AZ EN RU

Şahmat üzrə növbəti interaktiv dərs keçilib

    Naxçıvan Şahmat Mərkəzində “Respublika yarışlarındakı oyunların təhlili”, “Şahmat oyununda kompüter pro­qramlarından istifadə” və “Sonluqlara aid məsələ həlləri” mövzularında növbəti interaktiv dərs keçilib. 
    Ümumtəhsil məktəblərinin şagirdləri üçün “Respublika yarışlarındakı oyunların təhlili” mövzusunda keçilən interaktiv dərsdə beynəlxalq dərəcəli hakim Emin Hacıyev məktəbin şagirdlərinin respublika yarışlarında oynadıqları oyunlar haqqında məlumat verib. Şagirdləri maraqlandıran vəziyyətlər izah edilib.
    Ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün “Şahmat oyununda kompüter proqramlarından istifadə” mövzusunda keçilən dərsdə isə şahmat oyununda istifadə olunan proqramlardan bəhs edilib. Emin Hacıyev tərəfindən müəllimlərə şahmat oyununa aid kompüter proqramlarından istifadəyə aid suallar verilərək fikir mübadiləsi edilib. Müasir dövrdə belə proqramlardan istifadə edilməsinin vacibliyi vurğulanıb, suallar cavablandırılıb. 
    Şahmat məktəbləri ilə beynəlxalq usta Toğrul Həsənzadə “Sonluqlara aid məsələ həlləri” mövzusunda keçilən interaktiv dərsdə isə sonluqlara aid məsələ və etüdlər həll olunub. Belə vəziyyətlərdə necə düşünmək lazım olduğu izah edilib.
    İnteraktiv dərs muxtar respublikanın 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 15.12.2022 19:47