AZ EN RU

Şahmatın tədrisi ilə bağlı yeni nəşrlərin təqdimatı keçirilib

    Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə beynəlxalq usta Talıb Babayevin “Naxçıvan Premium Turniri”, “Debüt tələləri 333” və “Həvəskardan ustaya qədər” II cild kitablarının təqdimatı keçirilib.

    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev bildirib ki, muxtar respublikamızın şəhər və rayonlarında şahmat məktəbləri müasir tələblərə cavab verəcək səviyyədə tikilərək istifadəyə verilib. Bu tədbirlərin davamı olaraq şahmatı tədris edən müəllimlərin və şahmatsevərlərin dərs vəsait­ləri ilə təmin edilməsi də daim diqqət mərkəzində saxlanılır. Hər il federasiyanın dəstəyi ilə müxtəlifadlı dərsliklər çap edilərək şahmatçıların istifadəsinə verilir. Bu gün təqdim edilən hər üç kitab beynəlxalq usta Talıb Babayevin müəllifliyi və tərcüməsi ilə federasiya tərəfindən nəşr olunub.

    Naxçıvan Muxtar Respublikası təhsil naziri­nin müavini Ovni Muradov çıxışında diqqətə çatdırıb ki, muxtar respublikamızın quruculuq coğrafiyasında Şahmat Mərkəzi və rayonlarda şahmat məktəbləri mühüm yer tutur. Yaradılan bu infrastruktur nəticəsində gələcəyin güclü şahmatçıları hazırlanır. Eyni zamanda burada olan maddi-texniki baza sayəsində onlayn dərslər, yarışlar həyata keçirilir. Şahmat Mərkəzində isə beynəlxalq yarışlar, turnirlər təşkil edilir. Bütün bunlarla yanaşı, Şahmat Federasiyasının təşəbbüsü və burada fəaliyyət göstərən müəllimlərin və məşqçilərin səyi ilə şahmatın tədrisində mühüm əhəmiyyətə malik dərsliklərin və metodik vəsaitlərin çapı həyata keçirilir. Bütün bunların nəticəsidir ki, muxtar respublika şahmatçıları daim uğurlu nəticələri ilə fərqlənirlər. Həmçinin federasiyanın bu günə qədər bir neçə yeniyetmə şahmatçısının adı məhz Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na daxil edilib. Bunlardan sonuncusu isə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi bu yaxınlarda ölkə çempionu olmaqla istedadını bir daha təsdiqləyən Nazlı Hümbətovadır. Bütün bunlar isə muxtar respublikamızda şahmata və şahmatçılara olan diqqət və qayğının ifadəsidir. Bu il muxtar respublikamızda 16 yaşadək şahmatçılar arasında keçiriləcək şahmat olimpiadası isə Naxçıvanın dünyada şahmat mərkəzi kimi əhəmiyyətini bir daha ortaya qoymuş olur. Ovni Muradov çıxışının sonunda şahmat sahəsində əldə edilən nailiyyətlərin təməlində dayanan diqqət və qayğıya görə Ali Məclis Sədrinə minnətdar­lığını bildirib.

    Tədbirdə Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin şahmat müəllimi Fəridə Şükürova və Naxçıvan Qarnizonu tam orta  məktəbinin şahmat müəllimi, eyni zamanda federasiyanın məşqçisi Tural Zeynalov çıxış edərək yeni nəşrlərin şahmatın tədrisi keyfiyyətinin yüksəldilməsinə əsaslı təsir göstərəcəyini bildiriblər. 
    Sonda rayon şahmat məktəblərinin direktorları və müəllimlərə kitablar təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 08.07.2022 20:26