AZ EN RU

Sahibkarlığın İnkişafı Fondu sahibkarlığa dövlət dəstəyini gücləndirir

    Bu gün muxtar respublikada həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas məqsədi özəl sektorun inkişafı, biznes fəaliyyəti üçün əlverişli mühitin yaradılmasından ibarətdir. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda iqtisadiyyatın inkişafında sahibkarların rolunun artırılması zəruri istiqamətlərdən biri kimi qarşıya qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri də sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.

    Sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 7 avqust tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Fondunun ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin yaradılması və “Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası”nın təsdiq edilməsi ilə Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizminin yenidən qurulması bu maliyyə qurumunun inkişafında dönüş nöqtəsi olmuşdur.
    Bu qaydaların tətbiqi sahibkar­lara güzəştli kreditlərin verilməsində olduqca əhəmiyyətli rol oynamışdır. Eyni zamanda dövlət-sahibkar münasibətlərinin və özəl sektorun inkişafı, özəl sektor­da təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi daim diqqətdə saxlanılmışdır.
    Sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması və genişləndirilməsi məqsədilə kreditlərin verilməsi 2022-ci ilin 6 ayı ərzində  də davam etdirilmiş, iqtisadiyyatın müxtəlif sahələrinə fond tərəfindən 6 milyon 212 min 300 manat kredit ayrılmışdır.
    2022-ci ilin “Sənaye ili” elan olunması bu sahədə işləri daha da sürətləndirmiş, cari ilin 6 ayı ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən polietilen məmulatlarının, salfet, araq, çaxır, mebel, plastik qapı-pəncərə, çörək, dondurma, kənd təsərrüfatı avadanlıqları və digər istehsal sahələri olmaqla, ümumilikdə, 16 layihəyə 4 milyon 918 min manat kredit verilmişdir.
    Şərur Sənaye Məhəlləsinin yaradılması muxtar respublikada sənayeləşmə siyasətinin əsas prioritetlərindəndir. Məhəllədə yeni isehsal sahələrinin yaradılmasında sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin də mühüm rolu olmuş, layihənin icrasından ötən dövr ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2 layihənin maliyyələşdirilməsinə 526 min 500 manat dövlət maliyyə dəstəyi göstərilmişdir.
    Naxçıvan şəhərində “Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyətinin, Ordubad rayonunun Anaqut kəndində “Xan Çinar”  İstirahət Mərkəzinin istifadəyə verilməsi muxtar respublikada xidmət sahibkarlığının inkişaf etdirilməsinə və əhalinin daha rahat yaşayışının təmin olunmasına göstərilən qаyğının bariz nümunəsidir. Cari ilin ilk 6 ayı ərzində turizm infrastrukturunun inkişafı və yeni xidmət sahələrinin yaradılması məqsədilə 4 layihənin maliyyələşdirilməsinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 258 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir.
    Əlavə iqtisadi artım mənbələrinin yaradılmasında və ixracın genişləndirilməsində stimullaşdırıcı tədbirlərdən olan güzəştli kreditləşdirmə kənd təsərrüfatı sahəsini də əhatə etmişdir. Sahibkar­lığın İnkişafı Fondu tərəfindən cari ilin ilk 6 ayı ərzində heyvandarlıq, arıçılıq, quşçuluq, bağçılıq təsərrüfatları, soyuducu anbar olmaqla, ümumilikdə, 60 layihəyə 1 milyon 36 min 300 manat güzəştli kredit verilmişdir. Bu layihələrin icrası ixracda kənd təsərrüfatı məhsullarının həcminin artmasına müsbət təsir göstərəcəkdir. 
    Kiçik sahibkarlığın baza potensialı hesab olunan ailə təsərrüfatlarının inkişaf etdirilməsi artıq muxtar respublikada həyata keçirilən ən mühüm iqtisadi tədbirlərdəndir. Bu məqsədlə kənd təsərrüfatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən 50 ailə təsərrüfatına Sahibkarlığın İnkişafı Fondu tərəfindən cari ilin            6 ayı ərzində 766 min 300 manat  dövlət maliyyə dəstəyi göstərilmişdir. Fəaliyyətlərinin genişləndirilməsi məqsədilə həmin ailə təsərrüfatlarında maarifləndirmə tədbirləri aparılmışdır.
    Bəhs olunan dövrdə kreditlərin verilməsi müvəkkil kredit təşkilatları tərəfindən icra edilmiş, fond tərəfindən alınan vəsaitlərin aidiyyəti üzrə xərclənməsinə xüsusi diqqət yetirilmişdir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.07.2022 20:21