AZ EN RU

Şahmat turniri keçirilib

Naxçıvan Şahmat Mərkəzində şəhidlərin əziz xatirəsinə həsr olunmuş ümumtəhsil məktəblərinin qızlardan ibarət şahmat komandaları arasında birincilik keçirilib. Yarışın keçirilməsində əsas məqsəd şəhidlərin əziz xatirəsinin yad edilməsi və məktəbli şahmatçıların ustalıq dərəcələrinin artırılmasından ibarət olub. Açılış mərasimində ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Tahir Məmmədli, Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov və Təhsil Şöbəsinin əməkdaşı Araz Məmmədov çıxış edərək tədbirin keçirilmə məqsədi haqqında komandalara geniş məlumat verib və onlara uğurlar arzulayıblar. Daha sonra şəhid valideynləri və yaxınları çıxış edərək təşkilatçılara təşəkkürlərini bildirib, qəhrəmanlarımızın gənc nəslə tanıdılması istiqamətində görülən işlərin sevindirici olduğunu vurğulayıblar. Sonra şəhid yaxınlarına  yarışdan xatirə olaraq fəxri fərman təqdim edilib. Çıxışlardan sonra birinciliyə start verilib. Birincilikdə 17 tam orta məktəbin komandası, hər komandada isə 6 qız olmaqla ümumilikdə 102 şagird iştirak edib. Yekuna əsasən, 3 nömrəli tam orta məktəbin komandası I, 8 nömrəli tam orta məktəbin komandası II, 12 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb. 
Birincilik 6 fevral 2024-cü il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilib.

Nəşr edilib : 06.02.2024 18:10