AZ EN RU

Sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətidir

    Tarix sübut edir ki, müxtəlif dövrlərdə müəyyən səbəblərdən milli dövlətçiliyini və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən xalqlar çətin sınaq anında məsuliyyəti öz üzərinə götürmüş qətiyyətli liderlərinin sayəsində mövcudluqlarını qorumuş, çətinliklərə sinə gərmiş, milli ideya ətrafında birləşmişlər. Belə taleyüklü mərhələlərdə bir həqiqət də təsdiqini tapmışdır ki, hər bir dövlətin üzləşdiyi təhdidlərə qarşı əzmkar müqavimət göstərməsi, ilk növbədə, ona rəhbərlik edən siyasi liderin şəxsiyyətindən, idarəçilik səriştəsindən və qətiyyətindən asılıdır.

    Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi nadir şəxsiyyətlərdən biri, qüdrətli dövlət xadimi, dünya şöhrətli siyasət dahisi və əvəzedilməz Lider Heydər Əliyev də ən çətin və mürəkkəb məqamlarda xilaskarlıq missiyası ilə xalqının köməyinə çatmış, Azərbaycan tarixinin parlaq səhifələrini yazaraq ölkənin salnaməsində dərin iz qoymuş, sözün həqiqi mənasında, onu qurub yaratmışdır. Bu dahi şəxsiyyət böyük zəhməti, tükənməz enerjisi, işıqlı zəkası və dəmir iradəsi ilə daim xalqının, Vətəninin, dövlətinin xidmətində dayanmışdır.
    Müasir Azərbaycan tarixinin bir çox parlaq səhifələri, heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin adı ilə, onun irimiqyaslı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlıdır. Respublikaya rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın bütün sahələr üzrə inkişafında, xüsusən iqtisadiyyatın dirçəlişində, sosial vəziyyətin yaxşılaşdırılmasında, dövlət müstəqilliyinin möhkəmləndirilməsində Ümummilli Liderin xidmətləri ölçüyəgəlməzdir. Görkəmli dövlət xadimi hələ sovet hakimiyyəti illərində var qüvvəsi ilə Azərbaycanın gələcək inkişafı, tərəqqisi, xalqın həyat səviyyəsinin yaxşılaşdırılması və cəmiyyətin firavanlığı naminə yorulmaq bilmədən çalışmışdır.
    Ötən əsrin 60-cı illərində Azərbaycan ictimai-siyasi həyatın bir çox sahələri üzrə müttəfiq respublikalardan geridə qalırdı. Yalnız 1969-cu ildə Heydər Əliyevin respublikaya rəhbərliyə gəlişindən sonra bu vəziyyətdən çıxış yolu kimi uzunmüddətli və məqsədyönlü sosial-iqtisadi inkişaf strategiyasının konseptual əsasları hazırlanmış və mərhələlərlə onun həyata keçirilməsinə başlanılmışdır. Nəticədə, Azərbaycan dirçəliş yoluna qədəm qoymuş, güclü sənaye potensialı yaradılmış, aqrar sektor inkişaf etməyə başlamış, energetika sistemi yenidən qurulmuş, çoxlu sayda infrastruktur və sosial obyektlər yaradılmışdır. Xüsusən karbohidrogen ehtiyatlardan səmərəli istifadə olunması Azərbaycanın hərtərəfli inkişafında mühüm rol oynamışdır. Ümumiyyətlə, neft amili Ulu Öndərin dövlətçilik fəaliyyətinin bütün mərhələlərində uzaqgörən, düşünülmüş iqtisadi və siyasi xətt olaraq daim ön planda durmuşdur. Yalnız bu dahi şəxsiyyətin rəhbərliyə gəlişindən sonra xalq öz “qara qızıl”ından bəhrələnmək hüququ əldə etmiş və ölkənin gələcək inkişafı üçün etibarlı iqtisadi zəmin yaranmışdır.
    Azərbaycanda sahibkarlığın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı sayəsində əlverişli biznes mühitinin yaradılması üçün çox yaxşı imkanlar açılmışdır. Bu gün sahibkarlığın inkişafı istiqamətində atılan addımlar, bu sahədə yaradılan şərait birbaşa olaraq Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahədə əldə olunan inkişaf, möhkəm təməl  Ulu Öndər Heydər Əliyevin diqqəti nəticəsində yaradılmışdır.
    Azərbaycanın müasir sahibkarlığının tarixinə nəzər saldıqda şahidi oluruq ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra təsdiq edilmiş “Azərbaycanda sahibkarlığın inkişafı Dövlət Proqramı”nın icrası sahibkarlıq sektorunda həyata keçirilən islahatların, ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətini genişləndirdi.
    Ulu Öndərin fəaliyyətində, həmçinin sahibkarlıq fəaliyyətinə mane olan bir sıra əngəllərin və yoxlamaların aradan qaldırılması istiqamətində imzalanan fərman və sərəncamları da bu sahədə müstəsna rol oynamışdır.  Ümummilli Liderin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox Fərman və Sərəncam imzalanmış, 30-a yaxın Dövlət proqramı təsdiq edilmişdir.
    2002-ci il sahibkarlığın inkişafı sahəsində Ümummilli Liderimiz Heydər Əliyevin yerli və xarici iş adamları ilə keçirilmiş görüşləri ilə əlamətdar olmuşdur. Bu görüşlərin nəticəsi olaraq ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq Dövlət proqramı qəbul edilmiş, bir sıra mühüm fərmanlar imzalanmış, bununla da ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin təməli qoyulmuşdur.
    Yerli sahibkarlarla keçirilmiş həmin görüşün əhəmiyyətini nəzərə alaraq, cənab Prezident “Sahibkarlar Günü”nün məhz aprel ayının 25-də qeyd edilməsini qərara almışdır.
    Ümummilli Lider Naxçıvan Muxtar Respublikasında cəmiyyət həyatının bütün sahələrini əhatə edən inkişafın möhkəm əsaslarının yaratmış, sonralar, ümumən, Azərbaycanın hər yerində, o cümlədən Naxçıvanda baş verən böyük yeniləşmə və inkişaf prosesləri məhz həmin zəmin üzərində ucalmışdır. 
    Naxçıvan Muxtar Respublikasında bütün sahələr kimi, sənayenin inkişafı üçün də ötən illər çox iş görülmüş, mühüm nailiyyətlər qazanılmışdır. Bu uğurların bünövrəsi Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana  rəhbər seçilməsi ilə qoyulmuşdur. Həmin dövrdən başlayaraq Naxçıvanda sənaye məhsulları, xüsusən duz, mineral sular, ipək xammalı, tikinti materialları, şərab, meyvə konservləri istehsalı artmağa başlamışdır. Özü də həmin məhsulların əksəriyyətinin istehsalı, əsasən, yerli xammala əsaslanırdı. Araz çayı üzərində İran ilə birgə Elektrik Stansiyası, tikiş və alt trikotaj fabrikləri, yeni mineral sudoldurma və şüşə qablar zavodları, taxıl məhsulları kombinatı, dəmir-beton məhsulları müəssisəsi məhz həmin dövrdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilib işə salınmışdır. O illər, həmçinin Naxçıvan Muxtar Respublikasında Şahtaxtı daş karxanası, kərpic zavodu istifadəyə verilmiş, o cümlədən Naxçıvan Xalça kombinatı, Şərur Konserv Zavodu, ikinci dəmir-beton zavodu fəaliyyətə başlamışdır.
    Ulu Öndərin sosial-iqtisadi inkişaf konsepsiyası Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilməkdədir. 2022-ci ildə ümumi daxili məhsul istehsalının 1994-cü illə müqayisədə 80,2 dəfə, sənaye məhsulunun həcminin 467,3 dəfə, kənd təsərrüfatının ümumi məhsulunun 25,8 dəfə artması görkəmli dövlət xadimi Heydər Əliyev siyasi kursunun təntənəsidir. 
    Aparılan məqsədyönlü dövlət siyasəti sayəsində muxtar respublikada sənaye müəssisələrinin sayı 400-ü ötmüş, 300-dən çox məhsul istehsalına nail olunmuşdur. Sənayenin inkişafına yönəlmiş mexanizmlərdən biri də sənaye məhəlləsinin yaradılmasıdır. Son dövrlər muxtar respublikada bu istiqamətdə bir sıra addımlar atılmışdır. Şərur rayonunda yaradılmış sənaye məhəlləsində bütün zəruri infrastruktur qurulmuş, burada ayaqqabı, Avropa qapıları, mebel, kağız kisə və karton tara istehsalı sahələri fəaliyyətə başlamış, istehsal gücü sutkada 60 ton yağlı toxum emalına malik olan bitki yağı istehsalı sahəsi qurulmaqdadır. 
    Sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 88 faizi ötmüşdür.
    Naxçıvanda böyük quruculuq proqramı gerçəkləşdirilmişdir. Muxtar respublika, demək olar ki, qısa müddətdə əsaslı surətdə yenidən qurulmuşdur. Qədim tarixə malik olan Naxçıvanın əsas memarlıq üslubu saxlanılmaqla yanaşı, şəhərdə düşünülmüş şəkildə yeniləşdirilmə proqramı həyata keçirilmişdir. Minlərlə sosial-infrastruktur obyektləri – magistral və yerli əhəmiyyətli yollar, körpülər salınmış, təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri, elektrik stansiyaları tikilmişdir. 
    Muxtar respublikada sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına köməklik etmək, onlara maliyyə dəstəyi göstərmək və əhalinin məşğulluğunun təmin edilməsinə şərait yaratmaq məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu yaradılmışdır. Fondun vəsaitləri sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. Güzəştli kreditlərdən daha səmərəli istifadə edilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilmişdir. Ümumilikdə, 2000-2022-ci illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1799 layihə üzrə 183 milyon 535 min manat, o cümlədən 2022-ci ildə 141 layihə üzrə 7 milyon 184 min 600 manat həcmində güzəştli kredit verilmişdir. Həmin vəsait sənaye, xidmət, kənd təsərrüfatı təyinatlı sahələrin maliyyələşdirilməsinə yönəldilmişdir. 
    Sahibkarlıq sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, sahibkarların hüquqlarının müdafiəsi məqsədilə indiyədək bir çox qanunlar qəbul olunmuşdur. Sahibkarlığın inkişafına töhfə verən belə qanunlardan biri  2002-ci il 28 sentyabr tarixdə “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Fərman və 2013-cü ilin 2 iyul tarixdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanmışdır ki, bu sənədlər əsasında dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında yaranan bir sıra ciddi problemlər tam açıqlığı ilə öz həllini tapmışdır.
    Biznes sferasının tənzimlənməsi istiqamətlərindən biri də sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılmasıdır. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 4 aprel 2023-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası ərazisində lisenziya verən orqanların siyahısı və  lisenziya tələb edən fəaliyyət növlərinin sayı müəyyən olunmuşdur. Reallaşdırılan tədbirlər nəticəsində bu sahədə lisenziyanın verilməsi daha da sadələşdirilmiş, sahibkar və vətəndaş məmnunluğu yüksəlmişdir.
    Sahibkarlıq sahəsində lisenziya tələb olunan fəaliyyət növlərinin əhəmiyyətli dərəcədə azaldılması, sərmayə qoyuluşunun stimullaşdırılması, satınalmalar prosedurunun tamamilə elektronlaşdırılması və vahid internet portalı vasitəsilə həyata keçirilməsi kimi tədbirlər də özəl sektorun fəaliyyətinin gücləndirilməsinə, şəffaflığın və hesabatlılığın artırılmasına, rəqəmsallaşmanın geniş vüsət almasına, rəqabət mühitinin inkişafına xidmət edir.
    Muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əlaqələrinin inkişaf etdirilməsi, istehsal olunan məhsulların ixrac imkanlarının artırılması, onların xarici ölkələrdə tanıdılmasında keçirilən biznes forumların və beynəlxalq tədbirlərin böyük rolu var. Ümumilikdə, 2002-2022-ci illər ərzində 50-dən çox ölkədə keçirilmiş 425 tədbirdə 2039 halda sahibkarlıq subyektlərinin 2184 nümayəndəsinin iştirakı təmin edilmişdir.
    Ümumi iqtisadi inkişafa təsir göstərən amillərdən biri də yüksəkkeyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsidir. Bu gün muxtar respublikada istehsal olunan bir sıra qida məhsulları, mineral sular, daş məhsulları, tikinti materialları, tütün məmulatları, mebel məhsulları 20-dək ölkəyə ixrac olunmuşdur.
    Daha bir islahat tədbiri olaraq 2016-cı ildən etibarən investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə sahibkarlara investisiya təşviqi sənədləri verilməsidir. Bu məqsədlə 2017-2020-ci illərdə üç şirkətə ixrac əməliyyatları üzrə 119.366 manat həcmində İxrac Təşviqi Sənədi verilmiş, 2016-2022-ci illər ərzində 18 sahibkarlıq subyektinin 24 layihəsinə verilmiş İnvestisiya Təşviqi Sənədi çərçivəsində idxal edilən 77.914.089 manat dəyərində avadanlıqlara gömrük və vergi güzəştləri tətbiq edilmişdir.
    Aqrar sahədə baş verən dəyişikliklərin tənzimlənməsi və idarə olunması ilə regionda yeni təsərrüfat münasibətləri şəraitində kənd təsərrüfatı sahələrinin dirçəldilməsində mühüm nailiyyətlər qazanılmışdır.
    Kənd təsərrüfatı istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi, motor yağları və gübrələrə görə tətbiq olunan güzəştlər, texnikaların lizinq yolu ilə verilməsi, arıçılıq və bağçılıq sahəsinə subsidiyaların verilməsi bu sahənin inkişafına öz töhfəsini vermişdir. Ötən illər ərzində süd emalı, heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq təsərrüfatları ilə yanaşı, soyuducu anbar və istixana təsərrüfatları istifadəyə verilmişdir.
    Kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya olan tələbatının daha dolğun şəkildə ödənilməsi məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.
    Bütün bunlar Heydər Əliyev dövlətçilik məktəbinin, geniş mənada müstəqillik dövrü Azərbaycan dövlətçiliyinin nailiyyətləridir. Bu böyük dövlətçilik konsepsiyasının qətiyyətlə həyata keçirilməsi ölkəmizdə, eləcə də muxtar respublikamızda bütün sahələrdə inkişafdan yeniləşməyə və intibaha doğru hərəkatın başlıca hərəkətverici qüvvəsinə çevrilmişdir.

Naxçıvan Muxtar Respublikası 
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 20.04.2023 20:42