AZ EN RU

Sahibə Qafarova Gürcüstanın Müstəqillik günü münasibəti ilə keçirilən tədbirdə çıxış edib

Heydər Əliyev Mərkəzində Gürcüstanın milli bayramı – Müstəqillik günü münasibəti ilə tədbir keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova da iştirak edib.
Tədbiri giriş sözü ilə Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze açıb.
Milli Məclisin sədri Sahibə Qafarova dost və qardaş Gürcüstanın Müstəqillik günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.
Spiker çıxışında deyib ki, Gürcü və Azərbaycan xalqlarının tarixi talelərində oxşar cəhətlər çoxdur. Ötən əsrin əvvəllərində biz təqribən eyni vaxtda dövlət müstəqilliyimizi elan etmişdik. O zaman Gürcüstanda qurulmuş demokratik respublika gürcü xalqının dövlətçilik ənənələrinin inkişafında müstəsna rol oynayıb.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, bugünkü müstəqil Gürcüstan iyirminci əsrin əvvəllərində başa çatdırılmamış işləri uğurla davam etdirir və inamla inkişaf edir. Ölkənin sosial-iqtisadi tərəqqisi, xalqın rifah halının yaxşılaşdırılması və gələcəyinin təmin olunması istiqamətində düşünülmüş siyasət həyata keçirilir
Milli Məclisin sədri vurğulayıb ki, təhsil, elm, mədəniyyət sahəsində görülən işlər, xüsusən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələr xalqlarımızın bir-birini daha da yaxından tanımasına imkan yaradır.
O vurğulayıb ki, Azərbaycanla Gürcüstan arasında mövcud olan bugünkü münasibətlər region ölkələri arasında sıx əməkdaşlığın nə dərəcədə əhəmiyyətli və faydalı olmasının bariz nümunəsidir. Möhkəm təməllər üzərində qurulan dostluğumuz və tərəfdaşlığımız qarşıdakı illərdə daha da sürətlə inkişaf edəcək, xalqlarımızın tərəqqisinə xidmət edəcək.

Nəşr edilib : 25.05.2024 09:53