AZ EN RU

Şahmatçılarımızdan daha biri Azərbaycan çempionu olub

Bakı şəhərində 8-18 yaşadək oğlan və qızlar arasında Azərbaycan çempionatı keçirilib. Ölkəmizin müxtəlif regionlarından ümumilikdə 134 şahmatçının qatıldığı yarış üç gün davam edib. 18 yaşadək idmançılar dairəvi sistem üzrə 7 tur, digər bütün yaş qruplarında isə 11 tur oynanılıb. 

Yarışda muxtar respublikadan Naxçıvan Şahmat Federasiyasının 9 idmançısı qatılıb. Onlardan 4-ü mükafatçılar sırasına düşməyi bacarıb. 

Təmsilçilərimizdən Seyid Hüseyn 16 yaşadək oğlanlar arasında birinci yerə sahib çıxmaqla Azərbaycan çempionluğu sevincini yaşayıb. May ayında məktəblilərin Avropa çempionatının qalibi olmaqla diqqətlərini üzərinə çəkən Yasin Seyidov (10 yaşadək oğlanlar) və ötən il 16 yaşlılar arasında birinci olan Nazlı Hümbətova (16 yaşadək qızlar) bu dəfə ikinciliklə kifayətləniblər. Ayxan Əliyev isə 18 yaşadək şahmatçılar arasında üçüncü olub. Bu nəticələrlə Naxçıvan şahmatçıları Azərbaycan çempionatını 1 qızıl, 2 gümüş və 1 bürünc medalla tamamlayıblar.

Qeyd edək ki, yarışın qalibləri dünya və Avropa çempionatlarında iştirak etmək hüququ əldə edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.06.2023 13:02