AZ EN RU

Sahibkarlarla görüş iqtisadi sahədə görüləcək işlərin istiqamətini, inkişaf strategiyasını müəyyənləşdirir

    “Dövlətin məqsədi aydındır: sahibkar­lıq inkişaf etdirilməli, yeni iş yerləri açılmalı və yerli istehsalın həcmi artırılmalıdır. Hər bir sahibkar da ölkəmizdəki sabitlikdən, özəl sektora göstərilən dövlət qayğısından bəhrələnərək iqtisadi inkişafa öz töhfəsini verməlidir”. 
    Fevralın 4-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sahibkarlarla keçirilən görüşdə səsləndirdiyi bu fikirlər muxtar respublikada sahibkarlığın inkişafı üçün dövlətin həyata keçirdiyi siyasətin ana xəttini təşkil edir. Bu tezis, eyni zamanda regionda sahibkarlığın stimullaşdırılması, sosial-iqtisadi inkişafın təmin edilməsində özəl sektorun hansı rol oynadığını ortaya qoyur.  
    Ənənəvi olaraq hər il keçirilən belə görüşlərdə muxtar respublikanın əvvəlki ildə əldə etdiyi sosial-iqtisadi göstəricilər bir daha yada salınır, sahibkarlıq qurumlarının fəaliyyət istiqamətləri təhlil olunur, yeni iqtisadi layihələrin perspektivləri və görüləcək işlər müzakirə edilir. Budəfəki görüşdə səsləndirilən rəqəmlər də bir daha onu təsdiq edir ki, dünya siyasi-iqtisadi sistemindəki məlum “çalxalanmalar” bir çox ölkə və regionların inkişafına mənfi təsir göstərsə də, muxtar respublikada qazanılan iqtisadi uğurlar kifayət qədərdir və bu nəticələrin əldə olunmasında dövlətin açıq iqtisadi siyasətinin olması böyük rol oynayır. Belə nəticələrə istinad etsək, görərik ki, sosial-iqtisadi inkişafın göstəricisi sayılan ümumi daxili məhsul istehsalı ötən il ondan əvvəlki ilə nisbətdə 2,4 faiz artaraq 3 milyard 16 milyon 315 min manat təşkil edib. Bu məhsulun, təxminən, üçdə bir hissəsinə yaxınını sənaye məhsullarının istehsalı təşkil edib – 27 faiz. Sənaye məhsulu istehsalında artımı əvvəlki illə müqayisədə 1,7 faiz olub. 
    Kiçik sahibkarlığın baza potensialı hesab olunan ailə təsərrüfatlarının inkişaf etdirilməsi artıq muxtar respublikada həyata keçirilən ən mühüm iqtisadi tədbirlərdəndir. Təsadüfi deyil ki, hər il sahibkarlarla keçirilən görüşlərə ailə təsərrüfatçılarının da dəvət edilməsi, onların fəaliyyətləri üçün elə yerindəcə lazımi tapşırıqların verilməsi, maliyyə yardımlarının göstərilməsi bu cür özünüməşğulluq sahələrinin ildən-ilə daha da inkişaf etməsinə şərait yaradır. Tədbirdə qeyd olundu ki, kənd təsərrüfatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən 76 ailə təsərrüfatına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1 milyon 221 min manat dövlət maliyyə dəstəyi göstərilib, ailə təsərrüfatları 5000 ədəd 27 çeşiddə tara ilə təmin edilib. Həmçinin müəssisələrin və məhsulların təbliği, beynəlxalq tədbirlərdə tanıdılması məqsədilə 39 ixrac potensiallı müəssisənin və ailə təsərrüfatlarının məhsullarını əks etdirən “İxrac kataloqu” hazırlanaraq çap olunub.  
    Görüşdə “Sahibkarlığın inkişafından danışarkən ailə təsərrüfatları modeli, xüsusilə qeyd olunmalıdır”, – deyən Ali Məclisin Sədri bildirdi ki, bu gün muxtar respublikada ailə təsərrüfatlarının inkişafı özünüməşğulluğu təmin etməklə yanaşı, həm də kiçik və orta sahibkarlığın inkişafına zəmin yaradır. Eyni zamanda özünüməşğulluq tədbirləri sırasında əhalinin aztəminatlı təbəqəsi aktiv əməyə cəlb edilir, dövlət tərəfindən bu kateqoriyadan olan ailələrə dəstək göstərilir. Qeyd olundu ki, muxtar respublikada sahibkarların maliyyə resurslarına çıxış imkanları da sadələşdirilib, aid qurumlar və banklar tərəfindən səmərəli icra mexanizmi müəyyənləşdirilib. 2021-ci ildə muxtar respublikada sahibkarlara 38 milyon manatdan artıq kredit verilib, 142 yeni istehsal və xidmət sahəsi yaradılıb.
    Sahibkarlarla keçirilən tədbirdə əhəmiyyətli məsələlərdən biri də muxtar respublikada sənaye istehsalının inkişafı ilə bağlı deyilən fikirlər idi. Muxtar respublika rəhbəri qeyd etdi ki, istehsal edilən sənaye məhsulunun 93 faizi özəl bölmənin payına düşür. Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması üçün 2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilmiş, bununla bağlı “Tədbirlər Planı” təsdiq olunmuşdur. 
    “Sənaye ili”ndə muxtar respublikanın aidiyyəti dövlət qurumları və sahibkarlıq müəssisələri qarşısında mühüm vəzifələr durduğunu bildirən Ali Məclisin Sədri bu istiqamətdə görüləcək işlərlə bağlı tapşırıqlar da verdi: “Muxtar respublikada daxili bazar təhlil edilməli, İqtisadiyyat Nazirliyi tələbata uyğun yeni istehsal sahələrinin yaradılmasını dəstəkləməli, biznes-planlar tərtib olunarkən rentabellik amili əsas götürülməlidir. Nazirlik 2022-ci ildə sənaye müəssisələrinin fəaliyyətinin genişləndirilməsini, xüsusilə yerli xammala və innovativ layihələrə əsaslanan müəssisələrin qurulmasını, emal sənayesi müəssisələrinin yaradılmasını davam etdirməli, Şərur Sənaye Məhəlləsində işlər başa çatdırılmalıdır”. 
    Bununla yanaşı, muxtar respublikada istehsal olunan məhsulların çeşidinin, keyfiyyətinin və ixrac imkanlarının artırılması, tələbatı idxal hesabına ödənilən məhsulların yerli istehsalının təşviq olunması, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi və daxili bazarın qorunması barədə verilən tapşırıqlar, ümumilikdə, 2022-ci ildə iqtisadi sahədə görüləcək işlərin istiqamətini, iqtisadi inkişaf strategiyasını müəyyənləşdirir.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 08.02.2022 19:42