AZ EN RU

Sakinlərə şəffaf, operativ, nəzakətli qaydada xidmətlər göstərilir - FOTOLAR

    Vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi, yoxsulluğun aradan qaldırılması dövlətimizin əsas prioritet istiqamətlərindən biridir. Ölkəmizin inkişaf strategiyasına əsasən əhalinin sosial müdafiə və sosial təminat xərclərinin, o cümlədən yoxsulluğun səviyyəsinin azaldılmasında müstəsna əhəmiyyət kəsb edən minimum əməkhaqqının, sosial müavinətlərin və digər sosial təyinatlı xərclərin mütəmadi olaraq artırılması  qarşıya qoyulan əsas vəzifələrdəndir. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, dövlətin apardığı siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bəli, bunu hər addımda duymaq çətin deyil.

    İstər ölkəmizdə, istərsə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda əhaliyə müxtəlifyönlü xidmətlərin göstərilməsi və vətəndaşların qarşısında olan çətinliklərin operativ şəkildə həll olunması baxımından bir sıra addımlar atılır. Bu cəhətdən yaradılan “ASAN xidmət” mərkəzləri mühüm əhəmiyyət kəsb edir. Mərkəzlərin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azaldılmasından, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olmaqdan, peşəkarlıq səviyyəsinin, şəffaflığın artırılmasından, dövlət strukturlarına etimadın daha da gücləndirilməsindən, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsindən, elektron xidmətlərdən daha geniş istifadə olunmasından ibarətdir. Mərkəzlərdə vətəndaşlara daha yaxşı xidmət göstərilməsi üçün yeni üsullardan və müasir innovasiyalardan istifadə olunur.
    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzi ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanı ilə yaradılıb. Buyaxınlarda istifadəyə verilən Naxçıvan “ASAN xidmət” mərkəzi, ümumilikdə, respublika üzrə 26-cı mərkəzdir. Mərkəzin tikintisinə 2020-ci ildə başlanılıb, 2023-cü ilin may ayında inşası başa çatdırılıb.
    Məlumat üçün qeyd edək ki, “ASAN xidmət” mərkəzində videomüşahidə, görüntüləmə və videonövbə sistemləri, 2 ədəd lift, yanğınsöndürmə sistemi, mərkəzləşdirilmiş havalandırma, istilik sistemi, generator UPS quraşdırılıb. Muxtar respublikada qeydiyyatda olan 465 min vətəndaşın istifadə etdiyi mərkəz ərazi məhdudiyyəti qoyulmadan fəaliyyətini günün tələbləri səviyyəsində qurur. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, 360-dan çox xidmət həyata keçirilir.
    Bu günlərdə qapılarını muxtar respublika sakinlərinin üzünə açan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Naxçıvan “ASAN xidmət” mərkəzində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi, dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti ilə bağlı, arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsi, gömrük işi sahəsində xidmətlərin göstərilməsi, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında və digər xidmətlər “ASAN xidmət” əməkdaşları tərəfindən öz həllini tapmaqdadır. Ən əsası xidmətlərin operativ şəkildə yoluna qoyulması üçün vətəndaşlara hərtərəfli dövlət qayğısı göstərilir. “ASAN xidmət” mərkəzində əhaliyə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, dövlət qulluqçusuna edilmiş müraciətlərin operativ şəkildə həllini tapması istiqamətində mühüm işlər həyata keçirilir.
    Mərkəzin açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə müsahibəsində bildirib ki, Naxçıvan sakinlərinə şəffaf, operativ, nəzakətli qaydada xidmətlər göstəriləcək. 
    Ümumilikdə, burada 11 nazirlik, dövlət komitəsi, eyni zamanda bank, sığorta və digər funksional xidmətlər sakinlərin xidmətində olacaq. Bu da o deməkdir ki, vətəndaş üçün tələb olunan mütləq əksəriyyət dövlət xidmətləri “bir pəncərə” prinsipi ilə fəaliyyət göstərəcək.
    Onu da deyək ki, mərkəzdə könüllülərdən ibarət əməkdaşlar da çalışır. Könüllü olmaq, könüllü olaraq iş həyatına atılmaq onların yaxşı niyyətlərindən xəbər verir. Çox xoşdur ki,  gənclərimiz könüllü olaraq  iş başına yollanırlar. Bunu biz 44 gün davam edən  Vətən müharibəsində tam aydınlığı ilə görə bildik. 
    Bir sözlə, yenicə fəaliyyətə başlayan mərkəzdə vətəndaş məmnunluğunu hiss etməmək mümkün deyil. Naxçıvan sakinlərinin çoxdandır, arzuladıqları ünvan artıq bir aya yaxındır ki, fəaliyyətə başlayıb. Qeyd edək ki, mərkəz həftəiçi şənbə və bazar günləri də daxil olmaqla nahar fasiləsi olmadan əhaliyə xidmət göstərir. Naxçıvan “ASAN xidmət” mərkəzi əməkdaşlarını bu mühüm mərama başlamaları münasibətilə təbrik edir, uğurlarının çox olmasını arzulayırıq!

Nuray ƏSGƏROVA

Nəşr edilib : 07.06.2023 19:30