AZ EN RU

Salam, Zəngəzur!

Türkün qapısı Naxçıvandan sənə salam, ey ulu yurd yerimiz, əcdadlarımızın məskəni Zəngəzur!

Səsləndik, bu ulu torpağımızdan, o ulu torpağımıza. Duydu səsimizi tarixin canlı şahidi dağlar, qayalar, məscidlər, alban kilsələri, hiss etdi Vətən eşqi ilə yanan qəlbimizin acısını, həsrətin sonunun ayaq səslərini babalarımızın mənfur düşmənlərimiz tərəfindən viran olunmuş məzar daşları...

Səsinə səs verdi, qədim oğuz yurdu türk yurdunun... Vətəni vətənə bağlayan müqəddəs torpaqlar dil açıb "Bütöv Azərbaycan" sədaları səsləndirdi Zəngəzurda... Biz gəlirik, əzəli, əbədi yurd yerlərimiz... Daha güclü, daha möhkəm addımlarla geri qayıdırıq.

Mən, I Qarabağ müharibəsi qazisi qızı olaraq Ümummilli Lider Heydər Əliyevin söylədiyi dəyərli fikirlərdən birini uşaqlıqdan bəri xatırlayıram: “Mən inanıram və mən tam inanıram ki, hər şey ədalət naminə dəyişəcəkdir bizim bölgədə. Azərbaycan xalqının əzab-əziyyəti onun xeyrinə dəyişəcək. Və mütləq-mütləq siz gələcəkdə hələ gedib öz Göyçə torpağınızı da görəcəksiniz. Öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm”.

Bəli, biz inanırıq, tam inanırıq ki, biz bütün doğma torpaqlarımıza qayıdacağıq! Biz bunun üçün hər bir bacarığımızı təqdim etməyə, bütün gücümüzü birləşdirməyə hazırıq!

I "Qərbi Azərbaycana qayıdış" festival-konqresində dünya azərbaycanlıları vahid mərkəzdən çıxış etdi və dünyaya ədalət işığı yayıb düşmənin gözlərini  qamaşdırdı. Biz bundan sonra da bu istiqamətdə ciddi irəliləyişlərlə meydanda olmağa hazırıq! İnanırıq ki, II "Qərbi Azərbaycana qayıdış" festival-konqresinin də sədaları ulu yurd yerlərimizin hər birində duyulacaq, əcdadlarımızın ruhunu şad edəcəkdir!

Təbrizə Bağırova

"Qərbi Azərbaycana qayıdış" festival-konqresinin təşkilat komitəsinin üzvü,

Naxçıvan Dövlət Universitetinin əməkdaşı

Nəşr edilib : 20.06.2024 11:38