AZ EN RU

Sakrallıq, müqəddəslik rəmzi su

Su çərşənbəmizin saf qədəmi uğurlu olsun!

    Xalq təsəvvüründə Böyük çillə, Kiçik çillə, Boz ay adı ilə üç dövrə – zamana bölünən qış qədim təsəvvürlərdə təbiətin ölməsi kimi də xarakterizə olunur. Novruza doğru istiqamət alan Boz ay dönəmində “ölən təbiət” yenidən dirilir. İlin sonuncu çərşənbələrinin cəmləşdiyi Boz ay xalq arasında “ağlar-gülər ay” da adlanır. Dünyanın yaranmasında iştirak edən su, od, yel, torpaq mifizmi xalq təfəkküründə dərin iz salaraq ilaxır çərşənbələrin də xüsusiləşməsini şərtləndirir. 

    Novruz mərasiminin öncəsi çərşənbələr, onlarla bağlı ritual və mərasimlərdən ibarətdir. Çərşənbələrin Novruz bayramının özəlliklərini daşıyaraq bəzi təsəvvürlərlə bağlı olduğu məlumdur. İlaxır çərşənbələrlə əlaqəli fikirlər müxtəlif mifoloji düşüncələrdən qaynaqlanır. Bu düşüncə tərzi və görüşlər dünyanın yaranmasında iştirak edən bir çox yaradıcı ünsürlər, o cümlədən su, od, yel, torpaq mifizmi ilə də əlaqədardır. 
    Su – aydınlıq, açıqlıq, saflıq, sağlamlıq simvoludur. Saflığı və təmizliyi su ilə əlamətləndirirlər. “Su qədər saf”, “su kimi təmiz” ifadələri insanların suya olan münasibətini, su haqqındakı milli etnik təsəvvürünü özündə ifadə edir. Su – dünyanın ilkin yaradılış stixiyasıdır. Su həm də dünya mifoloji düşüncəsində yaradıcı başlanğıcdır. Elə bu mifoloji düşüncələrə əsaslanaraq demək olar ki, su möcüzəsi dünyanın yaranmasında yaradanın həmkarı kimi iştirak edir. Yunan mifologiyasına görə, su – ölü və diri su funksiyasını daşıyır. Bəzi təsəvvürlərdə su torpağı “doğmağa” məcbur edən canlıdır. İlkin su qadını simvolizə edən Yerlə qarşılaşdırılır və ya eyniləşdirilir. Su struktursuzdur, hara gəldi axır, göydən yağır, yerdən çıxır, beləliklə də, geniş məkanı tutur. Buna görə də əski düşüncə onu ilkin yaradılış çağı, xaosun bir stixiyası kimi təsəvvür etmişdir.
    Azərbaycan folklorunda, o cümlədən nağıllarında da su ilə bağlı inanclara və onları təmsil edən obrazlara tez-tez rast gəlinir. Azərbaycan nağıllarında qeyri-adi qəhrəmanların törənişində su mühüm yer tutur. Öz kökləri ilə mifoloji düşüncənin hökm sürdüyü çağlara gedib çıxan belə nağıllar maraqlı süjeti ilə seçilir. Belə nağılların ekspozisiyasında övladsız ata-ananın arzusu, qəhrəmanın qeyri-adi, möcüzəli dünyaya gəlməsi motivi mühüm yer tutur. Özünün çoxsaylı araşdırmalarında su ünsürünün türk mifologiyasında oynadığı rola xüsusi diqqət yetirən professor Mirəli Seyidov yazır: “Suya və bitkiyə (ağaca) inam türk xalqlarının əski inamlar aləmi ilə bağlıdır. Su da, ağac da (dünya ağacı) ilkindir. İnsan və həyat onlardan yaranmışdır. Su və dünya ağacı insanlara can, ruh verir. Bu mifoloji baxış ibtidai insanın həyat tərzindən, yaşayışından, dünyanı dərk etməsindən yaranmışdır. Əski insan üçün su və ağac (bitki) onun həyatı, yaşayışı üçün əsas idi. Buna görə də onlar bir çox xalqlarda mifikləşmişdir. Bu səbəbdən də insan suda, bitkidə əbədilik, ölməzlik axtarmışdır.
    Əvvəldə söylədiyimiz kimi, dünyanın yaranmasında ilkin başlanğıc hesab edilən su ilə bağlı düşüncələr mövsüm mərasimlərinə də öz təsirini göstərmişdir. Qışı çillələrə bölən etnos “Boz ay” adlanan sonuncu mövsümü də çərşənbələrə ayırır və bunları ilin sonuncu, axırıncı çərşənbəsi adlandırır. Və bu çərşənbələrin birincisi ilkin yaradılış başlanğıcı olan suyun adı ilə bağlanır. Elə həmin zamanlardan “Su çərşənbəsi” adlanan ilk ilaxır çərşənbə xalq arasında Novruzun ilk başlanğıcı hesab edilərək qeyd olunur.
    Su çərşənbəsi xalq arasında “sular Novruzu”, “sular bayramı”, “gözəl çərşənbə” adları ilə də tanınmaqdadır. Su çərşənbəsində Azərbaycanın müxtəlif regionlarında, o cümlədən muxtar respublikamızın bölgələrində su ilə bağlı bir çox ayinlər icra olunur; su çərşənbəsində bəzi ayinlərin icrasını mütləq sayırlar ki, bunların icrası bir çox mifoloji inamların əsasını təşkil edir. Xoşagəlməz yuxuların suya danışılması, su ilə qorxunun bədəndən çıxarılması, pal-paltara, ev-eşiyə təzə su çilənməsi qədim türklərin suya tapınma inamı ilə əlaqəlidir. Bunu xalq yaradıcılığı örnəkləri içərisində yaranmış arxaik janr nümunələri sübut edir: “Yuxuda su görmək aydınlıqdır”, “Səfərə çıxan insanın arxasınca su atarlar”, “Lal axan sudan keçməzlər”, “Suyun lal axanı, adamın yerə baxanı”, “Su səhəngi suda sınar”, “Su bir yerdə qalanda iylənər” və sair kimi nümunələrdə də suyun əski türk aləmində müqəddəs bilinən anlayışlar sırasında olduğu sübut olunur. Suyun sakrallığı dünya mifoloji aləmində qəbul olunur.     Ümumən, Azərbaycan, o cümlədən muxtar respublikamızın ərazilərinin folklor yaddaşında su çərşənbəsi ilə əlaqəli inanc və sınama nümunələri də diqqətçəkəndir:
    İlk çərşənbədən başlayaraq qonşuya axşamçağı ələk, maya, kibrit verilməz. Zərurət olduqda, diləyə gələn qadındırsa, başından örpəyini, kişidirsə, papağını götürüb, istədiyini verərlər. 
    Su çərşənbəsində evə süpürgə çəkmək yaxşı sayılmaz. Əks halda, bu, ev sahibinə “xoş gəlməz”. 
    Su çərşənbəsində övlad həsrətində olan qadının başına su qırxlamaq ayini icra olunar, bu ayindən sonra həmin qadının övladı olacağına inam yaranardı.
    Canında qorxuluğu olan, qorxan insanın başına su çərşənbəsində su qırxlamaq məqbul sayılır. 
    Su çərşənbəsində qadınların sevərək icra etdikləri ayinlərdən biri də axar su üzərinə getməkdir. Səhər tezdən durub axar su üzərinə gedən insan danışıb-dinmədən, qəlbində arzu tutaraq həmin sudan içərsə, arzuları çin olar. Su çərşənbəsində axar su üzərindən tullanmaq, keçmək də məqbul sayılar.
    Bu ayinlər hazırda da Azərbaycanın müxtəlif regionlarında, o cümlədən muxtar respublikamızda ənənəvi şəkildə icra edilməkdədir. Su çərşənbəmizin saf qədəmi uğurlu olsun! Elə bu məqamda Dədəmiz Qorqudun su kimi duru alqışı da yada düşür: “Qamən axan görglü suyunuz qurumasın!”

Aytən Cəfərova
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq 
şöbəsinin müdiri, dosent

Nəşr edilib : 20.02.2023 20:21