AZ EN RU

Şahmat üzrə Azərbaycan çempionatı başa çatıb

    Naxçıvan Muxtar Respublikasında ardıcıl olaraq ikinci dəfə təşkil olunan şahmat üzrə kişilər arasında Azərbaycan çempionatına yekun vurulub.
    Fevral ayının 18-də Naxçıvan Şahmat Mərkəzində kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov bildirib ki, ölkə çempionatına ardıcıl olaraq ikinci dəfə Naxçıvanda keçirilməsi muxtar respublikamızda şahmata, eləcə də şahmatçılara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Çempionat naxçıvanlı şahmatçıların inkişafına, onların oyun təcrübələrinin artırılmasına böyük töhfə verdi. Azərbaycanın ən güclü şahmatçılarının burada iştirakı həm də şahmatçılarımız üçün bir stimuldur. Hər il təşkil olunan belə yarışların nəticəsidir ki, bu gün Naxçıvan şahmatçıları inkişaf yolundadır. Eyni zamanda, onlar keçirilən bu yarışlardan təcrübə qazanırlar. 

     Seymur Talıbov bütün iştirakçıları və qalibləri təbrik edib, qaliblərə Sloveniyada kişilər arasında keçiriləcək Avropa çempionatında uğurlar arzulayıb.
    Azərbaycan Respublikası Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxışında vurğulayıb ki, Naxçıvanda ardıcıl olaraq ikinci dəfə keçirilən çempionat şahmatçılarda xoş təəssürat yaradıb. Bu da təəsadüfü deyil. Çünki Naxçıvan şahmat diyarı kimi ad qazanıb. Muxtar respublikanın bütün şəhər və rayonlarında şahmat məktəblərinin fəaliyyəti, eyni zamanda ümumtəhsil məktəblərində şahmat dərsinin tədris olunması bunun əyani sübutudur.Mahir Məmmədov şahmata göstərdiyi diqqət və qayğıya, həmçinin yarışın yüksək səviyyədə təşkil olunmasına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

    Sonra yarışın baş hakimi Lütfiyar Rüstəmov keçirilən çempionatın yekunu barədə məlumat verib. Bildirilib ki, beynəlxalq usta Məhəmməd Muradlı çempionın qalibi olub. 
    Çıxışlardan sonra qaliblər mükafatlandırılıb. Mükafatları Azərbaycan Respublikası Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı təqdim ediblər.
    Sonda xatirə şəkili şəkilib.

“Şərq qapısı”

Nəşr edilib : 18.02.2022 20:23