AZ EN RU

Sahibkarların hərtərəfli fəaliyyətinə şərait yaradılır, yeni istehsal və xidmət sahələrinin sayı artır

    Muxtar respublikamızda uğurla fəaliyyət göstərən sahibkarlıq subyektlərindən biri də “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu müəssisənin istehsal etdiyi məhsullarla, demək olar ki, çoxumuz tanışıq. Müxtəlif əmtəə nişanı adı altında bu müəssisənin bazara çıxardığı yüksəkkeyfiyyətli ərzaq məhsulları müştərilər tərəfindən həvəslə alınır. 

    “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru Teymur Rzayevin sözlərinə görə,  bu qurumun əsası 1995-ci ildə qoyulmuşdur. 1998-ci ilin avqust ayında qənd istehsalı üzrə ilk istehsal müəssisəsi qurulub. Sonrakı illərdə ölkədə aparılan uğurlu iqtisadi siyasət sahibkarlığın, eləcə də bu istehsal müəssisəsinin inkişafına təkan verdi: – Muxtar respublikamızda yaradılmış əlverişli biznes mühitindən faydalanaraq biznes sferamızı genişləndirmək məqsədilə 2003-cü ildə Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsində iştirak etdik. Neçə illər fəaliyyətsiz qalan və bütün avadanlıqları sıradan çıxan müəssisəni yenidən qurduq. Müasir standartlara cavab verəcək, yüksəkkeyfiyyətli məhsul istehsal etmək üçün avadanlıqlar alınaraq quraşdırıldı. Naxçıvanın bu məşhur brendi ölkəmizin sərhədlərini çoxdan aşaraq Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Latviya, Türkmənistan və digər ölkələrdə tanınsa da, işə yenilikçi yanaşmaqla, istehsalda yeni texnologiyanın tətbiqi nəticəsində uğur qazandıq. “Sirab” əmtəə nişanı ilə qazlı və qazsız su istehsalı uğurla davam etdirilməkdədir. 
    Müsahibim deyir ki, müəssisəmiz sadə işçidən tutmuş direktora qədər hamının mövcud biznesin uğuru üçün doğma münasibət göstərdiyi böyük bir ailədir. Özəl sektorun əsas qanunlarından biri də məhz budur. Əgər sahibkar işində diqqətli olsa, maddi resurslara qənaətlə yanaşsa, maliyyə vəsaitlərindən səmərəli istifadə olunmasını təmin etsə, dövlətin dəstəklədiyi real layihələrə üstünlük versə, hökmən öz biznesində uğur qazanacaqdır. Bu həm də sahibkarların muxtar respublika iqtisadiyyatının gücləndirilməsi, onun daha da şaxələndirilməsi istiqamətində daşıdığı bir məsuliyyətdir. Teymur Rzayev onu da vurğuladı ki, sahibkarlığa kiçik istehsal sahəsi ilə başlayıb, bunu böyük bir şirkətə çevirməyə nail olub. Əgər dövlətin dəstəyi, qayğısı olmasaydı, bunun öhdəsindən gəlmək qeyri-mümkün idi. 
    Sahibkar onu da qeyd edir ki, müəssisə öz fəaliyyətini iki əsas istiqamətdə – gündəlik tələbat mallarının topdan satışı və qida məhsullarının istehsalı sahəsində quraraq yarandığı gündən indiyədək böyük bir inkişaf yolu keçmişdir. Dövlət tərəfindən kreditlərin verilməsi “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin də fəaliyyətini genişləndirib. Belə ki, bu kreditlər hesabına cəmiyyətin müasir istehsal və emal müəssisələri yaradılıb. Hazır­da müəssisədə gündəlik istehsal gücü 18 ton olan kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi, qovrulması və paketlənməsi, 7 ton qənd, 2,4 ton vafli, peçenye, biskvit və digər qənnadı məmulatlarının, 45 gündə 135 ton quş ətinin istehsalı, saatda 1500 baş toyuq kəsimi həyata keçirilir.
    Müəssisənin istehsal sahələrindən biri olan “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti də öz məhsulları ilə alıcıların rəğbətini qazanıb. Məlumat üçün bildirək ki, cəmiyyətə Nахçıvаn şəhərində sənаyе şəhərciyi üçün аyrılmış ərаzidə inzibаti binа, istеhsаl sahəsi, yеməkхаnа və digər yardımçı binalar tikilib istifаdəyə vеrilib, 2011-ci ildən vafli istehsalı ilə fəaliyyətə başlayan müəssisədə 2013-cü ildə peçenye istehsalı sahəsi yaradılıb. Müəssisədə istеhsаl оlunаn məhsullаrın хаmmаl еhtiyаtı, əsаsən, daxili imkanlar hesabına ödənilir ki, bu da аqrаr sеktоrun inkişаfınа, eləcə də torpaq mülkiyyətçilərinin alıcı problemi ilə üzləşməməsinə öz müsbət təsirini göstərir. 
    Qeyd edək ki, istehsal sahələrindən biri olan “Ləzzət Broyler” Məhdud Məsuliyyətli Cəmiyyəti  Naxçıvan Muxtar Respublikasında ən iri quş əti istehsalçılarındandır. Müasir avadanlıqlarla təmin olunmuş müəssisədə “Ləzzət Broyler” markası altında mövcud bazar tələbatına uyğun olaraq bir sıra məhsullar istehsal edilir. Sanitar-gigiyenik qaydalara və texnoloji proseslərə ciddi əməl olunan müəssisədə quşların bəslənilməsindən tutmuş satışa çıxarılmasınadək bütün texniki normalara ciddi riayət edilir. Davamlı olaraq yeni texnologiyaları tətbiq edən “Ləzzət Broyler” Məhdud Məsuliyyətli Cəmiyyəti hər zaman keyfiyyətə üstünlük verərək bazar payının artmasına, rəqabətə davamlı məhsul istehsalı ilə digər istehsalçılardan öndə olmağa çalışır. 
    Dövlət dəstəyindən bəhrələnən müəssisənin tərkibinə yeni istehsal sahələri də qatılır. Belə ki, bu ilin may ayının 27-də “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində yeni “Kağız Məhsulları İstehsalı” sahəsi fəaliyyətə başlayıb, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu münasibətlə keçirilən tədbirdə iştirak edərək istehsal prosesi ilə yaxından maraqlanıb. Yeni istehsal sahəsinin yaradılması üçün 2 milyon 570 min 502 manat vəsait ayrılıb. Bu vəsaitin 550 min manatını dövlət maliyyə dəstəyi təşkil edir. Türkiyə istehsalı olan müasir avadanlıqlar vasitəsilə istehsal və paketləmə prosesi tam avtomatlaşdırılıb. Müəssisədə 5 istehsal xətti fəaliyyət göstərir. 4 növdə, 8 çeşiddə və müxtəlif ölçülərdə salfet, 1 növdə karton-rulon istehsalı həyata keçirilir. Salfet istehsalı avadanlıqlarının istehsal gücü saatda 300-350 ədəddir. Karton-rulon istehsalı isə tələbata uyğun təmin edilir. Müəssisədə istehsal olunan məhsulların xammalı Türkiyə Respublikasından alınır və 100 faiz sellüloz maddələrdən əldə edilir. Alternativ xammal tədarükü məqsədilə Rusiya Federasiyasının müvafiq şirkəti ilə danışıqlar aparılır. Yeni istehsal müəssisəsində 20 nəfər işlə təmin olunub və satışdan asılı olaraq işçi sayının artırılması planlaşdırılır.     Yaxın günlərdə “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində şərab istehsalı müəssisəsi də fəaliyyətə başlayacaq. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi burada aparılan tikinti və quraşdırma işləri ilə tanış olaraq tövsiyələrini verib. Müəssisə istehsal, qablaşdırma, laboratoriya və anbar sahələrindən ibarətdir. İstehsal sahəsində və laboratoriyada Türkiyə, Danimarka, ABŞ, Avstriya və Almaniya istehsalı olan müasir avadanlıqlar, eləcə də Rusiya istehsalı olan gümüş filtrlər quraşdırılacaq. İstehsal gücü saatda 5 min butulka və ya günlük 20 ton məhsul olacaq müəssisədə ilkin olaraq 4 çeşiddə araq istehsal ediləcək. Növbəti mərhələdə isə şərab, viski və konyak məhsullarının da istehsalı nəzərdə tutulur. 
    Şirkətin xarici əlaqələrindən danışarkən onu da qeyd etmək yerinə düşər ki, hazırda şirkət bir sıra xarici ölkələrin 50-dən artıq istehsalçı firma ilə əməkdaşlıq edir. Bununla yanaşı, qənd istehsalı, çərəz və dənli malların emalı və qablaşdırılması sahəsində də istehlakçıların maraq və tələbləri təmin olunur. Xammal kimi yerli məhsullara üstünlük verilir. Şirkət bir çox beynəlxalq sərgilərdə də muxtar respublikanı layiqincə təmsil edir. 
    Qeyd edək ki, yaxın günlərdə Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” sərgilərində “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti 3 adda 300-ə yaxın məhsulla iştirak edib. Şirkət bir neçə dəfə bu kimi sərgilərdə öz məhsullarını nümayiş etdirib.
    Prezident cənab İlham Əliyevin yaxın günlərdə təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların digər bazarlara ixracını təşviq etmək məqsədilə logistik dəstək verilməsi, ixrac coğrafiyasının şaxələndirilməsi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsullardan istifadənin təşviq edilməsi öz əksini tapmışdır. İnanırıq ki, haqqında söhbət açdığımız müəssisə də Dövlət Proqramının icrasından öz töhfəsini alacaq. 

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 23.06.2023 18:41