AZ EN RU

Şahmatçımız liderlər cərgəsində

    Naxçıvan Şahmat Mərkəzində keçirilən kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında növbəti tura yekun vurulub.
    Ötən turu qələbə ilə başa vuran naxçıvanlı şahmatçılardan beynəlxalq usta Toğrul Həsənzadə (2292) FIDE ustası Vüqar Manafovla (2299), beynəlxalq usta Pərviz Qasımov (2379) qrossmeyster Fərid Abbasovla (2527) qarşılaşıb. Bu görüşlərdə hər iki zəka sahibimiz qalib gəlib.  Qrossmeyster Urfan Sevdimalıyev (2359) FIDE ustası Elvin Bayramovla (2280) oyunda məğlub olub. FIDE ustası Sadiq Məmmədov (2220) FIDE ustası Atilla Eynullayevə (2324), beynəlxalq usta Talıb Babayev (2256) isə FIDE ustası Fərid Mustafayevə uduzub. 
    Turnirin liderlərinin görüşündə qrossmeyster Vasif Durarbəyli (2615) qrossmeyster Nicat Məmmədovla (2604) “sülh” bağlayıb. FIDE ustası Şiroğlan Talıbovla (2307) FIDE ustası Elmar Atakişiyevin (2240), FIDE ustası Xəzər Babazadə (2427) ilə beynəlxalq usta İsmayıl Şahəliyevin (2380) də oyununda eyni nəticə qeydə alınıb. Qrossmeyster Misrətdin İsgəndərovla (2566) qrossmeyster Aydın Süleymanlının (2530) görüşündə qalib gələn tərəf Aydın olub. Qrossmeyster Eltac Səfərli (2597) beynəlxalq usta Murad İbrahimliyə (2418),  FIDE ustası Zaur Bayramov (2357) isə beynəlxalq usta Məhəmməd Muradlıya (2528) məğlub olub. Beynəlxalq usta Əhməd Əhmədzadə (2467) ilə FIDE ustası Uğur İlyaslının (2310) görüşündə “ağ-qara” taxtanı Əhməd qələbə ilə tərk edib.
    4 turdan sonra Pərviz Qasımov, Əhməd Əhmədzadə, Vasif Durarbəyli, Nicat Məmmədov, Murad İbrahimli və Aydın Süleymanlı 3 xalla turnir cədvəlində liderdirlər.
    Qeyd edək ki,  birinci mərhələ İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İlkin mərhələdə 1-4-cü yerləri tutan şahmatçılar 2-ci mərhələdə play-off sistemi üzrə yarımfinal (I-IV, II-III) və finalda  ölkə çempionun müəyyən edəcəklər.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 08.02.2022 20:03