc bilir gəlib bizi ziyarət etməyi. Elə bir çətinliyimiz də yoxdur, bu qayğıya görə dövlətimizə minnətdarlığımı bildirirəm.
    Yaz-yay fəsilləri kənd yerlərinə təsərrüfat qayğıları gətirir. Elə bu qayğını Saltaq kəndində də görürük. Kəndi gəzərkən bağlarında meyvə ağaclarına qulluq edən, geniş əkin sahələrini suvaran, kərdi, arx yerlərini yabanı otlardan təmizləyib düzəldən insanlar diqqətimizi cəlb edir. Burada torpağını, yurdunu sevən, əmək verib bol-bərəkətli məhsul götürən insanları görmək olduqca sevindiricidir. Hilal Gülməmmədov da torpağa böyük zəhmət verən belə kənd sakinlərindən biridir. Onunla həmsöhbət oluruq:

    – Əbəs yerə deyilməyib ki, qızım, “insan öz zəhməti ilə böyüyər”. Mən uzun illərdir ki, müəllim işləyirəm. Amma əməksiz yaşaya bilmərəm. Günümün çoxu bu bağımda keçir. Yaz-yay gəldi, mənim ən yaxın dostum bax bu beldir. Onu əlimdən yerə qoymuram. Torpağı belləyir, ağacların, üzümlüyün qeydinə qalıram. Bu gün əsas işim üzümlükdə yeni şivlərə baxmaq, xəstəlik varsa, dərmanlamaq, onları qurumağa qoymamaq, meyvə verməsi üçün inkişaf etdirməkdir. Bağımda hər cür meyvə sortları əkib-becərirəm. Bundan əlavə, calaq üsulundan da istifadə edirəm. İxtisasım biologiya müəllimidir. İxtisas biliklərimdən savadlı şagirdlər yetişdirməklə bərabər, kəndimizin yaşıllaşması  üçün də  istifadə edirəm. Ağaclarımızın qayğısına qalır, yeni növ, gecyetişən ağac calaqları edirəm. Yay fəslinin bu dövründə ərik, gilənar, gilasın sovuşan vaxtıdır. Amma kəndimizdə bir çox bağlarda calaq etdiyim ağaclarda indi yetişir.  Sizin qismətinizə bağımdan gilas, gilənar, ərik yemək düşüb. Buyurun, əyləşin, meyvələrin dadına baxın.
    Hilal müəllimin sözünü yerə salmır, bağının dadlı meyvələrindən həvəslə dadır, doğrudan da, ləzzətli olduğunu deyirik. Onunla sağollaşıb, kəndi gəzməyə başlayırıq.
    Bildirək ki, kənddə zəhmətkeş insanlarla  söhbət etmək bizdə bu yurd yerinin insanları haqqında xoş təəssürat yaradır. Bizimlə maraqlı, ətraflı söhbət edən Allahqulu Hüseynov da məşğul olduğu üzümçülük sənətini çox sevdiyini qeyd edir:
    – Üzümçülük ta ata-babamızdan qalma, qədim peşədir. Demək olar ki, bu gün kənddə hamı bu təsərrüfat növü ilə məşğul olur, gəlirli sahə olduğu üçün yeni üzüm bağları salınır, müxtəlif növdə üzüm sortları əkilərək həm meyvəsi istifadə olunur, həm milax şəklində qış üçün tədarük edilir həm də növündən asılı olaraq kişmiş-mövüc hazırlanır.
    Hər bir iş kimi bu sahənin də çətinliyi var. Soyuq iqlim şəraiti olan kəndimizdə bağımızı soyuqdan qorumaq üçün qışa yaxın üzüm tənəklərini torpaqla örtürük. Yaz fəsli yurdumuza qədəm qoyan kimi ilk işimiz onların üstünü açmaq olur. Yay fəslində isə tənəkləri vaxtlı-vaxtında suvarır, qulluq edirik ki, bol məhsul əldə edək. Bax beləcə, işimizi düzgün qurub, əmək versək, əlimiz boşda qalmaz, illik ruzini əldə etmiş olarıq. 
    Hər addımda kənddə yaşıllıq və gül-çiçəklə qarşılaşmaq ruhumuza dinclik bəxş etməklə yanaşı, qəlbimizi fərahladır, biranlıq duyduğumuz bu ab-havanın bitməsini istəmirik. Təmiz, təravətli havanı ciyərlərimizə çəkir, kəndin sərin, şehli havası ilə Günəş şüalarının isinməsindən ruhumuzu gəncləşmiş hiss edirik.
    Saltaq kəndinin sayılıb-seçilən, 40 illik ömür sürən mehriban bir ailənin ağsaqqalı, rayonun kənd məktəblərində uzun illər hərbi rəhbər olan Adil Cabbarovun evində qonaq oluruq. Kənd sakinlərinin hörmətini qazanan Adil müəllim vaxtilə kəndin əməksevər, qoçaq adamlarından olub. Nümunəvi ailə başçısı olan zəhmətkeş insan gələcəyə vətənpərvər hərbçilər yetişdirməklə bərabər, bənnalıq edərək kənddə 200-dən çox ev tikib. Əməksevər olan bu insanın əli, əməli o qədər saleh olub ki, bağ-bağçasında uzun illər əziyyət çəkib əkib-becərdiyi ağacları bu gün bol bəhrəsini verir. Adil müəllim bildirir ki, vaxtında tənbəllik etməyib saldığı bağ bu gün əməyinin qarşılığını verdiyi üçün çox sevinir.
    Qayğıkeş olduğu qədər də qonaqpərvər olan ailə ilə mehriban, xoş söhbət edirik. Ailənin ağbirçəyi Zərifə Cabbarovadan ailənin uzunömürlü olmasının səbəbini soruşduqda bildirdi ki, istər böyük, istərsə də kiçik olsun, bir-birinə hörmətlə yanaşmağı bacarmalıdır. Ailənin təməli hörmət və mehribanlıqla qoyulur. İndiki gənclərə də məsləhətim elə budur ki, bunu bacarsınlar, onda ailənin gələcəyi gözəl və xoşbəxt olar.
    Əlvan rəngi ilə gözə zövq verən, təravəti ilə insanı bihuş edən çiçəklərdən bal alan arılar da elə ilin bu vaxtında insanlar qədər çalışır. Hansı çiçəyə yaxınlaşsaq, zəhmətkeş arıların nəğmə kimi səslənən səslərini eşidirik. Zəngin təbiəti və mülayim iqlimi olan bu kənddə arıçılıq da kənd sakinlərinin son zamanlar maraq göstərdiyi sahələrdən biridir. Kənddə təcrübəli arıçı Fərhad Quliyevlə söhbət edirik. Öyrənirik ki, 30 ilə yaxın bu peşə ilə məşğul olan kənd sakini təsərrüfatından əldə etdiyi balla alıcılarının rəğbətini qazanıb:
    – Arıçılıq çox gözəl peşədir. Kəndimizin təbiəti də bizə bu işlə məşğul olmağımıza imkan verir. Bu işlə məşğul olanlar gərək arılara yaxşı baxsınlar. Vaxtlı-vaxtında arıya baxılsa, şirəsi, dərmanı verilsə, arının inkişafı, məhsuldarlığı da yaxşı olar. Arıçılıqla məşğul olmaq istəyən zəhmətdən yoruldum deməməlidir, bu işin əsl həvəskarı olmalıdır. Eyni zamanda bu sənətin sirlərini bilməlidir. Bu işdə nə qədər zəhmət çəksən də, əməyin yerdə qalmır. Arıçılığa yeni başlayanlar bu sadaladıqlarıma diqqət etsələr, təsərrüfatlarını genişləndirə, bol məhsul, yaxşı gəlir əldə edə bilərlər.
    Qışda həyətdə ayırdığım otaqlarda saxladığım arıları yaz fəsli gələn kimi həyətə çıxarıram. Arılara əsas qulluq da elə bu fəsildə tələb olunur. Yazda hava dəyişkənliyi olduğu üçün arılarda xəstəlik yaranır. Gərək diqqətli olub vaxtında dərmanlayasan. Yay fəsli gələndə arılarımı Ləkətağ kəndinin dağlarına aparıram. Bol çiçəkli ərazidə məskən salmaq məsləhətdir ki, arılar da yaxın məsafədən şirə toplayıb, bol məhsul versin. Hər bir iş əmək istəyir, bu iş də, həmçinin. Ancaq onu deyim ki, çəkdiyimiz heç bir zəhmət yerdə qalmır,  bol məhsul götürürük.
    “Məhsulunuzu necə satışa çıxarırsınız?” – sualımıza arıçı cavab verdi ki, məhsulunu Naxçıvan şəhərində keçirilən “Arıçılıq məhsulları – bal festivalı”na, dövlətimiz tərəfindən təşkil olunan kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarına çıxararaq heç bir əziyyət çəkmədən sərfəli qiymətə satır.
    Kənddə yolun kənarında dəyirman binasını görüb dayanırıq. Xalqımızın məişət mədəniyyətinin ayrılmaz parçası olan su dəyirmanlarından tarixən qədim zamanlardan geniş istifadə edilib. Son illər muxtar respublikada tarixi abidələrin, qədim tikililərin bərpası istiqamətində görülən işlər ruzi-bərəkət rəmzi olan su dəyirmanlarını da əhatə edib. Elə gördüyümüz bu dəyirman da quruculuqdan öz bəhrəsini alıb. Əvvəllər Saltaq kəndi ilə yanaşı, qonşu kəndlərin də ehtiyacını ödəyən su dəyirmanı köhnə, yararsız binada yerləşirdi. 2016-cı ildə Əlincə çayından qidalanan 2800 metrlik dəyirmanın su arxı yenidən qurularaq kənd sakinlərinin istifadəsinə verilib.
    Müsahiblərimizlə sağollaşıb geri qayıtmaq istəyirdik ki, kənddən bir az kənarda düzlərə səpələnən qoyun-quzunu görəndə kənd həyatı ilə bağlı təəssüratlarımız elə buradaca tamamlanır. Yaşıl otlaq sahələrində atılıb-düşən, mələşən, yorulub yatışan qoyun-quzu, həqiqətən də, kənd mənzərəsinin bəzəyi, yaraşığıdır, – deyirik. Qoyun-quzunu otaran kənd sakini Tahir Cabbarovla söhbətləşirik. Müsahibim bildirir ki, onların ailəsində heyvandarlıqla məşğul olmaq nəsildən-nəslə keçib. Onun babaları da vaxtilə kənddə geniş heyvandarlıqla məşğul olublar:
    – Bizim ailə hər zaman öz gəlirini bu sahə ilə məşğul olaraq təmin edibdir. Mən də bu işlə məşğulam. Bir neçə yoldaşımla bərabər, özümüzə ferma yaratmışıq. İşimizi genişləndirib, gəlirimizi də artırmışıq. Kəndimiz də bu iş üçün çox əlverişlidir. Yay fəsli sürümüzü yaylağa aparırıq. Orada bol otlaqlı sahələrin olması şərait yaradır ki, heyvanları saxlayaq. Bir sözlə, əziyyət çəkən, səfa görər.

    Yaddaşımıza yazılan xoş günlərdən biri də Saltaq kəndində keçirdiyimiz gün oldu. Bu kənddən də şən və xoş təəssüratla qayıdırıq. 2016-cı ildən burada yaradılan müasir infrastruktur, göstərilən dövlət qayğısı kənd sakinlərinin sosial-rifah halının daha da yaxşılaşdırılmasına xidmət etməklə kəndin əsrarəngiz gözəlliyinə ikiqat gözəllik bəxş etdiyi üçün bu yurd yerindən ayrılmağa nə qədər daxili təəssüf  hissi keçirsək də, torpağa bağlı, sadə və zəhmətkeş, yurdsevər saltaqlıların dövlətimizin yaratdığı hərtərəfli şəraitdən doğan sabaha inamları heç vaxt unutmayacağımız xoş ovqat, fərəh, sevinc bəxş edir bizə. Bu xoş təəssüratları bölüşmək üçün isə redaksiyaya çatıb yazı masasının arxasına keçməyə səbirsizlənirik.

Səriyyə SALAHOVA
“Arazın səsi” qəzetinin məsul katibi

Nəşr edilib : 04.08.2022 20:31