AZ EN RU

Şahbuzdan Sankt-Peterburqa uzanan körpü

Şuşam mənim

    Qarabağın ürəyi, yurdumun bəzəyisən, 
    İgidlərin məskəni, yerlərin göyçəyisən,
    Çiçəklərin incəsi, sən Xarı çiçəyisən.
    Alınmaz qalam mənim, 
    Qürurum, Şuşam mənim.

Muğamın beşiyisən, Üzeyirin bəstəsi,
Xan əminin “Zabul”u, Cabbarın “Şikəstə”si,
Bülbülün həzin səsi, Rəşidin zümzüməsi,
Mədəniyyət ocağım, 
Varlığım, Şuşam mənim.

    Vaqifin şeiriyyəti, Natəvanın qəzəli,
    Qarabağın incisi, Azərbaycan gözəli!
    Xan bağının ətirli xarıbülbül çiçəyi,
    Cıdır düzüm, Topxanam, 
                   İsa bulağım mənim. 
    Cənnətməkanım mənim, 
    Qürurum, Şuşam mənim.

Cismən ayrı yaşadıq, səndən ayrı olmadıq,
Bu illərdə bir an da biz səni unutmadıq,
Həmişəlik qayıtdıq, uzun həsrəti atdıq.
Şükür qovuşdurana, 
Cənnətməkanım mənim,
Varlığım, Şuşam mənim.

Müslüm Muradov

    Müasir dövr Azərbaycan tarixi istər Vətənimizdə, istərsə də onun hüdudlarından kənarda yaşayan həmvətənlərimizin bir yumruq kimi birləşib vahid məqsəd uğrunda mübarizəsi ilə xarakterizə olunur. Taleyin hökmü ilə dünyanın müxtəlif yerlərində yaşayıb fəaliyyət göstərən azərbaycanlılar harada olmalarından asılı olmayaraq, həmişə ana Vətən Azərbaycanla nəfəs alıb, onun uğuruna sevinib, dar günündə həmrəy olmağa can atıblar. Belə həmvətənlərimizdən biri də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan Müslüm Muradovdur. Həmrəylik ayında Müslüm müəllimlə əlaqə saxlayıb qəzetimiz üçün yazı hazırlamaq niyyətimizi bildirəndə çox sevindi. 
    Müslüm müəllimlə, təxminən, 13 il əvvəl, 2010-cu ilin yayında dövlət tədbirində iştirak üçün Naxçıvana dəvət edilmiş Sankt-Peterburqda çalışan elm və iş adamları ilə bir görüşdə tanış olmuşduq. Daha sonra beynəlxalq konfransla əlaqədar Sankt-Peterburqa səfərim zamanı dəyərli ziyalımızla daha yaxından tanış olub, onun bir azərbaycanlı kimi təəssübünü görmüşdüm. O zaman yenicə müdafiə etmiş bir həmyerlisinin Beynəlxalq Turizm Akademiyasının konfransında iştirak etmək üçün Naxçıvandan Rusiyanın mədəniyyət paytaxtına səfər etməsinin Müslüm müəllimi nə qədər sevindirdiyini indi də xatırlayıram. Ona görə də bu dəfə onun fəaliyyəti haqqında bir yazı yazmaq fikrimi bildirəndə həmin köhnə xatirələr yenidən canlandı. 
    Müslüm Sultan oğlu Muradov 1971-ci il avqustun 14-də Qərbi Azərbaycanın Dərələyəz mahalının Qaraqaya kəndində anadan olub. 1978-ci ildə atasının başqa işə keçməsi ilə əlaqədar ailəsi Naxçıvana, Şahbuz rayonunun Ayrınc kəndinə köçüb. Burada orta məktəbi əla qiymətlərlə bitirəndən sonra 1988-ci ildə ozamankı Leninqrad İnşaat Mühəndisləri İnstitutuna daxil olub, 1996-cı ildə Sankt-Peterburq Memarlıq-İnşaat Universitetini Sənaye və mülki tikinti mühəndisliyi ixtisası üzrə bitirib. Həmin ildə Sankt-Peterburq Memarlıq-İnşaat Universitetində aspiranturaya qəbul olub. Burada gənc aspirant Müslüm Muradov professor Boris Mixaylovun elmi rəhbərliyi ilə 2001-ci ildə “Kontrplak borulardan istifadə etməklə plitə-konstruksiyaların təkmilləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib və universitetdə elmi fəaliyyətə başlayıb. Elmi işlə yanaşı olaraq 1996-cı ildə “İnterles” Məhdud Məsuliyyətli Cəmiyyəti şirkətini quraraq bu günə qədər baş icraçı direktor kimi uğurlu biznes fəaliyyətini də davam etdirir. Hazırda Sankt-Peterburq şəhərində yaşayır, elmi fəaliyyəti ilə yanaşı, xeyriyyəçi və ictimai işlərdə də fəallığı ilə yaxşı tanınır.  
    Müslüm müəllim tanınmış ziyalı və uğurlu iş adamı olmaqla yanaşı, əsl diaspor fəalı, ölkəmizi hər yerdə dəstəkləyən vətənpərvərdir. O bu fəaliyyətini, necə deyərlər, vaxtı olanda deyil, gündə­lik iş planına daxil olan təşkilati işlər qaydasında həyata keçirir. Şübhəsiz, 380 minə yaxın üzvü olan Sankt-Peterburq Azərbaycan diaspor təşkilatının qurucularından biri və rəyasət heyətinin üzvü kimi onun bu sahədəki fəaliyyəti də çoxşaxəli olmalıdır. Belə ki, Sankt-Peterburqda yaşayan və fəaliyyət göstərən Azərbaycan diasporunun Rusiyada ən aktiv olması və nüfuz qazanması burada təmsil edilən həmyerlilərimizin daim birlik içində olmaları, onların bütün məsələlərdə vahid bir ailə kimi toplanıb yekun fikrə gəlmələri ilə sıx bağlıdır. Müxtəlif illərdə onun da fəal üzvü olduğu Sankt-Peterburqdakı diasporumuz Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişafı və stabilliyi üçün xeyli işlər görmüş, ölkəmizdən 3 min kilometr uzaqda bir çox hallarda çətinliklərlə qarşılaşsalar da, bu şəhərdə və vilayətin digər bölgələrində Azərbaycan reallıqlarını dünyaya çatdırmaq məqsədilə elmi konfranslar, milli folklor konsertləri, incəsənət proqramları, muğam tədbirləri, teatr tamaşaları, poeziya axşamları təşkil etmiş, 20 Yanvar və Xocalı soyqırımı günlərində anım tədbirləri keçirmişlər.  
    Ötən dövrdə Sankt-Peterburq Azərbaycan diasporu üçün ən yaddaqalan mühüm hadisələr, şübhəsiz, 2002-ci ildə Ümummilli Liderimiz Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Sankt-Peterburq şəhərində görkəmli şairimiz Nizami Gəncəvinin abidəsinin açılışı və 2005-ci ildə dövlət başçımız cənab İlham Əliyevin iştirakı ilə Ulu Öndərin 1949-1950-ci illərdə ali təhsil aldığı, şəhərin Qoroxovaya küçəsində yerləşmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin ali məktəbinin binasına xatirə lövhəsinin vurulması tədbirləri olmuşdur. Bundan ruhlanan diaspor üzvləri fəallıqlarını daha da artıraraq 2008-ci ildə Mədəni İnformasiya Mərkəzi – “Naxçıvan” Cəmiyyəti yaradır və Müslüm müəllim də həmin təşkilatın sədrinin birinci müavini seçilir. Bu təşkilatın yaradılmasının tarixçəsi isə olduqca maraqlıdır. Belə ki, Moskvada güclü olan erməni diasporu o dövrdə “Naxçıvan” adlı üzdəniraq bir kilsə tikmək qərarına gəlir və hətta bu adla bir neçə veb-sayt da yaradırlar. Buna cavab olaraq Sankt-Peterburq Azərbaycan diasporun tərəfindən “Naxçıvan” Cəmiyyəti yaradılaraq saxta erməni təbliğatı ifşa olunur. 2011-ci ildə isə Müslüm Muradov Dünya Azərbaycanlılarının III Qurultayında Sankt-Peterburq diaspor heyətinin üzvü kimi iştirak edərək milli diaspor hərəkatındakı həmvətənlərimiz arasında əlaqələrin güclənməsinə öz töhfəsini vermişdir.  
    Müslüm Muradov hərtərəfli fəaliyyəti ilə ölkəmizi onun hüdudlarından kənarda layiqincə təmsil edən azərbaycanlılardandır. O, gənclərin dostu, sənət, poeziya həvəskarı və ən vacibi xaricdə ölkəmizə antitəbliğat aparanlara qarşı  mübarizənin də fəal üzvüdür. Diaspor üzvləri təkcə Sankt-Peterburq vilayətində deyil, Rusiyanın digər yerlərində yaşayan həmyerlilərimizə kömək etmək, xüsusən tələbələrin təhsil almasında və gələcəkdə ölkəmizə faydalı insanlar kimi yetişməsində dəstək göstərməkdə həmişə həmrəydirlər. Elə Müslüm müəllimin iki oğlu – Coşqun və Ramal da Sankt-Peterburqun tanınmış universitetlərini magistr dərəcəsi ilə bitirərək burada mühüm mövqelər tutmağa müvəffəq olub və hətta Sankt-Peterburq Azərbaycan Gənclər Birliyinin idarə heyətinin üzvləri seçiliblər. 
    Ölkəmizə qarşı 30 il ərzində davam etmiş erməni işğalı harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının ürəyinin yarası olub. Soydaşlarımız erməni faşizminin başının əzilməsini həsrətlə gözləyib və 2020-ci ilin 8 noyabrında arzuladıqları həmin o günə qovuşublar. Ermənistanın ağ bayraq qaldırıb təslim olduğu Böyük Zəfər Gününə gedən yolda Ali Baş Komandanımızın rəhbərliyi ilə döyüşə atılan qəhrəman əsgərlərimizin şücaəti qürbətdəki azərbaycanlıların da qürur mənbəyi, dilinin əzbəri olmuşdur. Qələbəmizdən sonra Rusiyada yaşayan ən böyük Azərbaycan diasporu təşkilatlarından biri olan Sankt-Peterburqdakı azərbaycanlılar da xalqımızın sevincini qürurla bölüşürdülər. Çünki onlar da digər fəal soydaşlarımız kimi dəfələrlə Rusiyada güclü olan erməni lobbisinin təxribat cəhdlərinin qarşısını almaq üçün yayılan əsassız və feyk xəbərlərə, qərəzli çıxışlara, Azərbaycanın qarşılaşdığı ədalətsizliklərə qarşı etiraz edirdilər. Sankt-Peterburqdakı diaspor üzvlərinin dəstəyi ilə Rusiya Yazıçılar İttifaqının üzvü İqor Pompeyevin yazdığı “20 Yanvar hadisələrinin acı həqiqətləri” adlı kitabın geniş tirajda çap olunması bu baxımdan diqqətçəkicidir. Ayrıca olaraq şair təbiətli Müslüm müəllimin Böyük Zəfərimizlə bağlı qələmə aldığı şeirləri də dostları, onu tanıyanlar tərəfindən həvəslə oxunub paylaşılır. 
    Müslüm Muradov Rusiyada yaşayan milyonlarla azərbaycanlıdan biridir. Təhsili, işi və biznesi ilə əlaqədar o ilıq Baltik sahillərini seçsə də, özü və yaxınları üçün isti ana qucağı – Azərbaycan həmişə doğma və əzizdir. İlin, günün hansı dövrü olsa da, Muradovlar ailəsi üçün Şahbuzdan Sankt-Peterburqa uzanan etibarlı bir körpü vardır. Bu, Ulu Öndər Heydər Əliyevin xalqımıza miras qoyduğu dünya azərbaycanlılarının həmrəylik bağıdır. Həmrəylik ayında Müslüm müəllimin “Şərq qapısı” qəzetinin dəyərli oxucularına hədiyyəsi isə onun vətənpərvərlik ruhu dolu şeirləridir. 

Əli CABBAROV

Nəşr edilib : 14.12.2023 18:24