AZ EN RU

Sahil Babayev: Bu il Şuşa, Naxçıvan, Quba və Sumqayıtda yeni DOST mərkəzləri açılacaq

Ötən il olduğu kimi, 2024-cü il də sosialyönümlü siyasətlə yadda qalacaq. Bu il ərzində aktiv sosial dəstək tədbirlərinə, xüsusilə məşğulluq məsələlərinə üstünlük veriləcək. Sosial siyasətin gələcəyi məhz əməkqabiliyyətli əhalinin aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi ilə bağlıdır. Əmək qabiliyyəti olmayanlar üçün isə passiv tədbirlər həyata keçiriləcək. Pensiya, müavinət və təqaüdlərin artırılması gözlənilir. Təkcə son beş il ərzində pensiyaların orta məbləği iki dəfə, əməkhaqqı və pensiyanın minimum məbləğinin 2,5 dəfə artırılması çox böyük göstəricidir. Digər tərəfdən müxtəlif sosial proqramların əlçatanlığının, əhatə dairəsi və ünvanlılığının artırılması qarşıda duran başlıca məsələlərdən biri olacaq. Qarabağa və Şərqi Zəngəzura istiqamətlənmiş proqramlar həyata keçiriləcək. Bu il 30 minə yaxın sakinin həmin ərazilərdə məskunlaşması nəzərdə tutulub, onun təxminən yarısı əməkqabiliyyətli əhali olacaq və ona görə onların məşğulluğunu təmin olunması, iş yerləri, müxtəlif məşğulluq alətlərinin təqdim edilməsi ən əsas hədəflərdən birinə çevriləcək.
Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev bunu sosial sahədə gözlənilən yeniliklər barədə məlumat verərkən deyib.
Nazirin dediyinə görə, DOST konsepsiyasının genişləndirilməsi üzərində iş aparılır və şəbəkənin ölkə boyu yayılması nəzərdə tutulur: “Bu il Şuşa, Naxçıvan, Quba və Sumqayıtda yeni DOST mərkəzlərinin açılışının şahidi olacağıq. Gəncə, Sabirabad, Masallı və Şəkidə DOST mərkəzlərinin açılması üzərində iş aparılır. Təsadüfi deyildir ki, bir çox ölkələr Azərbaycanın təcrübəsini öyrənməyə və tətbiq etməyə çalışır. Hazırda dörd ölkədə Azərbaycanın DOST konsepsiyası və elektronlaşma sahəsindəki təcrübəsinin tətbiq edilmək üçün hazırlıq işləri görülür və güman ki, bu il onların da nəticələrini görmək mümkün olacaq”.

Nəşr edilib : 27.01.2024 19:00