AZ EN RU

Şahmat və fiziki tərbiyə fənninin tədrisinin vəziyyəti ilə bağlı müşavirə keçirilib

    Naxçıvan Muxtar Respublikası Təhsil Nazir­liyinin təşkilatçılığı ilə “Ümumtəhsil məktəblərində şahmat və fiziki tərbiyə fənninin tədrisinin vəziyyəti” mövzusunda müşavirə keçirilib.
    Müşavirədə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, muxtar respublikada şagirdlərin təhsili ilə yanaşı, onların sağlam həyat tərzinə istiqamətləndirilməsi, fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. 
   Qeyd olunub ki, hazır­da muxtar respublika ümumtəhsil məktəblərində 378 fiziki tərbiyə müəllimi fəaliyyət göstərir. Onların 35-i müəllimlərin işə qəbulu müsabiqələrində ən yüksək nəticə göstərən gənc kadrdır. Təhsil müəssisələrində idman infrastrukturunun yaxşılaşdırılmasının nəticəsidir ki, bədən tərbiyəsi və idman ixtisaslarına maraq artıb, təkcə ötən tədris ilində 33 məzun ali məktəblərin idman ixtisaslarına qəbul olub.
    Nazir şahmatın tədrisi üçün yaradılan şəraitdən və tədrisin səviyyəsinin yüksəldilməsi üçün Şahmat Federasiyası tərəfindən görülən işlərdən də bəhs edib. Diqqətə çatdırılıb ki, ümumtəhsil məktəblərində şahmatın tədrisi üçün müasir siniflər ayrılıb, Şahmat Federasiyası ilə birgə aparılan sertifikasiya aparılıb, 505 şahmat müəllimi sertifikatla təmin edilib.
    Vurğulanıb ki, ümumtəhsil məktəblərinin şahmat fənninə dair dərslik, dərs vəsaiti və digər tədris-metodik ədəbiyyatlarla təmin olunması da diqqətdə saxlanılıb, Şahmat Federasiyası tərəfindən 5 adda 600-dən artıq vəsait hazırlanaraq ümumtəhsil və şahmat məktəblərinə, həmçinin müəllimlərə verilib.
    Bildirilib ki, yaradılan şəraitin və həyata keçirilən tədbirlərin nəticəsidir ki, cari tədris ilində 33 məktəbli ölkə və beynəlxalq səviyyəli idman yarışlarında uğurlu nəticələr qazanıb.
    Müşavirədə Babək, Culfa, Şahbuz Rayon Təhsil şöbələrinin müdirləri, Naxçıvan Şəhər, Ordubad Rayon Uşaq-Gənclər İdman məktəblərinin direktorları, Şərur Rayon Uşaq-Gənclər İdman Məktəbinin direktor əvəzi görülən işlər barədə məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Təhsil 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 03.03.2022 20:16