AZ EN RU

Sahibkarlığın dəstəklənməsində yeni mərhələ

    Bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlıq fəaliyyəti ölkələrin sosial-iqtisadi sisteminin yenidən qurulmasında, hökumətin qarşıya qoyduğu strateji məqsədlərin uğurla reallaşdırılmasında mühüm rol oynayır. Milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirən dövlətimiz bu reallığı düzgün dəyərləndirməklə əhalinin fəaliyyətinə hərtərəfli imkanların yaradılması, iqtisadi mühitin liberallaşdırılması yolu ilə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması üçün zəruri tədbirləri həyata keçirir.
    Azərbaycan Respublikası regionlarının, o cümlədən Naxçıvan iqtisadi rayonunun inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi strategiyanın mühüm tərkib hissəsidir. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramları xüsusi əhəmiyyət kəsb edir. İcrası uğurla həyata keçirilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, ətraf mühitin mühafizəsinin təmin olunması ilə yanaşı, sahibkarların fəaliyyəti üçün də geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikasında sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, sənayenin davamlı inkişafının təmin edilməsi muxtar respublikada iqtisadi inkişafın sürətləndirilməsi və iqtisadi canlanmanın təşviqi üçün əlverişli biznes mühitinin formalaşdırılması bu sahədə prosedurların sadələşdirilməsi və asanlaşdırılması məqsədilə tədbirlərin icrası vasitəsilə həyata keçirilməkdədir. Hüquqi və fiziki şəxslərə vergi və digər güzəştlərin tətbiq edilməsi ilə özəl sektorun inkişafına nail olunur. Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında mikro, kiçik və orta biznesin dəstəklənməsi istiqamətində fəaliyyətin inkişaf etdirilməsi və dövlət xidmətlərinin təşkil edilməsi 2023-2027-ci illərdə “KOB dostu” ofislərinin yaradılması da yer alır. Elə bu səbəbdən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölmələri fəaliyyətə başlayıb. Mövzumuzla bağlı Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən geniş məlumat öyrəndik. KOBİA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüsalə Quliyeva bildirdi ki, Naxçıvan Muxtar Respublikasında mikro, kiçik və orta biznesin təşviqi və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi prioritet məsələlərdəndir. Bu məqsədlə bölgənin mövcud resursları, sosial-iqtisadi potensialı və digər imkanları nəzərə alınmaqla KOBİA tərəfindən də Agentliyin mövcud  tədbirlərindən istifadə olunmaqla biznes mühitinin və sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsinə dəstək göstəriləcək. 
    Bölgədə iqtisadi canlanmanın, yeni KOB subyektlərinin yaradılmasının və mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsinin təşviqi üçün sahibkarlara, biznesə başlamaq istəyənlərə təlim və məsləhət xidmətlərinin göstərilməsinin davam etdirilməsi,  startap layihələrin dəstəklənməsi, yerli və xarici investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlərin görülməsi, sahibkarların istehsal etdikləri məhsulların yerli və xarici sərgilərə çıxışına dəstəyin göstərilməsi və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 
    Bu tədbirlərin sistemli və operativ görülməsi üçün cari ilin aprel ayından etibarən Naxçıvan Muxtar Respublikasında KOBİA-nın bir sıra struktur bölmələri fəaliyyətə başlayıb. Bu struktur bölmələr arasında kiçik və orta biznesin dostunu (KOB dostu) xüsusilə qeyd etmək olar. Hazırda Naxçıvan Muxtar Respublikasında da KOB dostları fəaliyyət göstərir. KOB dostları Naxçıvan Muxtar Respublikasında yeni KOB-ların yaranmasına və mövcud biznesin inkişafına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına, maraqlarının müdafiəsinə mövcud dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentlik tərəfindən təmin edilən dəstək və xidmətlər çərçivəsində dəstək göstərir, onları sahibkarlıq fəaliyyəti ilə bağlı yeniliklər barədə maarifləndirir. Qısaca desək, Agentlik KOB dostları vasitəsilə mikro, kiçik vә orta biznesin yaradılmasından başlayaraq sahibkarlıq fәaliyyәtinin genişlәndirilmәsinə qәdәr olan bütün mәrhәlәlәrdә KOB-lara dəstək olur, bu sahədə dövlət qurumları ilə sahibkarlar arasında körpü rolunu oynayır.
    KOBİA-nın struktur bölməsi olan Naxçıvan KOB İnkişaf Mərkəzi (Naxçıvan KOBİM) də 2023-cü ilin aprel ayından etibarən mikro, kiçik və orta sahibkarların xidmətindədir. Naxçıvan KOBİM-in başlıca məqsədi mövcud KOB subyektlərinin və biznesə başlamaq istəyənlərin sahibkarlıqla bağlı bilik və bacarıqlarını artırmaq, biznes fəaliyyəti ilə bağlı zəruri istiqamətlərdə məlumatlandırmaqdır. Bu məqsədlə digər KOBİM-lərdə olduğu kimi, Naxçıvan KOBİM tərəfindən də KOB-ların ehtiyaclarına uyğun biznes təlimlər təşkil olunur, praktiki məsləhət xidmətləri göstərilir. 
    Tәlim və məsləhət xidmәtlәri biznes üçün zәruri istiqamәtlәrdә tәtbiqi sәriştәlәrin aşılanmasına yönәlmiş tәdris proqramına әsasәn hәyata keçirilir. Təlim və məsləhət xidmətləri təcrübəli və peşəkar ekspertlər tərəfindən fərdi və qrup halında göstərilir. Təlim xidmətləri biznesə başla, soft skils (yumşaq bacarıqlar), layihə idarəetməsi, maliyyənin idarə olunması, korporativ hüquq, satış, marketinq, rəqəmsal bacarıqlar, “Yaşıl iqtisadiyyat” və sair kimi istiqamətləri əhatə edir. Məsləhət xidmətləri isə satış kanallarına çıxışa dəstək, marketinq, biznes planlaşdırılması, mühasibatlıq xidmətləri, hüquqi məsələlər və digər sahələri əhatə edir. Həmçinin KOB-lar biznes-planın hazırlanmasına dəstək, KOB-ların şəbəkələşməsi üçün də Naxçıvan KOBİM-ə müraciət edə bilərlər. Naxçıvan KOBİM fəaliyyət göstərdiyi şəhərlə yanaşı, ətraf şəhər və rayonlara da xidmət edir. Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. 
    KOB-ların biznes sahəsi üzrə bilik və bacarıqlarının artırılması üçün digər dəstək mexanizmlərindən bəhs edən Vüsalə Quliyeva deyir ki, KOBİA KOB-ların bilik və bacarıqlarının artırılmasına onlayn təlim platforması və beynəlxalq ixtisasartırma proqramı vasitəsilə dəstək olur. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən KOB subyektləri də bu dəstək mexanizmlərindən faydalana bilərlər. 
    Vüsalə xanım qeyd etdi ki, videotəlim platforması Agentlik tərəfindən KOB subyektlərinin, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin və startapların biznes sahəsində biliklərinin və məlumatlığının artırılması, təlim ehtiyaclarının qarşılanması məqsədilə yaradılıb. Bu platformada biznesə başlamaq, yumşaq bacarıqlar (soft skills), korporativ-hüquq, layihə idarəetməsi, maliyyə, satış, marketinq, turizm və ixrac proseslərinin təşkili istiqamətləri üzrə 180 təlim videosu, hər bir mövzu üzrə təlim materialları və özünüqiymətləndirmə testləri yerləşdirilib. Platformadan istifadə ödənişsizdir. Biznes sahəsində biliklərini artırmaq istəyən KOB-lar və sahibkar­lıq fəaliyyətinə başlamaq istəyən şəxslər www.kobim.az saytının “Videotəlim platforması” bölməsində qeydiyyatdan keçməklə videomateriallardan faydalana bilərlər. 
    Azərbaycan sahibkarlarının və menecerlərinin biznes sahəsində beynəlxalq təcrübəyə yiyələnməsi, bilik və bacarıqlarının artırılması, Almaniyanın qabaqcıl şirkətləri ilə birbaşa işgüzar əlaqələrinin qurulması məqsədilə 2009-cu ildən etibarən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” həyata keçirilir. Proqrama qoşulan sahibkar və menecerlər 2 həftə müddətində Almaniyanın təlim mərkəzlərində keçirilən biznes təlimlərində iştirak edir, eyni zamanda Almaniya şirkətlərində təcrübə keçərək şirkətlərlə işgüzar əlaqələrini genişləndirirlər. Qeyd edək ki, proqram ingilis dilində fəaliyyət göstərir. İştirakçıların seçimi Almaniya mütəxəssisləri tərəfindən müsabiqə əsasında həyata keçirilir. İştirakçıların proqram çərçivəsində olan xərcləri (nəqliyyat xərcləri istisna olmaqla) Almaniya tərəfindən qarşılanır. Proqramı uğurla başa vuran sahibkar və menecerlərə beynəlxalq sertifikatlar verilir. Proqramın əlaqələndiricisi Azərbaycan tərəfindən KOBİA, Almaniya tərəfindən isə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətidir (GİZ). 
    Sirr deyil ki, azad sahibkarlıq yalnız o ölkələrdə uğurla inkişaf edir ki, orada sahibkarlara dövlət tərəfindən qayğı və diqqət var. Bu gün bu qayğını bütün sahibkarlar hiss edir. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Gələcəkdə də Azərbaycanda sahibkarlığın inkşafına böyük dəstək göstəriləcək, sağlam rəqabət təmin olunacaq. Azad sahibkarlığın inkişafı, onların maneələrlə üzləşməmələri üçün dövlətimiz üzərinə düşən məsələləri həll edir. Eyni zamanda sahibkarlar buna adekvat olaraq özəl sektorda üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər”. 

 Gülcamal TAHİROVA

Nəşr edilib : 04.08.2023 19:00