AZ EN RU

Sahibkarlar üçün maarifləndirici tədbirlər keçirilib

    Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar üçün “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər”lə bağlı maarifləndirici görüşlər keçirilib. 
    Çıxışlarda bildirilib ki, sosial xarakterli güzəştlərdən ən önəmlisi şəhid olmuş şəxslərin ailə üzvlərinə və hərbi əməliyyatlar nəticəsində sağlamlıq imkanları məhdudlaşmış hərbi qulluqçulara və mülki şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamı olaraq bu kateqoriyaya aid fiziki şəxslərə verilən və məqsədli təyinatından asılı olmayaraq, maddi yardımların 20000 manatadək olan hissəsinin gəlir vergisindən azad olunmasıdır.  Nəzərə çatdırılıb ki, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi istiqamətində edilmiş dəyişikliyə əsasən 2022-ci ilin 1 yanvar tarixindən 3 il müddətində kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə qaydada satışı zamanı əlavə dəyər vergisinin (ƏDV) ticarət əlavəsindən hesablanması, habelə kənd təsərrüfatı texnikalarının operativ lizinqə verilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı aqrotexniki xidmətlər ƏDV-dən azad olunub. Bu sahədə Vergi Məcəlləsinə edilmiş daha bir dəyişikliyə uyğun olaraq elektron kitablar təşkil edilməklə, KİV məhsullarının və kitabların, habelə dərslik komplektlərinin idxalı və satışı, həmin məhsulların istehsalı ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı ƏDV-dən azad olunub. Bundan əlavə, reklam xidmətləri istisna olmaqla, KİV məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti ƏDV-dən azad edilib.
    Diqqətə çatdırılıb ki, insanların zərərli vərdişlərdən uzaqlaşdırılması məqsədini daşıyan vergitutma bazasının genişləndirilməsi istiqamətində məcəlləyə edilmiş dəyişikliyə əsasən 2022-ci il 1 yanvar  tarixdən Azərbaycan Respublikasında istehsal olunan içməli spirtin, arağın, tündləşdirilmiş içkilərin və tündləşdirilmiş içki materiallarının, lükörün və lükör məmulatlarının, konyak və konyak materiallarının hər litrinə görə aksiz dərəcəsi artırılıb.
    Keçirilən tədbirlərdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
 Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 17.02.2022 20:31