AZ EN RU

Sakinlərin dayanıqlı internet xidmətləri ilə təmin olunması məqsədilə rabitəçi-mühəndislərə seminar keçirilib

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazir­liyinin təşkilatçılığı ilə “HUAWEI Technologies Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndisləri tərəfindən nazirliyin aparatının və tabeli qurumlarının mühəndisləri, rabitə mütəxəssisləri və kabelçi-lehimləyiciləri üçün “Avtomat telefon stansiyalarında yeni nəsil texnologiyaların tətbiq edilməsi” mövzusunda seminar keçirilib.
    “HUAWEI Technologies Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndisləri Zhao Hongbo, Zhao Jun və İsmayıl Quliyev muxtar respublikada təqdim edilən internet xidmətlərinin dayanıqlılığının yeni nəsil texnologiyalar vasitəsilə təmin edilməsi istiqamətində beynəlxalq təcrübələrdə geniş istifadə olunan texnologiyalardan slayd və videomateriallar vasitəsilə rabitəçi-mühəndislərə geniş məlumatlar veriblər. 
   Seminarda, həmçinin yeni GPON (Gigabit tutumlu passiv optik şəbəkə) texnologiyaları və üstünlüklərindən, IMS (IP Multimedia Subsystem - IP multimedia altsistemi) barəsində də danışılıb. Bildirilib ki, IMS IP protokolu əsasında telekommunikasiyada multimedia məzmununun ötürülməsi üçün yeni mobil şəbəkə infrastrukturudur, istifadəçilər üçün istənilən giriş şəbəkəsi, xüsusən də VoLTE (Voice over) üzərindən rabitə xidmətləri təqdim etmək üçün yeni texnologiyadır. Əvvəlcə yalnız multimedia xidmətlərinin çatdırılması platforması kimi inkişaf etdirilirdi, lakin sonradan əlaqəni tam idarə edən və müxtəlif giriş şəbəkələri ilə işləyən arxitekturaya çevrildi. Bu texnologiyanın istifadəsi ənənəvi şaquli arxitekturadan fərqli olaraq üfüqi arxitekturaya əsaslanır. 
    Qeyd olunub ki, IP multimedia altsistemi ilk olaraq mobil şəbəkələr üçün müəyyən edilsə də, standart tezliklə sabit xətt şəbəkələrində də istifadə olunur. Bu sistem üçün əsas tələblər mobil və ya stasionar şəbəkələri IP əsaslı şəbəkələrlə əlaqələndirmək və əlavə xidmətlər göstərməkdir. Bura səs, videotelefoniya kimi IP əsaslı xidmətlər daxildir. 
     Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
 Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 23.11.2022 20:01