AZ EN RU

Sahə baytar məntəqələrinin özəl baytarlıq xidməti fəaliyyətinə keçirilməsi əhəmiyyətli addımdır

    Muxtar respublikada heyvandarlıq sahəsində əldə olunan nailiyyətlər əhalinin yerli ət və ət məhsulları, süd və süd məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayır. Bu baxımdan, baytarlıq xidmətinin müasir tələblərə uyğun qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi dövlətimizin əsas məqsədlərindəndir.  Xidmətləri fermerlər üçün daha əlçatan etmək, rəqabət mühitində göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə davamlı islahatlar aparılır. Belə islahatlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 4 oktyabr tarixli “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanıdır.  
    Həmin fərmanın icrasını təmin etmək məqsədilə ilkin olaraq Sədərək Rayon Baytarlıq İdarəsi üzrə bu tədbirlərə start verilmiş və mərhələli şəkildə Naxçıvan şəhəri, Kəngərli, Ordubad, Culfa, Babək, Şərur və Şahbuz rayonlarında fərdi baytarlıq xidmətləri göstərilməsinə keçid etmişdir. Fərdi baytarlıq fəaliyyəti üçün ali və orta ixtisas təhsilli baytar həkimlər Dövlət Baytarlıq Xidməti tərəfindən qeydiyyata alınaraq onlarla müqavilə bağlanmış, bu sahədə fəaliyyət göstərmələri təmin olunmuşdur. 
    Özəl baytarlıq xidmətinə keçilməsinin əsas məqsədi  baytarlıq xidmətinin strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun təkmilləşdirilməsi, daha keyfiyyətli baytarlıq xidmətinə nail olunmaqla qida təhlükəsizliyinin yaxşılaşdırılması və nəticədə, insan və heyvan sağlamlığının təmin edilməsi, baytar həkimlər arasında rəqabət mühitinin formalaşdırılması ilə onların bilik və bacarıqlarının artırılması, heyvandarlıqla məşğul olan fermerlərin daha keyfiyyətli və səmərəli baytarlıq xidmətlərinə çıxışının təmin edilməsi, baytar həkimlərinin daha yüksək gəlir əldə etmələri üçün imkanların yaradılması və baytarlıq peşəsinin nüfuzunun artırılması, bu sahəyə gənc kadrların cəlb olunmasıdır.
    Fərdi baytarlıq xidmətinə  keçiddən sonra profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşən xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan tədbirlərin icrası (peyvəndlənmə, qan nümunələrinin toplanması və sair) xidməti müqavilə əsasında fərdi baytar həkimlər tərəfindən həyata keçirilməyə başlanılmışdır. Aparılan tədbirlərə görə, ödənişlər dövlət vəsaiti hesabına həyata keçirilir. Fermerlərin  vəsaiti hesabına maliyyələşən digər xəstəliklər isə fərdi baytarlarla fermerlər arasında müqavilə və ya razılaşma əsasında ödənişli şəkildə həyata keçirilir. 

Hüseyn MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin əməkdaşı

Nəşr edilib : 08.06.2022 20:22