AZ EN RU

“Sahibkarlara Dəstək Konfransı”nın iştirakçıları: yerli sahibkarlara dəstəyimiz davam edəcək

Bu gün Naxçıvan Biznes Mərkəzində dövlət-özəl tərəfdaşlığına həsr edilmiş  “Sahibkarlara Dəstək Konfransı”nın iştirakçıları həyata keçiriləcək layihələrlə bağlı  “Şərq qapısı” qəzetinə müsahibə veriblər.

Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Natali Mouravidze: Naxçıvanda keçirilən bu tədbirdən çox məmnunuq. Hesab edirik ki, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin bu tədbirdə iştirakı muxtar respublikadakı özəl şirkətlərin  maliyyə çıxışlarına yeni dəstək olacaq. Həmçinin yerli sahibkarlara maliyyələşdirmə ilə bərabər, məsləhət xidmətləri də göstərməyə hazırıq. Bu, Naxçıvan Muxtar Respublikasına ilk səfərimizdir. Bundan sonra da naxçıvanlı sahibkarlarla görüşməyə, onların maliyyə imkanlarını müəyyənləşdirməyə və ehtiyaclarının təmin olunmasına öz dəstəyimizi davam etdirəcəyik.  

“AccessBank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü, KOB və Pərakəndə Bankçılıq üzrə icraçı direktor İlkin Quliyev: Naxçıvanlı sahibkarlarla keçirilən bu konfrans Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, “AccessBank”Açıq Səhmdar Cəmiyyəti və Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyi tərəfindən birgə təşkil olunub. Əsas məqsəd Naxçıvanda biznes mühitinə dəstək olmaqdır. Bunun üçün bank tərəfindən Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün özəl aksiyamız olacaq, onlara endirimli bank xidmətləri təklif olunacaq.

Qeyd edək ki, İlkin Quliyev “AccessBank”Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının fəaliyyətinin genişləndiriləcəyini, bunun da nəticəsində yeni iş yerlərinın açılacağını bildirib və bank sektorunda özünü görmək istəyən naxçıvanlı gəncləri filiala müraciət etməyə dəvət edib.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 08.05.2024 19:03