AZ EN RU

Şair məzunlarla görüş

    Naxçıvan Dövlət Universitetində Tarix-filologiya fakültəsi və Elmi Kitabxananın birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin məzunu olmuş şairlərlə görüş keçirilib.
    Universitetin rektoru Elbrus İsayev qonaqları salamlayaraq qeyd edib ki, ali təhsil ocağı öz məzunları ilə mütəmadi olaraq görüşlər təşkil edir, tələbələrin onları tanımasına şərait yaradılır. “Təşkil olunan görüşün məqsədi də məhz ədəbi mühitin inkişafına, gənclərin bədii ədəbiyyata marağının artırılmasına, yazıçı və şairlərlə oxucuların ünsiyyətinin daha da sıxlaşmasına xidmət edir”, – deyən rektor belə tədbirlərin davamlılığını arzulayıb.
    Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Yadigar çıxışı zamanı birliyin yaranma tarixindən və fəaliyyətindən, eləcə də Naxçıvanda yaşayıb-yaradan şairlərin yaradıcılığından bəhs edib. Şuşa səfərindən söz açan şair səfər zamanı yazdığı “Zəfər yolu” şeirini səsləndirib.
    Asim Yadigar tələbələrə Azərbaycan bədii ədəbiyyatı ilə yanaşı, dünya klassiklərindən də bəhrələnməyi tövsiyə edib.
    Sonra tələbələrin həm şairlərin, həm də özlərinin ərsəyə gətirdiyi şeirlərdən ibarət bədii qiraəti iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.
    Naxçıvanda yaşayıb-yaradan qələm sahibləri Xanəli Kərimli, Həsənəli Eyvazlı, Zeyqəm Vüqar və Elxan Yurdoğlunun çıxışları dinlənilib.
    Şairlər öz şeirlərindən misralar səsləndirərək iştirakçıların zövqünü oxşayıblar.
    Sonda Asim Yadigar Tarix-filologiya fakültəsinin kitabxanasına kitablar bağışlayıb.

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və
 ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 01.12.2022 19:41